Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-749/2024 26.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə evə köçürmə tələbinə dair mülki işə 26 aprel 2024-cü ildə Salyan rayonunda açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində azyaşlı uşağı 26 oktyabr 2008-ci il təvəllüdlü X3 ilə birlikdə Salyan rayonu, Qardili kəndində yerləşən Cavabdeh yaşadığı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 2004-cü il tarixdə cavabdehlə evlənmiş və birgə nikahlarından iki övladı doğulmuşdur. Cavabdehlə əvvəlcə 3 il qaynana evində yaşamış, daha sonra qaynananın adına olan həyətdə ev tikərək, xx.xx.2008-ci il tarixə qədər köçüb orada yaşamışlar. Əri onu döydüyü və təhqir etdiyi üçün atası evinə getmişdir. Bütün əşyaları həmin evdə qalmışdır. Hal-hazırda həmin ev boşdur. Qeyd olunan ev X1 məxsus torpaq sahəsində yerləşir və 3 otaqdan ibarətdir.Həmin evi birgə nikah dövründə tikmişlər. Yaşamağa yeri olmadığından mübahisəli evə köçmək istədiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, 27 sentyabr 2004-cü il tarixdə cavabdehlə evlənmiş və birgə nikahlarında iki övladı doğulmuşdur. İddiaçı onun atasına məxsus evə gəlin köçmüşdür. 2005-ci il tarixdə iddiaçı körpə uşağı da götürüb atası evinə getmişdir. Təxminən iki il atası evində yaşamışdır. Atası evindən qayıtmadıqda, 2007-ci il tarixdə anası da məcbur qalaraq özünə məxsus torpaqda ev tikmiş və 1 otağını da düzəldərək onlara vermişdir. Onlar da həmin evdə yaşamışlar. Yaşadığları vaxtdan aralarında narazılıq olmuşdur. Keçən ilin oktyabr ayında həyətdə olan 2 ədəd cücəni kəsib tələbə oğluna göndərmək istədikdə, sonuncu ona təmizləməyəcəyini demişdir.Ona görə də məcburiyyət qarşısında qalaraq anasına təmizlətdirmişdir. Buna görə aralarında narazılıq baş vermiş və iddiaçı ona hücum edərək ona xəsarət yetirmiş, özü də onu özündən uzaqlaşdırmışdır.İddiaçı polisə şikayət edərək ona xəsarət yetirildiyini bildirmişdir. O vaxtdan azyaşlı uşağı ilə birlikdə atası evinə getmişdir. Həmin ev birgə nikah dövründə tikilmişdir.İddiaçının qeyd olunan evə köçməsinə etirazı yoxdur, sonuncu özünə işıq və qaz xətti çəkməklə yaşaya biləcəyini qeyd etmişdir. Məhkəmədə elan olunmuş Salyan rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması üzrə komissiyasının 15 dekabr 2023-ci il tarixli qərarı ilə məişət zorakılığından zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi, cavabdeh tərəfindən birgə istifadədə olan evdə yaşamaq hüququnu məhdudlaşdıran hərəkətlərə bir daha təkrar yol verilməməsi və məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Elşad Bağırlı tərəfindən araşdırılmış 30 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı və Cavabdeh Salyan RPŞ-nə yazdığı qarşılıqlı ərizələr əsasında toplanmış material üzrə onların əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hər ikisi barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan tədbir görülməsi üçün Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Salyan rayonu İHB-nın Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Babayev tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Salyan rayon Qardili kəndində yaşadığı fərdi yaşayış evinin ümumi sahəsi 118 kvm olmaqla mişar daşından tikilmiş, 3 otaqdan ibarətdir. İddiaçı ailə üzvləri Cavabdeh, X4 və X3 ilə birlikdə həmin fərdi yaşayış evində yaşamışlar. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının köçmək istədiyi ev və həmin evin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqi sənəd işə əlavə olunmamış, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.Tərəflərin izahatlarından da aydın olmuşdur ki, iddiaçının mübahisələndirdiyi yaşayış evi cavabdehin anasına məxsus torpaq sahəsidə yerləşir. Belə olan halda iddiaçının başqa şəxsə məxsus torpaq sahəsində inşa olunmuş evə köçürülməsi qanunvericliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı azyaşlı uşağı 26 oktyabr 2008-ci il təvəllüdlü X3 ilə birlikdə Salyan rayonu, Qardili kəndində yerləşən Cavabdeh yaşadığı evə köçürülməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-749/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-749/2024
26.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver