Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-722/2025 30.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Gülbala oğlu, İddiaçı2 və İddiaçı4, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 Gülbala oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 Gülbala oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu Kolanı kəndində yerləşən cavabdehlər X2 və X3 tərəfindən zəbt olunmuş 0,44 ha torpaq sahəsinin onların sahibliyinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar yuxarıda qeyd etdiyi ünvanda yaşayırlar. Salyan rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 30 noyabr tarixli, 12 saylı qərarı ilə Salyan rayonu Kolanı kəndində onlara məxsus 0,44 ha pay torpaq sahəsi verilmişdir. Onlar həmin torpağı 2016-cı ildə 08 illik heç bir müqavilə olmadan icarəyə Cavabdeh vermişdir. İcarə müqaviləsinin müddəti başa çatsa da, hazırda həmin yeri Cavabdeh əkib becərməkdə davam edir. 8 il tamam olduğu üçün torpağı geri istəsələr də Cavabdeh torpağı onlara qaytarmır. Dəfələrlə onlara şifahi xəbərdarlıq etməklərinə baxmayaraq, Cavabdeh onların torpaq sahəsindən çıxmır. Onlar özlərinə məxsus cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahələrini istəyirlər. Cavabdeh onlara məxsus torpağı zəbt etdiyi üçün ərazi nümayəndəliyinə və kənd bələdiyyəsinə müraciət etmişlər. Onlar torpağa və sənədlərinə baxış keçirdikdən sonra cavabdehlərin əsassız yerə torpağı zəbt etdiyini, torpağın onların olduğunu, Cavabdeh torpaqdan çıxmadığı üçün məhkəməyə müraciət etməyini məsləhət gördülər. Ona görə də məcbur olub məhkəmədə iddia qaldırmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılardan İddiaçı1 Gülbala oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar İddiaçı2 və İddiaçı4 ayrı-ayrılıqda İddiaçı1 Gülbala oğlunun dediklərini bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçılardan İddiaçı3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsaslanaraq, işə iddiaçılardan İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə bildirmişdir ki, iddia ərizəsində yazılanlar tamamilə yanlışdır və onlara qarşı deyilən böhtan kimi qiymətləndirirlər. Belə ki, atası Cavabdeh İddiaçı1 2017-ci ildə ümumilikdə 1350 (bir min üç yüz əlli) manat nağd pul ödəyərək hər ikisinin qarşılıqlı razılığı ilə öz əl yazısı ilə şəxsi imzasını atdığı sənədlərdən də aydın olduğu kimi torpağı satmışdır. Məhkəməyə təqdim etdiyi izahatlardan görünür ki, Mənsur torpağı satmışdır. Torpağın alınmasına dair aralarında alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu torpağı aldığı tarixdən sonra həmin torpağa aqrotexniki qulluq göstərmək məqsədilə illər üzrə bir sıra xərc tələb edən işlər icra etmişdir. Onun həmin torpağı abadlaşdırıb məhsuldar formaya salınmasına çəkdiyi xərcləri şahidlər də sübut edə bilər. Torpağı aldığı tarixdən bu vaxta kimi torpağın münbitləşməsi üçün ümumilikdə 5770 (beş min yeddi yüz yetmiş ) manat pul xərcləmişdir. Odur ki, iddianın əsassız və ədalətsiz olduğunu bildirərək, həmin iddianı qəbul etmir və iddiaya qarşı öz etirazını bildirmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçıların və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası KOD 80906058 J№ 0095 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə Salyan rayonu Kolanı kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı1 Gülbala oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 0,44 ha pay torpaq sahəsi verilmişdir. Salyan rayonu Kolanı kənd sakini İddiaçı1 Gülbala oğlu tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli izahatın məzmunundan görünür ki, “Salyan rayonu 31 mart 1998-ci il 04 saylı qərarı ilə İddiaçı1 JN-0095 kod 80900658 nömrəli pay torpağımı 0,44 ha övladlarımın razılığı ilə pay torpağımı qohumum Cavabdeh 450 manata satdım. Etirazım yoxdur. Satan: Əkbərov (imza), təhvil alan: Cavabdeh (imza).” Salyan rayonu Kolanı kənd sakini İddiaçı1 Gülbala oğlu tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli izahatın məzmunundan görünür ki, “Verirəm ki, özümə və atama məxsus pay torpağımızı JN 0095 kod 80906058, atamın pay toprağını JN 0095 kod 80906058 razılaşma yolu ilə 900 manata Cavabdeh satıram. İmzamla təsdiq edirəm. Əkbərov (imza), Cavabdeh (imza).” Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı1 Gülbala oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Salyan rayonu Kolanı kəndində 0,44 ha pay torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsindən heç bir hüquqi əsas, yəni nə icarə, nə də alqı-satqı müqaviləsi olmadan istifadə edilmiş, hazırda həmin torpaq sahəsi cavabdehin istifadəsindədir. İstinad edilən mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 178-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən, əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü hissəyə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı, həmçinin, Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə belə hesab edir ki, tərəflər arasında torpaq sahəsinin verilməsi ilə bağlı heç bir rəsmi müqavilə, nə alqı-satqı, nə də icarə müqaviləsi olmadığından, cavabdehin həmin torpaq sahəsindən istifadə etməsi hər hansı hüquqi əsasla rəsmiləşdirilmədiyindən, onun iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi qanunsuz sayılır və nəticədə iddiaçıların mülkiyyət hüquqları pozulmuş olur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçıların torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, iş materiallarında təqdim olunan yazılı sənəddə torpaq sahəsinin satılması ilə bağlı müəyyən qeydlər yer alsa da, həmin sənəd mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Torpaq sahəsinin alqı-satqısı Mülki Məcəlləyə uyğun olaraq, notarial qaydada təsdiqlənmiş müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə rəsmiləşdirilməlidir. Həmçinin qeyd edilməlidir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Bu səbəbdən, təqdim edilən sənəd cavabdehin torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüququnu təsdiq edən əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş Salyan rayonu Kolanı kəndində yerləşən 0,44 ha torpaq sahəsi iddiaçılar İddiaçı1 Gülbala oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 sahibliyinə geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən, MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 Gülbala oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus Salyan rayonu Kolanı kəndində yerləşən 0,44 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-722/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-722/2025
30.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver