Məhkəmə qərarları › İş №2(057)-2609/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2609/2025

25.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2609/2025 25.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı, Cavabdeh «Azərbaycan Dövlət X4 tabeliyində X8 Xidməti» publik hüquqi X15 X1 İdarəsinin (bundan sonra Salyan Su X1 İdarəsi) nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Salyan Su X1 İdarəsinə qarşı “əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Salyan Su X1 İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyyatlar Agentliyinin tabeliyində X9 Xidməti Publik hüquqi şəxsin X11 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli 57K/1 saylı əmrinin ləğv edilməsi öz vəzifəsinə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli 42/K saylı əmrlə “Azərbaycan Melorasiya və X14 Səhmdar Cəmiyyəti Salyan Suvarma Sistemləri İdarəsi”-də İdarə üzrə 7 dərəcəli texniki operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.2017-cı ildə 63/k saylı əmrlə İdarə üzrə 11 dərəcəli mühəndis operator vəzifəsinə keçrilmişdir. xx.xx.2022-ci il tarixli 63/K saylı əmr ilə 1 (bir) ay sınaq müddəti olmaqla İdarə üzrə 14-cü dərəcəli kadr şöbə rəisi vəzifəsinə keçrildikdən sonra, xx.xx.2022-ci il tarixli 73/K saylı əmrlə kadr şöbə rəisi vəzifəsinə daimi işə keçrilmişdir. xx.xx.2024-ci il tarixində Analıq məzuniyyətinə çıxmışdır. xx.xx.2025-ci il tarixində “Analıq məzuniyyətindən işə qayıtmışdır. Həmin dövürdə idarənin adı dəyişilərək “Azərbaycan Dövlət Su Ehtiyyatlar Agentliyinin tabeliyində X9 Xidməti Publik hüquqi şəxsin X11 Sistemlərinin İstismarı İdarəsi” olmuşdur. İdarəyə yeni idarə rəisi X7 təyin olunmuşdur. İdarə rəisi İlkin Əzizov onu öz vəzifəsinə işə qəbul etməyərək yeni iş təklif etdilər. Məcbur qalıb yeni işi qəbul etdi. xx.xx.2025-ci il tarixli 2K/-1saylı əmrə məni tutduğu 14-cü dərəcəli daimi Kadr şöbə rəisi vəzifəsindən “Hüquq və İnsan resusları şöbəsinə” 8-ci dərəcəli 3 (ay) müddətinə Kadrlar üzrə mütəxəssiz vəzifəsinə keçirildi. xx.xx.2025-ci il tarixində “Əmək müqaviləsininin müddətinin bitməsi barədə xəbardarlıq” məktubu verilərək Əmək məcəlləsininin 73-cü maddəsininin 1-ci hissəsinə əsasən 07 Yanvar 2025-ci il tarixli əmək müqaviləsininin müddəti bitdiyi üçün 07 İyul 2025-ci ildə onunla bağlananan əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. 04 İyul 2025-ci il tarixində Analıq məzuniyyətinə çıxmaq uçün rəhbərliyə ərizə ilə müraciət etdi. Ərizəsinə baxılmadı. xx.xx.2025-ci il tarixində xx.xx.2025ci il tarixli 57K/1 saylı əmrə Azərbaycan Respublikasının Əmək məcəlləsininin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarılması) əmək müqaviləsinə xitam verilmişdir.Azərbaycan Respublikası Əmək məcəlləsinin 68.2-ci maddəsinin “B" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsaslardan biridir. İşəgötürən onunla əmək müqaviləsi bağlayarkən Azərbaycan Respublikası Əmək məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işi daimi xarakterli olmuşdur. Lakin cavabdeh əmək funksiyanın yerinə yetirilməsi şərtlərinin daimi olmasını nəzərə almamış, onunla 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Əmək məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. O mübahisənin mediasiya yolu ilə həll olunması üçün Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya sesiyasında o və cavavdehin nümayəndəsi iştirak etsədə heç bir razılıq əldə olunmamışdır. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli MŞS/MT028/2025/0466A nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bu səbəbdəndə o pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı dəfələrlə barəsində rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirməmiş, etik davranış qaydaların pozmuşdur. Üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirməmişdir. Etik davranış qaydalarını pozduğu üçün ona şiddətli töhmət verilmişdir. Verilən töhmətdən nəticə çıxarmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Kollektiv iddiaçının işləməyinə razı deyil. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Meliorasiya və X13 Səhmdar Cəmiyyəti Salyan Suvarma Sistemləri İdarəsinə 7-ci dərəcəli texnik operator vəzifəsinə, xx.xx.2017-ci il tarixdə həmin idarəyə mühəndis operator vəzifəsinə, xx.xx.2022-ci il tarixdə həmin idarəyə kadr şöbə rəisi vəzifəsinə 1 ay sınaq müddəti ilə, xx.xx.2022-ci il tarixində isə həmin idarəyə 14-cü dərəcəli kadr şöbə rəisi vəzifəsinə daimi işə keçirilmişdir. xx.xx.2025-ci il tarixli, 2k/1 №-li əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Salyan Su X1 İdarəsinə Hüquq və insan resursları şöbəsinə 8-ci dərəcəli 3 ay müddətinə kadrlar üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsi və ona edilən dəyişikliklərdən görünür ki, Salyan Su X1 İdarəsi ilə işçi İddiaçı arasında xx.xx.2017-ci il tarxində əvvəlcə müddətsiz bağlanmış müqavilə sonradan tərəflərin qarşılıqlı razılğı əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2025-ci il tarixinədək müddətli əmək müqaviləsinə çevrilmişdir. xx.xx.2025 ci il tarixli, 57k/1 №-li əmrdən çıxarışın surətindən görünür ki, Hüquq və insan resursları şöbəsinin kadrlar üzrə mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) həmin tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Salyan Su X1 İdarəsində (bundan sonra-İdarə) əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin ünvanına və digər dövlət orqanlarına daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında X6 Xidmətinin Şirvan-Salyan regional şöbəsində baxılmışdır. Müraciətlərinizdə, Sizə əsassız olaraq töhmət verildiyini, qismən ödənişli sosial məzuniyyətə buraxılmadığınızı, 8 aylıq övlad sahibi, habelə əlilliyi müəyyən edilmiş şəxs olduğunuza (orqanizmin funksiyalarının 41-60 faiz pozulması) baxmayaraq İdarə rəhbərliyi tərəfindən əmək müqavilənizin müddətinin uzadılmadığını bildirmisiniz. Tərəfimizdən, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilməklə, Sizinlə İdarə arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlandığı (xx.xx.2025-ci il tarixli dəyişikiliyə əsasən vəzifəniz "kadrlar üzrə mütəxəssis”, müqavilə isə müddətli oimaqia), əmək müqavilənizə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissənina “b” bəndinin (əmək müqaviləsinin müddətinin qurtarması) tələblərinə müvafiq olaraq xitam verildiyi müəyyən olmuşdur. Əmək Məcəlləsinin 73-cü (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) maddəsinin 1-ci hissəsinin tələblərinə müvafiq olaraq əmək müqavilənizin müddətinin bitməsinə azı bir həftə qalmış, xx.xx.2025-ci il tarixdə müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə Sizə yazılı formada bildiriş verilmişdir. İdarə rəisinin xx.xx.2025-ci il tarixli 57k/1 nömrəli əmri ilə əmək müqavilənizə həmin tarixdən xitam verilmişdir (Əmək Məcəlləsi, 68-ci maddə, 2-ci hissə, “b” bəndi). Bildiririk ki, “8 aylıq övladı, habelə orqanizmin funksiyalarının 41-60 faiz pozulması halları” Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sırasında nəzərdə tutulmamışdır. Araşdırma materillarında olan, İdarə rəisinin xx.xx.2025-ci il tarixli 58i/Tnömrəli əmri ilə Sizə intizam qaydalarını pozma səbəbilə töhmət verildiyi müəyyən edilmişdir. İntizam tənbehinin verilməsinə dair həmin “Əmr” İdarə əməkdaşlarının tərtib etdikləri xx.xx.2025-ci il tarixli “Akt”a, bu barədə bilavasitə rəhbərinizin eyni tarixli Təqdimat”ına əsaslanmışdır. Məlum olduğu kimi, Əmək Məcəlləsinin 190-cı maddəsinin 3-cü hissəsinə işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilə cavabdeh Salyan Su X1 İdarəsi xx.xx.2025-ci il tarixdə keçirilmiş mediasiya prosesində iştirak etmiş, lakin onlar mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Salyan Su X1 İdarəsi arasında əvvəllər müddətsiz əmək müqaviləsi bağlandığı halda, xx.xx.2025-ci il tarixdə işəgötürənin təşəbbüsü ilə onunla müddətli əmək müqaviləsi bağlanmış, müqavilə müddəti 3 ay müəyyən edilmişdir. Tərəflər 3 aylıq müddət qurtardıqda əmək münasibətlərini davam etdirmiş, buna görə də Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq müqavilə müddəti eyni müddətlərə uzadılmış, işəgötürən xx.xx.2025-ci il tarixdə əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam vermişdir. İddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvini tələb edir və digər dəlillərlə yanaşı, onunla əvvəlcədən müddətsiz müqavilə olduğu halda müddətli müqavilənin bağlanmasını qanunsuz sayır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. ... İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Həmin Məcəllənin 45-ci maddəsinə əsasən, 1) Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 4) Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5) Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 46.6-cı maddəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-4262/2023 saylı, xx.xx.2023-cü il tarixli “üç ulduzlu” Qərarında qeyd olunmuşdur ki, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi ağlabatan hesab edilmir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə müqavilələrin (razılaşmaların) işəgötürənin təzyiqi altında bağlandığı qənaətinə gəlinir. İddiaçı ilə işəgötürən arasında müddət göstərilmədən əmək müqaviləsi mövcud olduğu halda, onunla yeni müddət göstərilməklə bağlanmış əmək müqaviləsi iddiaçının razılığı ilə bağlanmış müqavilə kimi qəbul oluna bilməz. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hazırki işdə də məhkəmə müəyyən etmişdir ki, iddiaçı sonuncu müqavilə bağlanandan əvvəl müəssisədə müddətsiz əmək müqaviləsi əsasında işləmiş, onun işi daimi xarakterli olmuş, lakin sonradan onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddənin a)-ə) bəndlərində göstərilən əsaslar olmamışdır. Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Həmçinin əmək müqaviləsinin başqa əsaslar üzrə dəyişdirilməsini zəruri edən sübutlar da təqdim olunmamışdır. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın f) bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir. Lakin iddiaçı müddətli müqavilə bağlanarkən təsirə məruz qaldığını bildirmişdir və «qarşılıqlı razılıq» qanunun tələbinə görə, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, yəni 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Hazırki işin həqiqi hallarından açıq-aydın görünür ki, eyni strukturda rəis vəzifəsində çalışan kifayət qədər ixtisaslı işçi ilə 3 ay müddətinə mütəxəssis vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə iddiaçı ilə işəgötürən arasında müddət göstərilmədən əmək müqaviləsi mövcud olduğu halda, onunla yeni müddət göstərilməklə bağlanmış əmək müqaviləsini iddiaçının razılığı ilə bağlanmış müqavilə kimi qəbul olunmasını ağlabatan saymır. Bu baxımdan, məhkəmə cavabdeh tərəfin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi ilə əsaslandırmasını əsaslı saymır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmədiyindən iddia tələbləri təmin edilməlidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Dövlət X4 tabeliyində X8 Xidməti Publik Hüquqi X15 X1 İdarəsinin rəisi İlkin Əzizov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 57 k/1 №-li “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmr ləğv edilməli və İddiaçı həmin idarənin “Hüquq və insan resursları şöbəsinin kadrlar üzrə mütəxəssisi” vəzifəsinə bərpa edilməli, İddiaçı xx.xx.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, həmçinin, hesab edir ki, 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət X4 tabeliyində X8 Xidməti Publik Hüquqi X15 X1 İdarəsinin rəisi İlkin Əzizov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 57 k/1 №-li “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmr ləğv edilsin və İddiaçı həmin idarənin “Hüquq və insan resursları şöbəsinin kadrlar üzrə mütəxəssisi” vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilsin. 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdeh Azərbaycan Dövlət X4 tabeliyində X8 Xidməti Publik Hüquqi X15 X1 İdarəsindən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar