Məhkəmə qərarları › İş №2(057)-388/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-388/2024

30.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-388/2024 30.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özgənin qanunsuz istifadə torpaq sahəsinin geri alınması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özgənin qanunsuz istifadə torpaq sahəsinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu, Çuxanlı kəndində yerləşən onlara məxsus cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 2.05 ha zəbt olunmuş torpaq sahəsinin onların qanunsuz sahibliyindən geri alaraq onların sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Çuxanlı kəndində yaşayırlar. Salyan rayon Aqrar İstehsalat Komissiyasının 1998-ci il 30 iyul tarixli, 09 saylı qərarı ilə Salyan rayonu, Çuxanlı kəndində onlara məxsus 2.05 ha pay torpaq sahəsi verilmişdir. Cavabdeh1 onlara məlum olmayan səbəbdən onlara məxsus olan yerdən çıxmır və bildirir ki, torpaq onundur. Cavabdeh1 hətta onların torpaqlarını Cavabdeh2 pambıq əkmək üçün icarəyə vermişdir. Dəfələrlə onlara şifahi xəbərdarlıq etmələrinə baxmayaraq, cavabdehlər onların torpaq sahələrindən çıxmırlar. Onlar özlərinə məxsus cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahələrini istəyirlər. Cavabdehlər onlara məxsus torpağı zəbt etdiyi üçün ərazi nümayəndəliyinə və kənd bələdiyyəsinə müraciət etmişlər. Onlar torpağa və sənədlərinə baxış keçirdikdən sonra cavabdehlərin əsasız yerə torpağı zəbt etdiyini, torpağın onların olduğunu, cavabdehlər çıxmadığı üçün məhkəməyə müraciət etmələrini məsləhət görmüşlər. Ona görə də, Salyan rayonu, Çuxanlı kəndində yerləşən onlara məxsus cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 2.05 ha zəbt olunmuş torpaq sahəsinin onların qanunsuz sahibliyindən geri alaraq onların sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdir ki, iddia tələbini müdafiə edir. Ona məxsus olan 2.05 ha torpaq sahəsini cavabdehlərdən tələb edir. Atası torpağa mülkiyyət hüququna dair dövlət aktını Cavabdeh1 vermişdir. 2007-ci ildə onun adına torpaq sahəsi olduğunu bilmişdir. Daha əvvəl torpaq sahəsinin atası tərəfindən satıldığını bilsə də, sonradan ona məlum olmuşdur ki, torpaq sahəsi onların adınadır və satıla bilməz. xx.xx.2003-cü il tarixli torpaq alğı-satqı müqaviləsində olan imzalar onlara aid deyildir. Atası torpağı 2006-cı ildə satmışdır. Məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, torpaq adından çıxarılmışdır. Başqa əlavə və sübutu yoxdur. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 bildirmişdir ki, uşaqlar 2006-cı il tarixdə azyaşlı deyildilər. xx.xx.2003-cü il tarixli torpaq alğı-satqı müqaviləsindəki imzalar uşaqlara məxsus deyildir. Onlar torpaq sahəsini tələb edirlər. Hacıbalanı əvvəllər görməmişlər. Onlar Mirsədirə pulu qaytararaq torpaq sahəsini geri almasını tələb etsələr də, o razı olmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 bildirmişdir ki, dövlət aktının əslini Hacıbalaya vermişdir. İddianı müdafiə edir. Pula ehtiyacı olduğu üçün torpaq sahəsini 2006-cı ildə 500 manata satmışdır. Bu barədə ailəsinin xəbəri olmamışdır. 2003-2006-cı illərdə torpaq sahəsindən Hacıbala istifadə etmişdir. Notariusa getməmişdir. Sənədlərdəki imzalar ona məxsus deyildir. İş üzrə digər İddiaçı4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, torpaq sahəsini 2003-cü ildə 2000 (iki min) manat məbləğində pul verərək almışdır. Bir neçə il sonra İddiaçı3 ona sosial yardım almaq istədiyini, lakin adında torpaq sahəsi olduğu üçün ona sosial yardım verilmədiyini bu səbəbdən də, 500 manat pul verəcəyi təqdirdə torpaq sahəsini notarial qaydada satmaq istədiyini bildirmişdir. Daha sonra notariusa gedərək alğı-satqı müqaviləsi bağlamışlar. 2014-cü ildə xəstələnmiş və torpağ sahəsini istifadə edə bilmədiyi üçün Vladislav adlı şəxsə notarial qaydada satmışdır. İddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, iddia tələbini qəbul etmir. 2 hektar 488 sot torpaq sahəsini 2018-ci ildə Bakı şəhərində yaşayan Vladislav adlı şəxsdən notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən almışdır. Vladislav isə həmin torpaq sahəsini Cavabdeh1 almışdır. Hazırda torpaq sahəsi öz istifadəsindədir və həmin sahədə taxıl əkmişdir. İddiaçılarla qohumdur və onlarla gedişgəlişləri olmuşdur. Əvvəldən eşitdiyinə görə, Hacıbala torpaq sahəsini əvvəl icarəyə götürmüş, sonradan isə satın almışdır. İddiaçı3 ona torpaq sahəsini satdıqlarını demişdir. Cavabdeh1 tərəfindən icarə haqqının verilib-verilməməsi məlumatı yoxdur. Məhkəmə prosesində iştirak edənə kimi həmin torpaq sahəsinin öncədən qohumlarına aid olduğunu bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, Salyan rayonu, Çuxanlı kəndində yerləşən 2.0488 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İş materiallarında olan 19 oktyabr 2003-cü il tarixli torpaq alğı-satqı müaviləsinin ksero surətindən görünür ki, Salyan rayonu, Çuxanlı kənd sakinləri X4, İddiaçı3, İddiaçı1 Mirsədir oğlu, İddiaçı4 tərəfindən Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998ci il tarixli 09 saylı qərarı ilə JN 365 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsinin 14 oktyabr 2003-cü il tarixli 0530 saylı arayışına əsasən Salyan rayonu, Çuxanlı kəndində yerləşən 2.05 ha torpaq sahəsini ünvan 1 ünvanında yaşayan Cavabdeh1 500 manata satmışlar. İş materiallarında olan JN-365, Kod 80912018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X4, İddiaçı3, İddiaçı1 Mirsədir oğlu və X3 Salyan rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli, 09 saylı qərarı ilə 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan X5 ksero surətindən görünür ki, İddiaçı1 xx.xx.1982-ci ildə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş, atası İddiaçı3, anası X2r. İş materiallarında olan X7 Şəhadətnamənin ksero surətindən görünür ki, İddiaçı3 ilə X1 arasında nikah 05 fevral 1981-ci il tarixdə Salyan rayonu, Çuxanlı kənd Sovetliyində bağlanmışdır. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsünün ksero surətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində 2.0488 ha faktiki torpaq sahəsi vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsində olduğunu qeyd etdikləri Salyan rayonu, Çuxanlı kəndində yerləşən 2.05 ha torpaq sahəsini Cavabdeh1 2003-cü ildə iddiaçılardan alğı-satqı yolu ilə almışdır. Cavabdeh1 torpaq sahəsini 2014-cü ildə Bakı şəhərində yaşayan Vladislav adlı şəxsə alğı-satqı müqaviləsinə əsasən satmışdır. Vladislav isə həmin torpaq sahəsini 2018-ci ildə Cavabdeh2 satmışdır. Həmin torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddiaçılar həmin torpaq sahəsini cavabdehlərin qanunsuz istifadəsindən geri alınması tələbi irəli sürməkdə haqlı olmamışlar. İddiaçılar torpaq sahəsinin geri alınması deyil, alğı-satqı müqaviləsi ilə bağlı tələb irəli sürməli idilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 646 və 647-ci maddələrinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mübahisələndirilən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini və qanunsuz istifadələrində olduğunu qeyd etsələr də, bu pozuntuların mövcud olması barədə məhkəməyə hər hansı mötəbər və ya tutarlı bir sübut təqdim etməmişdilər. Məhkəmə araşdırması zamanı iddia ərizəsində qeyd olunan Salyan rayonu, Çuxanlı kəndində yerləşən 2.05 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 2018-ci ildən dövlət qeydiyyatına alınması müəyyən edildiyindən iddia təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özgənin qanunsuz istifadə torpaq sahəsinin geri alınması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar