Məhkəmə qərarları › İş №2(058)-1106/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1106/2023

17.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1106/2023 17.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1, Orucova (Nəsibova) Könül Azər qızının və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Orucova (Nəsibova) Könül Azər qızına və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma və pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Orucova (Nəsibova) Könül Azər qızına və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Ağasıbəyli kənd Bələdiyyəsində alqı-satqı müqaviləsi əsasında aldığı 1,04 ha pay torpaq sahəsindən cavabdehlərin çıxarılması və ya 1,04 ha pay torpaq sahəsi üçün ödədiyi 1800 manat pulun hazırki məzənnəyə uyğun olaraq qaytarılması barədə qətnamə çıxrılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 19 dekabr 2012-ci il tarixdə Samux rayonu, Ağasıbəyli kənd Bələdiyyəsində alqı-satqı müqaviləsi əsasında 1800 manat məbləğində X1 1,04 ha pay torpaq sahəsi almışdır. Həmin zaman Samux rayonu, Ağasıbəyli kənd İƏD-si üzrə nümayəndəliyində notariat kontorunda aktda adları göstərilən şəxslər imza etməklə təsdiq edilmişdir. X4 vəfat etmiş, o, X3 dəfələrlə torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini bildirsə də, onun aldadaraq günü-günə satmışdır. Həmin torpaq sahəsini X2 ailə üzvləri qanunsuz olaraq müdaxilə etməklə onun həmin torpaq sahəsinə girməsinə maneələr yaratmışlar, aralarında mübahisələr yaranmışdır. O, həmin torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinə müxtəlif gübrələr verməklə, torpaq sahəsini hamarlatmaqla münbit torpaq sahəsinə çevirmiş, torpaq sahəsini aldıqdan sonra dəyərindən artıq xərc çəkmişdir. O, cavabdehlərdən torpaq sahəsini və ya torpaq sahəsi üçün verdiyi pulun hazırki dəyərini tələb edir, həmin torpaq sahəsi 2012-ci ildə 1800 manat idisə, hazırda 8000 manatdır. O, X2 ailə üzvlərinə həmin torpaq sahəsinin ona məxsus olmasına dair aktı təqdim edərək torpağın ona məxsus olmasını, istifadə etməsini bildirsə də, cavabdehlər ona heç bir məhəl qoymamış, heç bir əsas və şəbəb olmadan onun öz torpaq sahəsindən istifadə etməsinə imkan verməmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbi ilə razı olmayaraq bildirdi ki, mübahisəli torpaq sahəsi dövlət aktına əsasən onların ümumi mülkiyyətində olmuş, hazırda isə ona və ailə üzvlərinə məxsusdur, həmin torpaq sahəsini mərhum əri iddiaçıya satmamış, mərhum ərinin dediyinə görə yalnız icarəyə vermişdir. Onların maddi imkanları yaxşı olmadığına görə həmin torpaq sahəsini özləri əkib-becərmək və qazanc əldə etmək niyyətindədirlər. Həmin torpaq sahəsinə dair onun mərhum əri tərəfindən iddiaçıdan hər hansı bir məbləğdə pulun alınması barədə məlumatı olmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Orucova (Nəsibova) Könül Azər qızı məhkəmə iclasında iddia tələbi ilə razı olmayaraq, Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia tələbi ilə razı olmayaraq bildirdi ki, Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. xx.xx.1998-ci il tarixli JN-184 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-dan görünür ki, Samux Rayonu, Alıuşağı kənd sakinləri X3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Samux rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.44 hektar torpaq sahəsi verilmişdir. xx.xx.2012-ci il tarixli aktın surətindən görünür ki, Alıuşağı kənd Bələdiyyə sədri X4 özünə məxsus olan akt 184 nömrəli, 1.04 ha pay torpaq sahəsini Alıuşağı kənd sakini İddiaçı alqı-satqı yolu ilə 1800 (bir min səkkiz yüz) manata satmış və həmin 1800 manatın 800 (səkkiz yüz) manatını akt tərtib olunan gün, yəni xx.xx.2012-ci il tarixdə, qalan 1000 (bir min) manatını isə xx.xx.2013-cü il tarixdə verməlidir. xx.xx.2021-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.5182 ha torpaq sahəsi 1/4 pay hissələrlə Cavabdeh3, Cavabdeh1, X3 və Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.5211 ha torpaq sahəsi ümumibirgə pay hissələrlə Cavabdeh3, Cavabdeh1, X3 və Cavabdeh2 məxsusdur. Məhkəmə iclasında iddiaçı mərhum X3 pul verilməsini təkidlə bildirsə də, həmin pulun mərhum X3 verilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia tələbində mübahisə edilən torpaq sahəsi hazırda cavabdehlərin paylı mülkiyyətində olduğundan iddia tələbinin “torpaqdan çıxarılma” hissəsinə qiymət verilməsi lüzümsüzdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində pul tələbini sübut etməlidir. İddiaçı tərəfindən isə tələblərini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünün izahatı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Orucova (Nəsibova) Könül Azər qızına və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma və pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar