Məhkəmə qərarları › İş №2(057)-655/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-655/2025

17.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-655/2025 17.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdelər Cavabdeh1, Cavabdeh2 qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdelər Cavabdeh1 və Cavabdeh2 qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu Parça Xalac kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş 1,78 ha torpaq sahəsinin onların sahibliyinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli, 09 saylı qərarı ilə Salyan rayonu Parça Xalac kəndində onlara məxsus 1,78 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpağı 2010-cu ildə 15 illik heç bir müqavilə olmadan icarəyə Cavabdeh1 vermişlər. Hazırda həmin yeri Cavabdeh1 qardaşı Cavabdeh2 əkir. 15 il tamam olduğu üçün torpağı geri istəsələr də, cavabdehlər torpağı qaytarmırlar. Dəfələrlə onlara şifahi xəbədarlıq etməklərinə baxmayaraq, cavabdehlər onlara məxsus torpaq sahəsindən çıxmırlar. Özlərinə məxsus cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsini istəyirlər. Cavabdehlər torpağı zəbt etdiyi üçün ərazi nümayəndəliyinə və kənd bələdiyyəsinə müraciət etmişlər. Odur ki, iddianın təmin olunmasını və Salyan rayonu Parça Xalac kəndində yerləşən cavabdelər Cavabdeh1, Cavabdeh2 tərəfindən zəbt olunmuş 1,78 ha torpaq sahəsinin onların sahibliyinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçılardan İddiaçı3 və İddiaçı4 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq iddianı müdafiə etdiklərini və məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçılardan İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsaslanaraq, işə iddiaçılardan İddiaçı3, İddiaçı4 və İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh1 bildirmişdir ki, iddia ərizəsində yazılanlar tamamilə yanlışdır və onlara qarşı deyilən böhtan kimi qiymətləndirirlər. Belə ki, iddiaçılar göstərirlər ki, guya 2010-cu ildə həmin torpaq sahəsini 15 illik müqavilə olmadan onların istifadəsinə vermişdir. Faktiki olaraq ərizədə göstərilən şəxslərdən Seyrandan başqa heç bir şəxsi görməmişlər və onlarla heç bir razılaşma olmamışdır. Seyran həmin vaxt pula ehtiyacı olduğundan və ali məktəbdə oxuyan uşaqlarının təhsil haqqını ödəmək üçün torpağını satırdı. Seyran torpağı onlara 5800 (beş min səkkiz yüz) manata satmış və Dövlət aktının əslini vermişdir. Hətta həmin aktın arxasında qeyd etmişdir ki, həmin torpaq sahəsini həmin qiymətə satmışdır. 2020-ci ildə həmin torpaq sahəsini ehtiyacı olduğundan qardaşı Cavabdeh2 6000 (altı min) manata satmışdır. Bildirir ki, nə İddiaçı1 həmin torpaq sahəsini Elçinə satandan sonra heç bir alqısatqı müqaviləsi bağlamamış, nə də özü torpağı qardaşı Elşənə 6000 manata satanda alqı-satqı müqaviləsi bağlamamışdır. Eləcə də, həmin torpaq sahəsini DƏDRX-dən qeydiyyatdan keçirməmiş və çıxarış da almamışdır. Həmin torpaq sahəsinin nə qədər çətin olsa da, insanlıq naminə yenidən Seyrana və onun ailə üzvlərinə qaytaracağına razıdır. Lakin son halda həmin torpaq sahəsini satdığı 6000 (altı min) manat pulu qaytarandan sonra torpaqlarını qaytara bilər. Torpağı 2010-ci ildə alandan sonra torpaq sahəsini münbit hala salmaqdan ötrü xeyli işlər görmüş hər ha-na 300 manatdan olmaqla lazerlə torpağı düzəltmiş və torpaq sahəsi üzərində zəruri kanallar qazdırmaqla xeyli işlər görmüşdür. Əgər Seyran xərclədiyi pulu qaytarmaqdan imtina etsə və torpağı tələb etsə, o da dəymiş ziyanla bağlı haqqını tələb edəcəkdir. Odur ki, iddianın əsassız və ədalətsiz olduğunu bildirərək, həmin iddianı qəbul etmir və iddiaya qarşı öz etirazını bildirmişdir. İddiaçı1 Əflarun oğlunun ondan aldığın 5800 (beş min səkkiz yüz) manat və onun sonradan həmin torpaq sahəsini 6000 (altı min) manata satdığını nəzərə alaraq, həmin 6000 manat pulu onlara qaytaracağı halda torpaq sahəsini iddiaçılara qaytarılmasına tam razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh2 da Cavabdeh1 dediklərini bir daha təsdiq edərək, ona dəymiş ziyan ödənildikdən sonra torpağın qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası KOD 80912048 J№ 0078 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli, 09 saylı qərarı ilə Salyan rayonu Parça Xalac kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 1,78 ha pay torpaq sahəsi verilmişdir. 2011-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı1 məxsus olan torpağın (1.78 ha) Cavabdeh1 satılması qeyd olunmuşdur. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli, 09 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Salyan rayonu Parça Xalac kəndində 1,78 ha pay torpaq sahəsi verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsindən heç bir hüquqi əsas, yəni nə icarə, nə də alqı-satqı müqaviləsi olmadan istifadə etmiş, hazırda həmin torpaq sahəsi Cavabdeh2 istifadəsindədir. İstinad edilən mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 178-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən, əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü hissəyə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə belə hesab edir ki, tərəflər arasında torpaq sahəsinin verilməsi ilə bağlı heç bir rəsmi müqavilə, nə alqı-satqı, nə də icarə müqaviləsi olmadığından, cavabdehlərin həmin torpaq sahəsindən istifadə etməsi hər hansı hüquqi əsasla rəsmiləşdirilmədiyindən, onların iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi qanunsuz sayılır və nəticədə iddiaçıların mülkiyyət hüquqları pozulmuş olur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçıların torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün cavabdehlər mübahisəli torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, iş materiallarında təqdim olunan yazılı sənəddə torpaq sahəsinin satılması ilə bağlı müəyyən qeydlər yer alsa da, həmin sənəd mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Torpaq sahəsinin alqı-satqısı Mülki Məcəlləyə uyğun olaraq, notarial qaydada təsdiqlənmiş müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə rəsmiləşdirilməlidir. Həmçinin qeyd edilməlidir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Bu səbəbdən, təqdim edilən sənəd cavabdehlərin torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüququnu təsdiq edən əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdelər Cavabdeh1, Cavabdeh2 tərəfindən qanunsuz zəbt olunmuş Salyan rayonu Parça Xalac kəndində yerləşən 1,78 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 sahibliyinə geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən, MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdelər Cavabdeh1 Səlamat oğlu və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus Salyan rayonu Parça Xalac kəndində yerləşən 1,78 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar