Məhkəmə qərarları › İş №2(057)-2123/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2123/2024

03.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2123/2024 03.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2018-ci il tarixdə nikahdan kənar doğulmuş övladlarının doğum faktının müəyyən edilməsini, adının X5, ata adının Ərizəçi2, ana adının Ərizəçi1 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, el adəti ilə toy edərək nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar. Onların faktiki nikahlarından 14 sentyabr 2018-ci il də ev şəraitində oğlan övladı doğulmuş və tərəflərindən ona Hikmət adı verilmişdir. Lakin vaxtında doğum faktının qeydiyyata alınması təmin edilməmiş, hazırda isə tələb olunan sənədlərin əldə edilməsi və bu faktın inzibati qaydada müəyyən olunması qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. Oğlu - Hikmətin doğum faktının qeydə alınmaması səbəbindən onun üçün şəxsiyyət vəsiqəsi ala bilməmiş və bu səbəbə görə onun qanunvcericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaranmışdır. Eyni zamanda məsələnin inzibati qaydada həllini təmin etmək məqsədilə övladları - Hikmətin doğum faktının qeydə alınması üçün Salyan rayon Regional Asan Xidmət Mərkəzinə müraciət etmiş, lakin həmin qurumdan verilmiş rəsmi cavabda, doğumun qeydiyyatından imtina olunaraq məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Onların oğlunun doğumunun qeydə alınması, doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin alınması üçün lazımdır. Onların Hikmətdən sonra 28 yanvar 2024-cü il tarixdə X6 adlı uşaqları doğulmuş, daha sonra atalığının müyyən edilməsi haqqında şəhadətnamə almışlar. 15 mart 2024-cü il tarixdə isə Salyan Regional “ASAN xidmət” X4 rəsmi nikaha daxil olmuşlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 qızı izahat verərək bildirmişdir ki, ərizəsini müdafiə edir, uşaq Muğan çölündə yerləşən Gülmirzə adlı şəxsə məxsus fermada ev şəraitində doğulmuşdur, doğuşu anası aparmışdır, həmin ferma ərazisi Sarvan kəndinə daxildir. O, Sabirabad rayonunda çoban işləyir. Onların iki övladı var, ikinci uşaqlarının sənədi var, lakin böyük uşağın - 14 sentyabr 2018-ci il təvəllüdlü Hikmət adlı uşağının sənədi yoxdur. Odur ki, ərizəsinin təmin olunmaqla 14 sentyabr 2018-ci il tarixdə nikahdan kənar doğulmuş övladlarının doğum faktının müəyyən edilməsini, adının X5, ata adının Ərizəçi2, ana adının Ərizəçi1 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ İİ 604029 saylı X2 ksero surətindən görünür ki, Ərizəçi2 və Ərizəçi1 nikahlarını Salyan regional “ASAN xidmət” X4 15 mart 2024-cü il tarixli 120 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan Atalığın Müəyyən edilməsi Haqqında Şəhadətnamənin ksero surətindən görünür ki, Ərizəçi2 xx.xx.20224-cü ildə vətəndaş Ərizəçi1 doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi1 ünvanlanmış 28 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, görülmüş tədbirlər üzrə "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1999-cu il təvəllüdlü Ərizəçi1 xx.xx.2018-ci ildə doğulmuş oğlan övladının doğum haqqında akt qeydi aşkar olunmamışdır. Müraciətinizdə irəli sürülən tələblə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində müraciət edilməli və doğumun qeydiyyatı üçün həmin qaydanın 2.5-ci bəndində sadalan sənədlər təqdim olunmalıdır. Həmin qaydanın 2.5.3-cü bəndinə görə bu sənədlər siyahısına həm doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.23-cü bəndinə görə isə müəyyən olunmuş müddətdə qeyd olunmamış 16 yaşına çatanadək müraciət edildikdə həm də uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrinin arayışları daxildir. Həmin Qaydanın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarında olan Hamilə və Zahının 336 nömrəli Tibbi Kitabçasından görünür ki, Ərizəçi1 hamiləlik dövründə X1 qeydiyyatda olmuş, həkim nəzarətində olmaqla ayrı-ayrı vaxtlarda tibbi müayinlərdən keçmiş, bu onun ilk hamiləliyi olmuş, doğuşun müddəti xx.xx.2018-ci il tarixi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ərizəçilər Ərizəçi1 ilə Ərizəçi2 el adəti ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar və onların birgə yaşayış dövründə 14 sentyabr 2018-ci ildə ev şəraitində oğlan uşaqları doğulmuş, doğum ev şəraitində olmuş, lakin doğum faktı rəsmiləşdirilməmişdir. Ərizəçi1 hamiləlik dövründə X1 qeydiyyatda olmuş, həkim nəzarətində olmaqla ayrı-ayrı vaxtlarda tibbi müayinələrdən keçmişdir. Salyan regional “ASAN xidmət” X4 15 mart 2024-cü il tarixli 120 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Ərizəçilərin 28 yanvar 2024-cü il tarixdə X6 adlı uşaqları doğulmuş, daha sonra atalığının müyyən edilməsi haqqında şəhadətnamə almışlar. Ərizəçilər Salyan rayon Regional “ASAN xidmət” mərkəzinə müraciət edərək 14 sentyabr 2018-ci ildə ev şəraitində doğulmuş oğlan uşağının qeydiyyata alınmasını xahiş etmişlər, lakin həmin qurumdan verilmiş rəsmi cavabda, doğumun qeydiyyatından imtina olunaraq məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, azyaşlı uşağın mənafeyini nəzərə alaraq, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi1 14 sentyabr 2018-ci il tarixdə Salyan rayonunda bir oğlan uşağı doğması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi1 14 sentyabr 2018-ci il tarixdə Salyan rayonunda bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Doğum akt qeydinin ata qrafasında Ərizəçi2, ana qrafasında isə Ərizəçi1 yazılsın. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğumun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar