Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-97/2024 22.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Cavabdeh iştirakı ilə torpaq sahəsinin tələbi barədə mülki işə Salyan rayonunda açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xalac bələdiyyəsinin sədri Pərvanə Rzayeva rayon məhkəməsinə verdiyi iddia ərizəsində bələdiyyə mülkiyyətinə aid Cavabdeh tərəfindən zəbt olunmuş 0,03 ha ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Xalac bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bələdiyyə sədri məhkəməyə ərizə ünvanlayaraq iddianın müdafiə etdiyini,işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının nümayəndsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh blldirmişdir ki, Xalacda yaşayır, mülkiyyətində 0.68 ha torpaq sahəsi var. Bələdiyyənin iddia etdiyi torpaq sahəsi 1949-ildən atasının istifadəsində olmuş, həmin sahə çəpər daxili sahə olmuşdur. Ondan atası yol kimi istifadə etmişdir. Bələdiyyə sübuta yetirə bilmir ki, bu torpaq sahəsi onundur. Bələdiyyənin iddiası əsassızdır. Həmin yer onun sahəsidir. Onun çəpərdaxili torpağıdır. 80 ildir ki, atası istifadə etmişdir.Odur ki, verilmiş iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 24 iyun 2022-ci il tarixli **********82 saylı məktubundan görünür ki, Salyan rayon , Xalac bələdiyyəsinin hüdudları daxilində yerləşən torpaq sahəsinin hansı kateqoriyaya aid olması və mülkiyyət mənsubluğu ilə bağlı məlumat verilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsində baxılaraq bildirmişdir ki, 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi tərəfindən qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada təyin edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasında olmaqla bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan küçə və yollar kimi göstərilmişdir. Məhkəmədə elan olunmuş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli 2(106)-1969/2021 saylı qərardadından görünür ki, İddiaçı sədr əvəzi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-1439/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X3 qarşı yaradılmış manelərin aradan qaldırılması və qanunsuz qoyulmuş darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 11 iyun 2024-cü il tarixli 3-21-3-38/2- 1573/2024 saylı rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********14-10301 qeydiyyat nömrəsi olan, ********** saylı, 24 dekabr 2017-ci ildə qeydiyyata alınmış çıxarışa əsasən Salyan rayonu Xələc kəndində yerləşən iş üzrə cavabdeh, Salyan rayonu Xələc kəndində yaşayan Cavabdeh atası X2 mülkiyyətində olan 0.53 ha, faktiki isə istifadədə olan 0.6740 ha torpaq sahəsinin sərhədləri naturada GPS aləti vastəsilə müəyyən edilmişdir. İddiaçının tələb etdiyi 0.03 ha, faktiki isə 0.024 ha olan mübahisəli torpaq sahəsi, Torpaqların elektron kadastr uçotu məlumatlarına əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid, Xələc Bələdiyyəsinin mülkiyyətində olan, yollar və küçələr olan torpaq sahəsidir. Mübahisəli olan 0.024 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Xalac bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0,024 ha hissəsini Cavabdeh qanunsuz olaraq istifadə etməklə bələdiyyənin mülkiyyət üzərində hüquqlarını pozmuşdur.Qeyd olunan torpaq sahəsi cavabdehdən alınmaqla bələdiyyənin mülkiyyət hüququ bərpa olunmalıdır. İddiaçının tələb etdiyi 0,03 ha torpaq sahəsi ilə bağlı məhkəmə qeyd edir ki, faktiki olaraq , Xalac bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0,024 ha hissəsi cavabdehin istifadəsindədir.Ona görə də məhkəmə iddianın qismən təmin olunmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən zəbt olunmuş bələdiyyə mülkiyyəti hesab olunan 0,024 ha ümumi istifadədə olan torpaq sahəsi, yol zəbtdən azad olunsun və həmin sahə Xalac bələdiyyəsinin sahibliyinə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-97/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-97/2024
22.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver