Məhkəmə qərarları › İş №2(057)-412/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-412/2023

18.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-412/2023 18.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X29 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X23, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X5, X9, X10 və X2 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X5, X9, X10 və X3 qarşı “qanun üzrə vərəsə kimi mirasın qəbul edilməsi barədə” iddia tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X5, X9, X10 və X3 qarşı “qanun üzrə vərəsə kimi mirasın qəbul edilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X13 miras qalmış Salyan şəhəri, X.R.Ulutürk prospekti, 33 ünvanında yerləşən ev üzərində qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X24 xx.xx.2012-ci ildə vəfat etmişdir. xx.xx.1955-ci ildə mərhum əri ilə nikaha daxil olmuşlar. 7 uşaqları olmuşdur. X15, X5, Cavabdeh, X9, X10, X11 və X18 övladlarıdır. Bir oğlu X18 xx.xx.2013-cü ildə vəfat etmişdir. xx.xx.2012-ci ildə **********05-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli Salyan şəhəri, X.R.Ulutürk prospekti 33 ünvanda yerləşən ev əri X16 adınadır. Bu barədə Salyan rayon 2 saylı Notariat Kontoruna müraciət etmişdr. Cavabdeh notariat ofisinə gəlməmişdir və buna görədə razılıq əsasında evin adıma keçirilməsi mümkün olmamışdır. Notariat ofisində müraciətim qeydə alınmışdır. Salyan şəhəri, X.R.Ulutürk prospekti 33 ünvanda yerləşən evi təkcə özü faktiki mirası qəbul etmişdir və bütün kommunal ödənişləri həyata keçirir. Evdə mərhum oğlum X12 həyat yoldaşı X28 və X25 qeydiyyatdadır. Göstərilənləri nəzərə alaraq, mərhum əri X13 miras qalmış Salyan şəhəri, X.R.Ulutürk prospekti 33 ünvanında yerləşən ev üzərində qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının uşaqlarından beşi analarının xeyrinə mirasdan imtina edirlər. Yalnız Cavabdeh mirasın anasına keçməsinə razı deyil. İddiaçı mirası faktiki olaraq qəbul etmişdir. İllərdir ki, iddiaçı tərəfindən həmin evə sahiblik edilir və kommunal xərclər ödənilir. Mirasın qəbulundan 11 il sonra məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X32 iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh mirasın anasına keçməsinə razı deil və öz payının müəyyən olunaraq mülkiyyətinə keçməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 bildirmişdir ki, ata və analarının nikahlarından 7 uşaq doğulmuşdur. Mərhum qardaşı X18 xx.xx.2013-cü ildə vəfat etmişdir. X6 xx.xx.2012-ci ildə vəfat etmişdir. Atası öləndən sona anası İddiaçı Salyan şəhəri, X.R.Ulutürk prospekti, 33 ünvanda yerləşən evə hazırki vaxtadək faktiki sahiblik etmiş və mirası qəbul etmişdir. Mirasın anası İddiaçı keçməsinə etirazı yoxdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər X5, X9, X10 və X1 Əlirza Abdulhəsən oğlu ilə oxşar məzmunlu izahat verərək iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddia ərizəsinə əlavə olunmuş Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 avqust 2012-ci il tarixli, AZ-İ № 552044 X17 görünür ki, X24 30 iyul 2012-ci ildə ölmüşdür. İddia ərizəsinə əlavə olunmuş Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, X18 20 yanvar 2013-cü ildə ölmüşdür. İddia ərizəsinə əlavə olunmuş 21 yanvar 1964-cü il tarixli “evlənmək haqqında şəhadətnamə” dən görünür ki, İddiaçı ilə X24 xx.xx.1955-ci ildə nikaha daxil olmuşlar. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Salyan şəhəri, X.R.Ulutürk prospekti 33 ünvanda yerləşən ümumi sahəsi 131.1 kv.metr olan fərdi yaşayış evi X16 mülkiyyətindədir. İddia ərizəsinə əlavə olunmuş Salyan RİH Başçısının Salyan Şəhər İƏN-nin verdiyi 28 dekabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, verilir ünvan 3 ünvanında yaşayan İddiaçı ondan ötəri ki, onun həyat yoldaşı X24 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri ünvan 3 ünvanı olmuş və onun İddiaçı Cavabdeh, X15, X5, X9, X10 və X11 adlı vərəsələri qalmışdır. İddia ərizəsinə əlavə olunmuş ünvan 4 ünvanlanmış 29 dekabr 2022-ci il tarixli müraciətdən görünür ki, İddiaçı mirasın qəbul edilməsi və ya imtina cavabının verilməsi ilə bağlı Salyan rayon 2 saylı Xüsusi Notariat kontoruna müraciət etmişdir. İddia ərizəsinə əlavə olunmuş, ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən “Azəriqaz” və “Azərsu” hesabına kommunal xidmətlərə görə ödənişlər ödənilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X5, X9, X10 və X2 doğma anasıdır. X4 iddiaçının əri, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin atasıdır. X24 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X24 iddiaçı ilə xx.xx.1955-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 7 uşaqları - X15, X5, Cavabdeh, X9, X10, X11, X18 adlı uşaqları olmuşdur. X18 xx.xx.2013-cü ildə vəfat etmişdir. Fərdi yaşayış evi birgə nikah dövründə, yəni xx.xx.2012-ci il tarixdə X4nun adına qeydiyyata alınmışdır. X24 vəfat etdikdən sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi iddiaçı qəbul etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçünçü şəxslər qanunla müəyyən edilmiş qaydada və müddətdə vərəsə kimi miras əmlakı qəbul etmələri ilə bağlı Notariat Kontoruna müraciət etməmişlər. Cavabdehdən başqa müstəqil tələb irəli sürməyən üçünçü şəxslər (formal olsa da) notariusa ərizə ilə müraciət edərək miras əmlakda olan paylarından İddiaçı xeyrinə imtina etmişlər. Məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün ilk növbədə, vərəsəlik hüququnun ümumi müddəaları, qanun üzrə vərəsəlik, mirasın qəbul edilməsi anlayışları ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi müəyyən edilmişdir. Hazırkı işdə X4 ölümündən əvvəl mülkiyyətində olan əmlakla bağlı heç bir vəsiyyətnamə tərtib etmədiyindən ondan qalmış miras əmlakla bağlı yalnız qanun üzrə vərəsəlik qüvvədədir. X4 xx.xx.2012-ci il tarixdə öldüyündən ondan qalmış miras əmlakın açıldığı tarix də həmin tarixdir. Hazırkı iş üzrə tərəf olan iddiaçı miras qoyanın arvadı, cavabdeh isə miras qoyanın uşağı olmaqla onun birinci növbədə, bərabər pay hüquqlu vərəsələri olmuşdur. İddiaçı miras əmlakı faktiki qəbul etmiş, idarə etmiş, eyni zamanda, ərinin ölümündən sonra ondan miras qalmış evdə yaşamağa davam etməklə ərindən miras qalmış ev üzərində payını faktiki olaraq da qəbul etmişdir. Cavabdeh isə atasının ölümündən sonra qanunla müəyyən edilmiş 3 aylıq müddət ərzində atasından qalmış miras əmlakı qəbul etməmiş, mirası qəbul etməsi ilə bağlı ərizə ilə notariusa müraciət etməmiş nə də ki, mirası faktiki idarə etməmişdir. Cavabdehin nümayəndəsinin izahatında da miras əmlakı qəbul etməsi ilə bağlı hər hansı sübut gətirməmişdir. Göründüyü kimi, Cavabdeh fərdi yaşayış evi üzərində miras payını evdə faktiki yaşayaraq da qəbul etməmişdir. Belə olan halda Cavabdeh qanunla müəyyən edilmiş mirasın qəbulu müddətini ötürdüyü aşkardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Belə olan halda Cavabdeh qanun üzrə vərəsə kimi mirası vaxtında qəbul edə bilməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliklə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin məhkəmə tərəfindən uzadılması nəzərdə tutulsa da bu uzatma yalnız məhkəmənin üzrlü saydığı hallarla məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Hazırkı iş üzrə Cavabdeh mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürməsinin səbəbi isə məhkəmə tərəfindən üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, ilk növbədə, vərəsəlik işinin açılması tarixindən asılı olmayaraq, miras şəxsin ölümü ilə açılır. Bu baxımdan Cavabdeh bilməli idi ki, X6nun ölümü ilə ondan qalmış miras açılmışdır. O, atasının vərəsələrindən kiminsə vərəsəlik işinin açılması ilə bağlı notariusa müraciət etməsini və ona da məlumat verilməsini gözləməməli, özü vaxtında miras əmlakın qəbulu ilə bağlı konkret hərəkətlər etməli idi. Cavabdeh miras əmlakın qəbulu ilə bağlı qanunvericiliyin tələblərindən məlumatlı olmaması bu müddətin ötürülməsinin üzrlü səbəbi hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin üçüncü bəndinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Qanunla bəzi hüquqların əmələ gəlməsi üçün bu cür müddətlərin müəyyən edilməsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Məhkəmə yalnız o halda bu müddətin buraxılması səbəbini üzrlü hesab edə bilər ki, müddəti buraxan tərəf məhkəməyə elə sübutlar təqdim etsin ki, məhkəmə bu sübutlar əsasında müddəti buraxan şəxsin iradəsindən asılı olmayan, onun özü tərəfindən dəf edilməsi mümkün olmayan, onun müvafiq hərəkətləri yerinə yetirməsinə maneə törədən və ya məhdudiyyət yaradan halların olduğunu müəyyən etsin. Yəni, məhkəmə əmin olsun ki, həmin hallar baş verməsə idi, şəxs qanunla müəyyən edilmiş müddətlər daxilində konkret hərəkətlər edəcəkdi. Yalnız bu cür halları məhkəmə müddətin buraxılmasının üzrlü səbəbi hesab edə bilər. Hazırkı işdə isə Cavabdeh atasından miras qalmış əmlakın qəbulu üçün müddəti buraxmasını müddətlərlə bağlı qanunun tələblərini bilməməklə izah etmişdir ki, artıq yuxarıda qeyd edildiyi bu müddətin ötürülməsinin üzrlü səbəbi deyil. Cavabdehin əksinə, İddiaçı isə ərindən miras qalmış evdə yaşamaqla, miras əmlakı faktiki qəbul etmişdir. Belə olan halda onun miras əmlak üzərində olan payı tam müəyyən edilməlidir. Çünki iş materiallarından görünür ki, mərhumun digər qanun üzrə vərəsələri olan övladları da miras əmlakdakı paylarından iddiaçının xeyrinə imtina etmişdir. Eyni zamanda, artıq yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh öz payını vaxtında qəbul etmədiyi müəyyən edildiyindən, bütün qanun üzrə vərəsələr miras əmlakdakı paylarından iddiaçının xeyrinə imtina etdiyindən onun da payı iddiaçı keçir və iddiaçının miras əmlak üzərindəki tam hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Salyan şəhəri, X.R.Ulutürk prospekti 33 ünvanda yerləşən ümumi sahəsi 131.1 kv.metr olan fərdi yaşayış evi üzərində miras payı tam qəbul etmiş hesab edilməli və mənzil üzərində onun mülkiyyət hüququ tanınmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı cavabdeh X13 miras qalmış Salyan şəhəri, X.R.Ulutürk prospekti 33 ünvanında yerləşən ev üzərində qanun üzrə vərəsə kimi tam mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar