Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-623/2025 28.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonar - iddiaçı) cavabdeh X4 (bundan sonar - cavabdeh) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, X6 tərəfindən qanunsuz olaraq onun tutduğu vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli 00362 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi, qanunsuz olaraq onun məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 50 manat mediasiya rüsumu cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə X2 işlətdiyi marketdə satıcı kimi işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli 00362 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. Bildirir ki, təzyiq göstərib heç bir töhmət olmadan işdən azad olunma üçün ərizəsini tələb etmişdir. O razılaşmadığı halda 70-ci maddəsinin “ç” bəndi ilə əmr verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsi: Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd olunan normaların hamısı cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Əmr ona rəsmi verilməmişdir. Ona isə bugünə qədər əmrin surəti göndərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunması barədə cavabdeh xx.xx.2024-cü il tarixli 00362 saylı əsassız əmr vermişdir. Tərəfindən mediasiya təklifi cavabdehə göndərilmiş və mediasiya prosesi keçirilmişdir. Əmrin ləğvi ilə bağlı mediasiya təklifi göndərmiş və mediasiya təşkilatına ərizə vermişdir. Cavabdeh tərəf mediasiyaya gəlməmişdir. xx.xx.2025-ci il tarixdə ona İMS barədə arayış təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildimişdir ki, Bahar Ələkbərovanın adına olan mağazada kassir vəzifəsində işləmişdir. İşlədiyi vaxt ona “Veysəloğlu” şirkətindən daha əvvəl ora işə düzəlmək istəməsi ilə bağlı ərizə ilə müraciət etdiyi üçün cavab gəlmişdir. O bu barədə Məmməd adlı şəxsə mobil telefonla məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. Cavabdeh X6 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ünvanlayaraq göstərmişdir ki, iddianı qismən qəbul edir. xx.xx.2024-cü il tarixli, 00362 saylı “əmək müqaviləsinə xitam verilməsi” barədə olan əmrin ləğv edilməsi ilə bağlı qətnamə çıxarılmasına etiraz etmir. Ərizəsinin nəzərə alınmasını, məhkəmənin həm hazırlıq, həm də baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə İddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və İddiaçı cavabdehin tabeliyində olan mağazaya satıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X5 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixində sessiya keçirilmiş və Cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İşin faktiki hallarından göründüyü kimi, X6 tərəfindən satıcı vəzifəsinə işə götürülən Zeynalov X3 Bahar Ağasəf qızı tərəfindən xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən satıcı kimi işə qəbul edilmiş, işlədiyi dövrdə heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. İşlədiyi vaxt “Veysəloğlu” şirkətindən ona iş təklif olunmuş, o bu barədə Məmməd adlı şəxsə mobil telefon vasitəsi ilə məlumat verərək işə getməmiş və xx.xx.2024-cü il tarixli, 00362 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iclasında izahatı alınan İddiaçı bildirmişdir ki, cavabdehin Salyan şəhərində yerləşən “Ay İşığı” mağazaya işə qəbul olunmuş və orada çalışmağa başlamışdır. İddiaçı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının və məhkəməyə müraciət üçün xərclərin ödənilməsini tələb edir, Cavabdeh iddianı qismən qəbul edir, xx.xx.2024-cü il tarixli, 00362 saylı “əmək müqaviləsinə xitam verilməsi” barədə olan əmrin ləğv edilməsinə etiraz etmir. Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində qeyd edilmişdir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının tələbi işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və məhkəməyə müraciət üçün xərclərin ödənilməsindən ibarətdir. Məhkəmə İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin iddiaçının yol verdiyi iddia olunan pozuntunun xarakterinə adekvat olmadığını hesab edir. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsi işəgötürən tərəfindən işçiyə verilən intizam tənbehinin növlərini müəyyən edir və bu tənbeh növləri xarakterinə görə yüngüldən ağıra doğru təsnifləşdirilir. Qeyd edilən maddəyə görə əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək son və xarakterinə görə ən ağır tənbeh növü sayılır. Məhkəmə qeyd edir ki, işçinin iş yerini dəyişmək istəməsi və ya bir gün işə gəlməməsi onun işdən azd edilməsi üçün əsas ola bilməz. Cavabdehin əmrin ləğv edilməsinə etiraz etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və xx.xx.2024-cü il tarixli, 00362 saylı əmri ləğv edilməlidir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Odur ki, işə bərpa olunana qədər məcburi iş buraxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqı cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, 50 manat mediasiya rüsumu X1 tutularaq İddiaçı verilməlidir. X1 50 manat ödənilməmiş dövlət rüsumu tutularaq Dövlət nəfinə keçirilməlidir. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, X6 tərəfindən İddiaçı tutduğu satıcı vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 00362 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmri ləğv edilməli, İddiaçı satıcı vəzifəsinə bərpa edilməli, Cavabdeh tərəfindən hazırki qətnamə qanuni qüvvəyə mindiyi günədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı iddiaçıya ödənilməli və 50 manat mediasiya rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X6 tərəfindən qanunsuz olaraq İddiaçı tutduğu satıcı vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 00362 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmri ləğv edilsin və İddiaçı satıcı vəzifəsinə bərpa edilsin. Cavabdeh X6 tərəfindən hazırki qətnamə qanuni qüvvəyə mindiyi günədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. X1 50 manat ödənilməmiş dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-623/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-623/2025
28.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver