Məhkəmə qərarları › İş №2(057)-3712/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3712/2025

19.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3712/2025 19.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi və Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi və Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinin 23 iyun 2025-ci il tarixli, 67 saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa olunma və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci il tarixdə Azərbaycan Dövlət Pedoqoji Kollecinə daxil olmuş və 2004-cü il tarixdə həmin kolleci bitirmişdir. Buna dair 10 iyul 2004-cü il tarixdə BB-İİ № 003876 saylı diplom verilmişdir. xx.xx.2004-cü il tarixdən Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinə müəllim vəzifəsinə işə düzəlmişdir. Bildirmək istəyir ki, 20 iyun 2025-ci il tarixində təşkil olunmuş təhsil verənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda imtahan suallarını cavablandırmağına baxmayaraq kompüterdə yaranan texniki nasazlıq səbəbindən cavabları qeydə alınmamışdır. Bu səbəbdən də nəticədə imtahan balım 0 bal təşkil etmişdir. İmtahan zamanı kompüterdə yaranan texniki nasazlıqla bağlı nəzarətçilərə müraciət etmişdir. Bu barədə imtahan otaqlarında quraşdırılmış kamera görüntüləri də vardır. İmtahan balım 0 bal təşkil etdiyindən şəxsi kabinetinə daxil ola bilməmişdir. xx.xx.2025-ci il tarixində elektron müraciət etmiş və ona xx.xx.2025-ci il tarixində bildirilmiş ki, 20 iyun 2025-ci il tarixində təşkil olunmuş təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə apellyasiya müraciətlərinin qəbulu 23 iyun 2025-ci il tarixində bitmişdir. 23 iyun 2025-ci il tarixdə Şirvan-Salyan Regional Təhsil İdarəsi, Salyan rayonu, Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinin 67 saylı əmri ilə "Əmək Məcəlləsinin" 68-ci maddəsinin 2-ci hissəsinin "A" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, bildirilmiş ki, əgər təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda apellyasiya qaydasında yenidən imtahan versə və nəticələri qeydə alınsa yenidən işə bərpa oluna bilər. Bundan sonra xx.xx.2025-ci il tarixdə Təhsil Nazirliyinə müraciət edərək 20 iyun 2025-ci il tarixində təşkil olunmuş təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda kompüterdə yaranan texniki nasazlıq səbəbindən cavabları qeydə alınmamasının araşdırılması və barəsində olan imtahan nəticələrinin ləğv edilərək təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda apellyasiya qaydasında yenidən imtahan verməyi üçün şərait yaradılmasına köməklik edilməsini xahiş etmişdir. Lakin bu günki günə kimi müraciətinə cavab verilməmişdir. Odur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi və Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi ” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan rayonu, Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinin 23 iyun 2025-ci il tarixli, 67 saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan- Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X1 iddiaya etiraz edərək, İddiaçı tərəfindən verilmiş “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsini əsassız hesab edir və iddianın təmin olunmamasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə) təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçirilir. Həmin Qaydanın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırma prosesində iştirak etməyən və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını (30 bal) toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. xx.xx.2025-ci il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı, həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə öz təşəbbüsü ilə verdiyi ərizəsi nəzərə alınaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2026-cı il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı tərəfindən irəli sürülmüş iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Salyan RTŞ-nin 03 saylı, xx.xx.2006-cı il tarixli məktubuna əsasən 05 yanvar 2006-cı il tarixdən Parça Xələc kənd orta məktəbinə xarici dil müəllimi təyin edilmişdir. Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta ümumtəhsil məktəbinin 23 iyun 2025-ci il tarixli, 67 saylı əmrindən çıxarışdan görünür ki, Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış xxxxxxx000207 nömrəli əmək müqaviləsinə ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən – işçinin təşəbbüsü ilə 23 iyun 2025-ci il tarixdən xitam verilmişdir. İddiaçı tərəfindən Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinin direktor səlahiyyətlərini icra edən X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, həmin məktəbin ingilis dili müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə ünvanlanmış müraciətdən görünür ki, o, 20 iyun 2025-ci il tarixində təşkil olunmuş təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda kompüterdə yaranan texniki nasazlıq səbəbindən cavabları qeydə alınmamasının araşdırılması və barəsində olan imtahan nəticələrinin ləğv edilərək təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda apellyasiya qaydasında yenidən imtahan verməyi üçün şərait yaradılmasına köməklik edilməsini xahiş etmişdir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Salyan RTŞ-nin 03 saylı, xx.xx.2006-cı il tarixli məktubuna əsasən 05 yanvar 2006-cı il tarixdən Parça Xələc kənd orta məktəbinə xarici dil müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 20 iyun 2025-ci il tarixində keçirilmiş müəllimlərin təkrar sertifikasiya imtahanında uğurlu nəticə əldə edə bilməmişdir. Buna görə də, o, 23 iyun 2025-ci il tarixdə ərizə yazaraq işdən çıxmaq istədiyini bildirmiş, nəticədə onunla bağlanmış əmək müqaviləsinə 23 iyun 2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. ... İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Həmin Məcəllənin 67-2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçirilir. Həmin Qaydanın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırma prosesində iştirak etməyən və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını (30 bal) toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, iddiaçı keçirilmiş təkrar sertifikatlaşdırmada uğursuz nəticə əldə etdiyi üçün, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam veriləcəyi ehtimalını düşündüyündən və özünü gələcəkdə mümkün risklərdən sığortalamaq məqsədilə 23 iyun 2025-ci il tarixdə özü işdən çıxmaq üçün ərizə yazmışdır. Bu hal Əmək Məcəlləsinin 68.2ci maddəsinə uyğun olaraq qiymətləndirilmiş və işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə, eyni zamanda, iddia tələbinin məcburi iş buraxma ilə bağlı əmək haqqının ödənilməsi tələbi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, iddiaçının öz ərizəsi ilə işdən çıxması məcburi iş buraxma halı yaratmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 74-cü maddəsinin 2-ci bəndinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 132-ci maddəsinin 1-ci bəndinin “b” yarımbəndinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt, qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü və s. dövrlər daxil edilir. Göründüyü kimi, “məcburi iş buraxma” termini Azərbaycan Respublikasının Əmək Məcəlləsində qanunsuz və əsassız şəkildə işdən çıxarılan işçilərə aid olan xüsusi bir vəziyyəti ifadə edir. Əmək Məcəlləsinə əsasən, məcburi iş buraxma işçinin əmək müqaviləsinə qanunvericiliyə uyğun olmayan, yəni hüquqi əsaslar olmadan xitam verildiyi, qanunsuz və əsassız işdən çıxarılma hallarında tətbiq olunur. Belə hallarda, məhkəmə qərarı ilə işçi işə bərpa edildikdə, həmin dövr ərzində işləyə bilmədiyi müddət “məcburi iş buraxma” dövrü hesab edilir. Məhkəmə işçinin qanunsuz çıxarıldığını təsdiq edərsə, işçiyə həmin dövr üçün əmək haqqı və digər ödənişlər ödənilir. Təqdim olunmuş sübutlar və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi tamamilə qanuni olmuş, işəgötürən tərəfindən heç bir qanunsuz və ya əsassız hərəkətə yol verilməmişdir. Belə ki, İddiaçı 23 iyun 2025-ci il tarixdə işdən ayrılmaq üçün yazılı ərizə ilə işəgötürənə müraciət etmiş, Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçinin ərizə təqdim etməsi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Bu səbəbdən, işdən çıxma prosesi qanuni olub, “məcburi iş buraxma” anlayışını əhatə etmir. İşəgötürən tərəfindən işçinin hüquqlarını pozan heç bir qanunsuz hərəkət baş verməmiş, iddiaçının işdən çıxarılma prosesi onun şəxsi ərizəsinə əsaslanmış və qanuni şəkildə həyata keçirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar