Məhkəmə qərarları › İş №2(057)-3206/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-3206/2025

04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-3206/2025 04.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Maraqlı şəxs X7 ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək fəaliyyətinin müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək fəaliyyətinin müəyyən olunması» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxxx 1960-cı ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuşam və hazırda da həmin kənddə yaşayır. Möhtərəm məhkəmə! O ərizəçi güzəştli pensiya təyinatı üçün vaxtilə uzun müddət işlədiyi müəssisəyə güzəştli staj barədə arayış verməsi üçün müraciət etmişdir. Həmin müəssisənin rəhbərliyi o dövrlər üçün sənədlərin itdiyini bəhanə gətirərək, guya əmək stajını təsdiq edən sənədlərin olmaması səbəbilə belə bir arayış verilməsini mümkün saymamışdır. O ərizəçi məcbur qalıb məhkəməyə müraciət etməli oldu. Möhtərəm məhkəmə! O ərizəçi 20 iyun 1978-ci ildə Qafqazenerjitəmir İxtisaslaşmış İstehsalat müəssisəsində elektrik qaynaqçısı şagirdi vəzifəsinə işə qəbul olmuşdur. 25 sentyabr 1978-ci ildə sərbəst olaraq elektrik qaynaqçısı və 13 aprel 1979-cu ildə hərbi xidmətlə əlaqədar işdən çıxmışdır. 21 aprel 1979-30 aprel 1981-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. 20 may 1981-ci ildə təkrar həmin müəssisədə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir.13 iyul 1981-ci ildə işdən çıxmışdır. 08 sentyabr 1981-ci il tarixində X2 X8 elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş və 29 mart 2005-ci il tarixinə kimi orada həmin vəzifədə işləmişdir. Möhtərəm məhkəmə! O ərizəçi hazırda əmək kitabçasının əslini itirmiş, lakin daha əvvəlki tarixlərdə onun notariusdan təsdiqli surətini çıxartdırmışdır. Əmək kitabçasını itirməyi barədə Salyan Polis şöbəsinə rəsmi müraciət etmiş və Salyan rayonunda dərc edilən “Qələbə” qəzetinə bu barədə elan verilməsi üçün müraciət etmişdir. Lakin işlədiyi müəssisənin rəhbərliyi əmək kitabçanın notarial təsdiqli surətinə istinad edərək o ərizəçiyə güzəştli staj barədə arayış verməkdən imtina etmişdir. Halbuki, həmin rəhbər şəxs özü onunla uzun illər həmin müəssisədə işləmişdir. O ərizəçinin 20 may 1981- 29 mart 2005-ci il tarixlərində X2 Boru-Alətlər Bazasında (sonradan ƏliX9 Bazası ASC-də) elektrik qaynaqçısı vəzifəsində əmək fəaliyyətinin olması faktı itmiş əmək kitabçasının notarial təsdiqli surətinə əsasən müəyyən edilməlidir. Odur ki, o ərizəçinin 20 may 1981-29 mart 2005-ci il tarixlərində X2 Boru-Alətlər Bazasında (sonradan X4 Bazası ASC-də) elektrik qaynaqçısı vəzifəsində əmək fəaliyyətinin olması faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə qeyd olunanları bir daha təsdiq edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəyə qarşı etiraz edərək bildirdi ki, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iş üzrə maraqlı şəxs qismində cəlb edilməklə "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" tələbinə dair ərizə ilə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməməlidir. Buna əsasən ətirazını təqdim edir. Belə ki, Ərizəçi 20 may 1981-29 mart 2005-ci il tarixlərində X2 Boru-Alətlər Bazasında (sonradan X4 Bazası ASC-də) elektrik qaynaqçısı vəzifəsində işlədiyini iddia edir. Bu səbəbdən o, həmin dövrlərdə qeyd edilən müəssisədə əmək fəaliyyətinin olması faktını təsdiqləmək üçün məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təspib edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. MPM-nin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə ue mebsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPMnin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 N-li Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Normaların məzmunundan görünür ki, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Sözügedən Plenum qərarının 13.4-cü bəndinə əsasən "əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir". Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarından göründüyü kimi, ərizəçi şahidlərin qeyd edilən dövrdə həmin müəssisədə fəaliyyət göstərməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etməmişdir. Bu səbəblərdən ərizəçinin ərizəsində qeyd olunan tələb qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin olunmamalıdır. Odur ki, icraatda olan Ərizəçi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə" dair 2(057)- 3206/2025 nömrəli mülki iş üzrə ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X7 ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, X6 həqiqətən də 08 sentyabr 1981-29 mart 2005-ci il tarixlərində X4 Bazası ASC-də (əvvəlki-X2 X14) əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Onun itmiş əmək kitabçasının notarial təsdiq edilmiş surətində vaxtilə aparılmış qeydlər onların müəssisə (və əvvəlki sələfi) tərəfindən aparılmışdır, orada vurulmuş möhürlər onların müəssisəyə aiddir. İddiaçının onların müəssisəyə güzəştli iş stajı barədə arayış üçün müraciət edərkən onun xahişini rədd etməyinin səbəbi, müəssisənin kadrlar və digər növ sənədlərinin olmamasıdır ki, bu barədə Şirvan Şəhər Pölis İdarəsinin müvafiq qərarı vardır. Adətən, güzəştli arayış verilərkən, sonradan pensiya təyin edən orqan özü müəssisədə yerində yoxlama apararaq həmin arayışın verilməsinə səbəb olmuş sənədləri tələb edir. Bu səbəblə, onlar həmin güzəştli arayışı iddiaçıya təqdim edə bilməmişlər. Özü-özlüyündə isə təsdiq edir ki, həqiqətən də X3 08 sentyabr 1981-29 mart 2005-ci il tarixlərində X4 Bazası ASC-də (əvvəlki-X2 X14) işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı “ nın 35. Ümumi peşələr bölməsində qeyd edilmiş əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinin əmək funksiyaları ilə tam eynilik təşkil edir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Eləcə də, iddiaçı 57 yaşdan güzəştli pensiya təyinatı arzuladığı üçün, onun işlədiyi vəzifənin 01 yanvar 2006-cı ilə qədər qüvvədə olmuş güzəştli siyahıya uyğunluğu müəyyən edilməlidir. Bu səbəblə bildiririk ki, həmin vəzifə hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nın 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-19906 kodu ilə göstərilmiş əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinin peşə öhdəlikləri ilə eynilik təşkil edir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizə və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.1-ci bəndində qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndində qeyd edilmişdir ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndində qeyd edilmişdir ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, ərizəçi tərəfindən əmək stajını təsdiq edən sənədlər, o cümlədən əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti və işəgötürənin rəsmi arayışı təqdim edilmişdir. Bu hal “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsini istisna edir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizədə qeyd olunanlarla bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməli, imtina edildikdə isə həmin məsələ inzibati məhkəmə icraatı qaydasında həll edilməlidir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələbinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin Ərizəçi ərizə ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək fəaliyyətinin müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək hüququ izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar