Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-778/2023 01.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X24 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X12, Cavabdeh, Cavabdehin vəkili və nümayəndəsi X18 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılması və cehiz-əmlakının çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılması və cehiz-əmlakının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və uşaqları xx.xx.2008-ci il təvəllüdlü X19 və xx.xx.2014-cü il təvəllüdlü X14 onun xüsusi mülkiyyətində olan ünvan 1da yerləşən fərdi yaşayış evindən ona məxsus cehiz-əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 yerləşən reyestr nömrəsi **********31-10301 saylı qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Dövlət Reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyəti olan fərdi yaşayış evinin sahəsi 149 kvadratmetrdir. Həmin fərdi yaşayış evində təkcə o və oğlu qeydiyyatdadır. Cavabdeh X3 həyat yoldaşıdır və xx.xx.2021-ci il tarixində Neftçala Rayon Məhkəməsinin 2(053)-33/2021 saylı qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X19 və xx.xx.2014-cü il təvəllüdlü X23 dünyaya gəlmişdir. Cavabdeh və uşaqları özbaşına olaraq onun mülkiyyətində olan fərdi yaşayış evini zəbt etmişdir və hal-hazırda təmir işləri aparmaqla yaşayır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq evdən çıxmaq istəməmişdir. Cavabdehin yaşamağa evi var və başqa ünvanda qeydiyyatdadır. Bilərəkdən onun xüsusi mülkiyyət hüququnu pozurlar. Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X19 və xx.xx.2014-cü il təvəllüdlü X23 yaşadığı fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olduğu üçün Cavabdeh, xx.xx.2008ci il təvəllüdlü X19 və xx.xx.2014-cü il təvəllüdlü X23 mülkiyyətində olan evdən çıxarılmalıdır. Onlarla birgə yaşamaq mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onun mülkiyyətində olan ev iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə onlar, ikinci mərtəbədə cavabdeh yaşayır. Cavabdeh evə məcburi girmişdir. Kifayət evin ikinci mərtəbəsinə çıxan pləkəni beton tökərək bağlamışdır. Cavabdeh otaqları təmir etdirərkən o razı olmamışdır, lakin ona mane ola bilməmişlər. 2022-ci ildə evə mebel alıb qoymuşdur. Cavabdehlə bacara bilmədiyini bildirmişdir. Eyni zamanda İddiaçı məhkəməyə yazılı mülahizə təqdim edərək göstərmişdir ki, sonuncunun təqdim etmiş olduğu etirazdan da, göründüyü kimi onun sosial və maddi imkanı çox yaxşı olmuşdur ki, o, mübahisə evi təmir etdirmək qərarına gəlmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evi X15 məxsus olmuşdur. Sonuncu vəfat etdiyinə görə ona məxsus fərdi yaşayış evi vərəsəlik qaydasında X5 adına keçmişdir. xx.xx.2023cü ildə X11 ona məxsus hal-hazırda mübahisəli fərdi yaşayış evini ona Salyan rayon 2 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən təsdiq olunmaqla bağışlamışdır. Yuxarıda qeyd etdiyi və cavabdehin qeyd etdiyi təmir işləri isə fərdi yaşayış evinin X7 məxsus olduğu dövr olmuşdur. Cavabdehin isə maddi vəziyyəti və diqqətə layiq digər hallarına baxdıqda görürük ki, özü də qeyd etdiyi kimi, yaxşı imkanı vardır və belə imkanı olduğu üçün o evdə hər hansı təmir işləri görmüşdür. Necə olur ki, 2016-cı ildən 2022-ci ilə qədər onun evində yaşamayan cavabdeh mərhələli olaraq təmir işləri aparmışdır. Bu yalan məlumatdır və məhkəməni yanıltmağa çalışmaqdır. 2022-ci ilin sentyabr ayından qayıdan cavabdeh sürətli təmir işlərinə başlamış və bununla bağlı dəfələrlə Misgərli Natiqlə olan mübahisəyə görə polisə müraciət etmişdir. Polisdə aparılan söhbətlərdən sonra ərizəsini geri götürmüşdür. Cavabdeh təmir işləri görmək yerinə özünü yaşayış sahəsi ilə təmin edə bilərdi. Həmçinin cavabdehin təmir etmək adı altında olan işləri o mülkiyyətçinin icazəsi olmadan və ona öz mülkiyyət hüquqlarını həyata keçirməkdə maneəçilik yaradacaq şəkildə etməsi cavabdehin onunla şəxsi ədavətinin olmasını və onun mülkiyyəti olan evi özününküləşdirmək istəyi ilə bağlı olmasını sübut edən faktdır. Odur ki, Cavabdeh və uşaqları xx.xx.2008-ci il təvəllüdlü X19 və xx.xx.2014-cü il təvəllüdlü X23 onun xüsusi mülkiyyətində olan ünvan 1-da yerləşən fərdi yaşayış evindən çıxarılması və ona məxsus olan cehiz-əmlakının çıxarılması haqqında qətnamə çıxarasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X20 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Cavabdeh Salyan Rayon Xəstəxanasında işləyir. Onlar birgə yaşadıqları dövürdə Abşeron rayonu, Xırdalan şəhərində mənzil almışlar və orada bir müddət yaşamışlar. Mənzil cavabdehin bacısının adına rəsmiləşdirilmişdir. Bir yerdə yaşadıqları zamanda xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərmişdir ki, 2007-ci ildə iddiaçının oğlu Natiqlə ailə quraraq mübahisəli evə gəlin köçmüşdür. Uzun müddət həmin evdə yaşamışdır, həmin evə pasport qeydiyyatına düşmək istəsə də Natiq bildirmişdir ki, ev nənəsinin adınadır. Uşağı doğulduqdan sonra qeydiyyatı olmadığı üçün uşağına iki il X17 ala bilməmişdir. Səhhəti ilə ələqadar müalicə olunur. Başqa yaşayış yeri yoxdur. Evin təmir olunması üçün küllü miqdarda pul xərcləmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmişdir. Həmin izahatda göstərmişdir ki, iddianı qəbul etmir və etiraz edir. İddiaçı onun keçmiş qaynanasıdır. O, iddiaçının oğlu X20 ilə 2007-ci ildə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X19 və xx.xx.2014-cü il təvəllüdlü X23 adlı uşaqları doğulmuşdur. Nikahları Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(053)-33/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Ailə qurduqdan sonra o, mübahisəli mənzilə gəlin köçərək orada yaşamağa başlamıdır. Hal-hazırda da uşaqları ilə birlikdə həmin evdə yaşayır. İddiaçı ərizəsində qeyd edir ki, o və uşaqları guya özbaşına olaraq onun mülkiyyətində olan evi zəbt etmişlər, icazəsiz evdə təmir işləri aparmamış və həmin evdə yaşayırlar. Bu iddia tamamilə əsassızdır. Beləki o iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra iddiaçının razılığı ilə həmin evə köçərək orada yaşamağa başlamışdır. Uşaqları da həmin evdə doğulub. Evin təmirinə külli miqdarda vəsait xərcləmişdir. Onun təmir etdiyi hissə yaşayış üçün tamamilə yararsız vəziyyətdə olub. Evdə aparılan bütün təmir işləri iddiaçının razılığı ilə aparılıb. Bununla bağlı aralarında heç vaxt narazılıq olmayıb, aparılan təmir işləri ilə bağlı iddiaçı tərəfindən ona heç bir narazılıq, irad bildirilməyib. Onun evi birdəfəyə təmir etmək üçün kifayət qədər vəsaiti olmadığından təmirə xərclənən vəsaitin əksər hissəsi banklardan kredit olaraq götürülüb, nəticədə təmir işləri mərhələli olaraq aparıldığı üçün uzun müddət çəkib. Bu müddət ərzində iddiaçı tərəfindən nə heç bir aidiyyatı orqana şikayət xarakterli heç bir müraciətin edilməməsi, nə də ona təmirlə bağlı hər hası bir irad bildirilməməsi iddiaçının evin onun tərəfindən təmir edilməsinə razılığı olduğunu təsdiq edir. Əksinə iddiaçı evin tərəfindən təmir edilməsində maraqlı olub. İndi ona məlum olar ki, əslində iddiaçının niyyəti evin onun tərəfindən təmir edildikdən sonra onu evdən çıxarmaq və təmirli mənzilin ona qalması olub. Onun və uşaqlarının mübahisəli mənzildən başqa yaşayış yerləri yoxdur. Odur ki, İddiaçı onun və uşaqlarına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi, vəkil X26 ilk iddianı qəbul etməmiş, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddia ərizəsinə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqiqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışdan görünür ki, fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Salyan rayon 2 saylı Xüsusi Notariat kontorunda xx.xx.2023cü il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, X2 şəhəri, H.Əliyev küçəsi, ev 169 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi qardaşı arvadı olan İddiaçı hədiyyə etmişdir. İş materiallarında olan X10 ksero surətindən görünür ki, X20 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış, həmin tarixdən nikahın bağlanması haqqında akt qeydləri kitabında 504 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X6 ksero surətlərindən görünür ki, X20 ilə Cavabdeh nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X19 və xx.xx.2014-cü il təvəllüdlü X23 doğulmuşdur. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il 1016 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında yaşayır, Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Salyan şəhəri, A.Pənah adına 1 saylı humanitar fənlər təmaüllü məktəb-liseyinin xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, X19 İX sinifdə, X23 isə İV siniftə xx.xx.2022-ci il tarixdən təhsil alırlar. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(053)-33/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ksero surətindən görünür ki, X20 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Salyan Rayon VVADQ Şöbəsi tərəfindən 504 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh X20 (iddiaçının oğlu) ilə xx.xx.2007-ci il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq mübahisəli mənzildə birgə yaşamağa başlamışlar. Həmin vaxt evin mülkiyyətçisi iddiaçının qaynanası X21 olmuş, sonuncu vəfat etdikdən sonra vərəsəlik qaydasında xx.xx.2022-ci il tarixdə X5 mülkiyyətinə keçmişdir. xx.xx.2023-cü il tarixdə həmin fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh 2007-ci ildə iddiaçının oğlu ilə ailə qurmuş və mübahisəli fərdi yaşayış evində yaşamağa başlamışdır. Tərəflər arasında hüquq münasibətləri 2007-ci ildə yaranmışdır. İşdən görünür ki, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü deyildir və əvvəlki mülkiyyətçi eləcə də hazırki mülkiyyətçi ilə cavabdeh arasında mənzilindən istifadə etməyə dair yazılı şəkildə bağlanan razılaşma olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında qeyd edilir ki, MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. Müraciətə görə isə MM-in 228.5-ci maddəsində əks olunan bu müddəanın, yəni “mülkiyyətçinin razılığı”nın təcrübədə müxtəlif təfsirinə, o cümlədən mülkiyyətçi tərəfindən digər şəxslərin köçürülməsinə etirazın edilməməsinin faktiki razılıq kimi qəbul edilməsinə rast gəlinir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, MM-in 228.5ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığı” yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X19, xx.xx.2014-cü il təvəllüdlü X23 və Cavabdeh məxsus olan cehiz əmlakları iddiaçı X8 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Eyni zamanda Cavabdeh izah olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi xərclərlə bağlı məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X19, xx.xx.2014-cü il təvəllüdlü X23 və Cavabdeh məxsus cehiz-əmlakları ilə birlikdə iddiaçı X8 məxsus ünvan 4 ünvanına yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-778/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-778/2023
01.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver