Məhkəmə qərarları › İş №2(057)-541/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-541/2024

05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-541/2024 05.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Ərizəçi “qanunla müəyyən olunmuş müddətin bərpası və vəsiyyətnamə üzrə vərəsəliyin tanınması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, miras qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməklə tam olaraq qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mərhum X2 və mərhum bibisi X1 rayonu, 1 Varlı kəndində qeydiyyata alınmış **********62 reyestr nömrəsi olan 1,71 ha torpaq sahəsində pay hüquqları vardır. X2 xx.xx.2014-cü ildə, bibisi X5 isə xx.xx.2003-cü ildə vəfat etmişdir. Miras əmlakın qəbulu barədə X11 Xidmət Mərkəzindəki Notariat ofisinə müraciət etmiş və mirasın qəbulu üçün müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edimişdir. Notariat ofisi müraciətini qeydə alaraq ona 636g nömrəli, xx.xx.2023-cü il tarixli məktub vermişdir. Faktiki olaraq mirası qəbul etmişdir, lakin hüquqi savadsızlığına görə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş vaxtda müraciət etməmişdir. İndi isə torpağın tam olaraq adına sənədləşməsini istəyir. Torpağın tam olaraq onun adıma sənədləşməməsi torpaqla bağlı bəzi prosedurları yerinə yetirə bilməməyinə səbəb olur. Qanunla müəyyən edilmiş vaxtı ötürsədə mirası faktiki qəbul etməyi və bugünə qədər də onun mirasdan istifadə etdiyi realdır. Odur ki, onun mərhum X2nun və mərhum bibisi X3 Salyan rayon 1 Varlı kəndində **********62 reyestr nömrəsi ilə qeydiyyata alınmış olan 1,71 ha olan torpaq sahəsindəki pay hüquqları üzrə mirasın qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə tam olaraq qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X11 Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürüldüyü, eyni zamanda mərhum X4 və mərhumə X3 hər hansı qohumluq sənədlərini təqdim edilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Buna görə də, ərizəçi ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Həmin qərarın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formaları (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraart qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir). Mövcud ərizədən görünür ki, ərizəçinin qeyd edilən ərizəsi xüsusi icraat qaydasında baxılmalı olan tələb deyil, iddia icraatı qaydasında baxılmalı olan tələbdir. Belə ki, ərizənin də məzmunundan aşkar surətdə görünür ki, ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə müraciət etsə də, hər hansı bir faktın məhkəmə tərəfindən müəyyən edilməsini deyil, miras qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməklə tam olaraq qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınmasını xahiş etməklə maraqlı şəxsə qarşı tələb yönəltmişdir. Halbuki “iddia tələbi” dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arsındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Qeyd edilən Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə hesab edir ki, miras qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməklə vərəsə kimi mülkiyyət hüququnun tanınması tələbinə xüsusi icraat qaydasında baxılmamalıdır. Göstərilən xüsusata əsasən, məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə xüsusi icraat qaydasında məhkəmə qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Ərizəçiyə notariusa, vərəsələr arasında mübahisə olduğu təqdirdə isə iddia icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ərizəçiyə notariusa, vərəsələr arasında mübahisə olduğu təqdirdə isə iddia icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar