Məhkəmə qərarları › İş №2(057)-693/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-693/2025

11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-693/2025 11.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Salyan Regional “ASAN xidmət” Mərkəzinin Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında (Salyan şəhəri, Əli Zeynalov küçəsi, 91), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Salyan Regional “ASAN xidmət” Mərkəzinin Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli “hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” Arayışa əsasən X3na məxsus olan, Salyan rayonu, Qarabağlı kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.25 hektar torpaq sahəsinin miras əmlaklar kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakların vərəsəlik yolu ilə mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Qarabağlı kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.25 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 məxsusdur. X8 anasının bibisi, ana babasının bacısıdır. Həmin şəxs ailə həyatı qurmamış, heç bir övladı yoxdur. Qələmkar Qasımovanın anası ilə mehriban qohumluq münasibətləri olmuş, anasına öz övladı kimi münasibət göstərmişdir. Eyni zamanda həmin şəxs ona da öz doğma nəvəsi kimi münasibət göstərmiş, uzun müddət həmin şəxsin evində yaşamaqla ona öz nənəsi kimi qayğı göstərib ona qulluq etmişdir. Aralarında olan doğmalıq münasibətlərinə görə Qələmkar Qasımova özünün Salyan rayonu, Qarabağlı kəndində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ona vəsiyyət etmiş, bu barədə 29 avqust 2007-ci il tarixdə vəsiyyətnamə tərtib etmiş, həmin vəsiyyətnamə müvafiq qaydada Salyan rayon İHB-nın Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində təsdiq edilmişdir. Həmin vəsiyyətnamə dəyişdirilməmiş, ləğv edilməmiş, hazırda da qüvvədədir. X8 05 noyabr 2017-ci il tarixdə vəfat etmiş, həmin vaxtdan həmin şəxsin mirası açılmışdır. Həmin şəxs vəfat etdikdən sonra o, həmin şəxsin miras kütləsinə daxil olan fərdi yaşayış evində yaşamaqda davam etmiş, eyni zamanda evin və həyətyanı torpaq sahəsinin faktiki idarəçiliyini həyata keçirmişdir. Belə ki, indiyədək evin bütün kommunal xidmət haqları, o cümlədən həyətyanı torpaq sahəsinin torpaq vergiləri onun tərəfindən ödənilir. Eyni zamanda vərəsə kimi onun müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Salyan rayonu Qarabağlı kəndində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ilkin sənədlər əsasında mərhum Qələmkar Qasımovaya məxsus olması barədə xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli “hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” Arayış verilmişdir. Bu yaxınlarda o, Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək mərhum Qələmkar Qasımovanın miras kütləsinə daxil olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin vəsiyyət üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirilməsini, adına müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin həmin notariat ofisi bunun mümkün olmadığını bildirməklə imtina etmişdir. Notariat ofisi onun adına vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkünsüzlüyünü onunla əsaslandırmışdır ki, X3 tərəfindən qoyulmuş xx.xx.2007-ci il tarixli 21 reyestr nömrəli vəsiyyətnamədən sonra hər hansı bir digər əlavə vəsiyyətnamənin olub-olmamasını müəyyən etmək mümkün deyil, qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim edilməmişdir, mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Həmin səbəblərə görə notariat ofisi məhkəməyə müraciət etməsini tövsiyyə etmiş, bu barədə 17 dekabr 2024-cü il tarixli 1872g saylı məktub vermişdir. Göründüyü kimi mərhum Qələmkar Qasımova özünün miras əmlaklarını müvafiq icra hakimiyyəti orqanı-Salyan rayon İHB-nın Qarabağlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilməklə vəsiyyətnamə tərtib edib ona vəsiyyət etdiyindən və həmin vəsiyyətnamə hazırda qüvvədə olduğundan mirasa dair qanun üzrə vərəsəliyin müəyyən olunması istisna olunur və mirasa vəsiyyət üzrə vərəsəlik müəyyən olunmalıdır. Eyni zamanda vəsiyyətnamə ilə miras əmlaklar ona vəsiyyət edildiyindən onun mərhum Qələmkar Qasımovanın mirasını vəsiyyət üzrə vərəsəlik qaydasında qəbul etmək üçün subyektiv vərəsəlik hüququ vardır. Miras qoyan mərhum Qələmkar Qasımovanın mirasına dair vəsiyyət üzrə vərəsəlik zamanı onun mirasından məcburi pay almaq hüququ olan şəxslər mövcud deyil. Onun qanun üzrə birinci dərəcəli vərəsələrinin olmaması Salyan rayon İHB-nın Qarabağlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. O, mərhum Qələmkar Qasımovanın mirasını qəbul etmək üçün notariat ofisinə vaxtında ərizə verməsə də miras əmlaklara faktiki olaraq yiyələnməklə onların mülkiyyətçisi olmaq niyyətini və arzusunu ifadə edən hərəkətlər etmişdir. Belə olan halda, hesab edir ki, o, miras qoyan Qələmkar Qasımovanın miras əmlaklarını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, X3 anasının bibisi, ana babasının bacısıdır. Qələmkar ailə həyatı qurmamışdır. Onun övladı yoxdur. Qələmkar Qasımova ilə onun ailəsi bir evli kimi olmuşlar. Qələmkar ona doğma nəvə kimi münasibət göstərmiş, uzun müddət bir evdə yaşamaqla ona öz nənəsi kimi qayğı göstərib ona qulluq etmişdir. Aralarında olan doğmalıq münasibətlərinə görə Qələmkar Qasımova özünün Salyan rayonu Qarabağlı kəndində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ona vəsiyyət etmiş, bu barədə 29 avqust 2007-ci il tarixdə vəsiyyətnamə tərtib etmiş, həmin vəsiyyətnamə müvafiq qaydada Salyan rayon İHB-nın Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində təsdiq edilmişdir. Həmin vəsiyyətnamə dəyişdirilməmiş, ləğv edilməmiş, hazırda da qüvvədədir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Salyan Regional “ASAN xidmət” Mərkəzinin Notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qarabağlı kənd ərazi Nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 21 №-li Reyestrdə qeydə edilmiş Vəsiyyətnamədən görünür ki, X1 rayonu, Qarabağlı kəndində yerləşən 1 mərtəbəli 2 otaqlı evini və həyətyanı torpağını Ərizəçi vəsiyyət edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********91-10301 reyestr nömrəli elektron Çıxarışdan görünür ki, Salyan rayonu Qarabağlı kəndində yerləşən ümumi sahəsi 115,5 kvm olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-70-791/2024 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan RPŞ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə şəxsiyyət vəsiqəsi ilə təmin edilərkən ailə vəziyyəti evli qeyd edilsə də, sonuncunun fərdiuçot kartoçkasında ailə vəziyyəti haqqında bölməsində ailə vəziyyəti subay göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X7 və Əhalinin Dövlət reyestrindən çıxarışdan görünür ki, X8 xx.xx.2017-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin məktubundan görünür ki, X3 tərəfindən qoyulmuş xx.xx.2007-ci il tarixli 21 reyestr nömrəli vəsiyyətnamədən sonra hər hansı digər əlavə vəsiyyətnamənin olub-olmamasını müəyyən etmək mümkün olmadığından, qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim edilə bilmədiyindən mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən vəsiyyət üzrə X10 şəhadətnamənin verilməsi mümkün deyildir. Buna görə də vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X6 surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Salyan şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan RİH Başçısının Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi H.Abdullayev tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, X3nın 1-ci dərəcəli vərəsəsi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan RİH Başçısının Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi H.Abdullayev tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2017-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Salyan rayonu, Qarabağlı kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: Ərizəçi xx.xx.1982-qardaşı nəvəsi. MPM-in 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki iş materiallarından məlum olur ki, Ərizəçi tərəfindən qanun üzrə X10 Şəhadətnamənin başqa qaydada alınması mümkün olmamış, buna görə də o, hüquqi faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. MPM-in 307.2 və 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün ilk növbədə, vərəsəlik hüququnun ümumi müddəaları, qanun üzrə vərəsəlik, mirasın qəbul edilməsi anlayışları ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 1133.1-ci maddəsinin tələbinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1168-ci maddəsinə əsasən, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Mülki Məcəllənin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Salyan rayonu, Qarabağlı kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.25 hektar torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla X3nın adına qeydiyyata alınmışdır. X8 xx.xx.2017-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra Salyan rayonu, Qarabağlı kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.25 hektar torpaq sahəsi miras qalmışdır. X2 ölümündən sonra ərizəçi miras əmlaklara faktiki sahiblik edir. X8 miras əmlaklarını vəsiyyətnamə üzrə Ərizəçi vəsiyyət etmişdir. X3 1-ci dərəcəli vərəsələri yoxdur. Mərhumdan sonra miras əmlakı Ərizəçi istifadə etmiş və edir. Qeyd edilən maddi hüquq normalarının tələblərini və işin hallarını nəzərə alan məhkəmə bildirir ki, miras əmlak miras qoyanın mülkiyyətində olmuş və öz iradəsi əsasında 2 otaqlı fərdi yaşayış evini və həyətyanı torpağını Ərizəçi vəsiyyət etmişdir. “Vəsiyyətnamə” yazılı formada, Salyan rayon, Qarabağlı kənd Ərazi Nümayəndəliyində təsdiq edilməklə, şahidlərin iştirakı ilə tərtib edilmişdir. “Vəsiyyətnamənin” tərtib edildiyi məqamda X8 öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməsini və öz iradəsini aydın ifadə edə bilməsini, fəaliyyət qabiliyyətli olmasını şübhə altına alacaq hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilməli, xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli “hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışa əsasən X3na məxsus olan, Salyan rayonu, Qarabağlı kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.25 hektar torpaq sahəsinin miras əmlaklar kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ərizənin həmin miras əmlakın mülkiyyətinə verilməsi ilə bağlı hissəsi təmin olunmamalıdır. Belə ki, məhkəmə hesab edir ki, miras qalmış əmlakın qəbul etməsi faktı məhkəmə tərəfindən həll edildiyindən notariat ofisi tərəfindən ümumi əsaslarla vərəsəlik şəhadətnaməsi verilməklə həll edilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli “hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışa əsasən X3na məxsus olan, Salyan rayonu, Qarabağlı kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.25 hektar torpaq sahəsinin miras əmlaklar kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsümu ərizəçinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar