Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1112/2023 05.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X14 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ində yerləşən, mülkiyyətində olan evə dair Cavabdeh istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qardaşı X8 Cavabdeh ilə ailə həyatı quraraq evlənmişlər. Məhkəmə qaydasında nikahları pozulmuş, Cavabdeh hazırda başqa şəxslə ailə həyatı qurmuşdur. Cavabdeh başqa şəxslə ailə həyatı qurmasına baxmayaraq evləndiyi şəxslə bərabər onun mülkiyyətində olan keçmiş gəlin gəldiyi evə köçərək onlarla bərabər yaşamaq istəmişdir. Cavabdeh bu istəyi Azərbaycan Respublikasının nə adətinə yaraşmaz, nə də o, razı olmur ki, keçmiş həyat yoldaşı ilə yeni həyat yoldaşı bir evdə yaşasın. Bu səbəbdən Cavabdeh onun mülkiyyətində olan evə dair istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkıməyə müraciət etməli olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh 4000 (dörd min) manat məbləğində kompensasiya verərək evdən istifadə hüququna xitam verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 14 nəfər dəstə ilə onun mülkiyyətinə özbaşına girərək məhkəmə qətnaməsi olmadan evinə maddi zərər vurmuş, evinin qiymət dəyəri düşmüşdür. Evi satışa çıxarsa belə evin bazar qiyməti 12000-13000 manat məbləğində təşkil etməkdədir. Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, Cavabdeh onun mülkiyyətinə girməsinə, evindən istifadə etməsinə razı deyil, səbəb Nuranənin onun qardaşının sabiq həyat yoldaşı olmuş, hazırda onunla düşmən münasibətindədirlər. Bundan başqa, Nuranə gah başqa kişi ilə evlənir, gah ayrılır, insanlarının içərisində nişanlandığını deyərək müxtəlif hərəkətlərlə adətə yaraşmayan addımlar atmışdır. Yəni o cür həyat tərzi keçirən bir şəxsin, onunla ədavətdə olan bir insanın onun mülkiyyətinə girərək yaşaması onun ailə münasibətlərinə, adətlərinə ziddir. Hər gün evində dava — dalaş, söz — söhbət yaranmasını qətiyyən istəmir. Sorğu edilsə Cavabdeh torpağı və bina evində mənzili var, yəni cavabdeh yaşayışsız deyildir. Bu səbəbdən də, Cavabdeh kompensasiya düşmür, lakin o, qanunvericiliyi nəzərə alaraq 4000 manat məbləğində pul verir ki, cavabdehin istifadə hüququ onun evində xitam olunsun və istifadə hüququnun itirilməsinə dair mülki işin icraatına xitam verilsin. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsi ilə və təklif olunan kompensasiya məbləği ilə qəti olaraq razı deyildir. Kompensasiyanın məbləği həddindən artıq azdır. Həmin məbləğ 7000 manat və ya 8000 manat olsa razı ola bilər. O, bildirdi ki, mübahisəli evə gəlin köçmüş, sonradan aralarında yaranmış mübahisəyə görə ayrılmışlar, cehiz əşyalarının müəyyən hissəsini mübahisəli evdən çıxarmışdır. Hazırda o, ünvan 2ində qeydiyyatdadır, lakin faktiki olaraq Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən ipoteka ilə aldığı evdə yaşayır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.04.21-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı X9, qızı İddiaçı, oğlu X8, qızı X6 miras əmlakdan 1/4 hissədə irs almışlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1/4 hissə pay ilə X3, X1, İddiaçı və X4 adlarına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, ünvan 2ində yerləşən ümumi sahəsi 129.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.13 ha olan torpaq sahəsi paylı mülkiyyət üzrə X9, X6 və X8 tərəfindən İddiaçı bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2ində yerləşən ümumi sahəsi 129.4 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.13 ha torpaq sahəsinin İddiaçı tam mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyster kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısının Qovlarsarı kənd Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş 273 nömrəli arayışdan görünür ki, Qovlarsarı kəndində evlərin kirayəsi, şəraitindən asılı olaraq 50-100 manat arasında dəyişir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə X7 kənd tərəfindən İddiaçı verilmiş 07 nömrəli arayışdan görünür ki, Qovlarsarı kəndində evlərin kirayəsi, şəraitindən asılı olaraq 50-100 manat arasında dəyişir. İş materiallarında olan əmlak qiymətləndirmə arayışından görünür ki, ünvan 2ində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli daşınmaz əmlakın 129.4 kv.m olan mülkiyyətinin ümumi qiyməti 14.400 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən 0.13 ha torpaq sahəsinin üzərində inşa edilmiş 129.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə aylıq kirayə haqqı 80 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən 0.13 ha torpaq sahəsinin üzərində inşa edilmiş 129.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə real bazar dəyəri 15860 (on beş min səkkiz yüz altmış) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, ünvan 2ində yerləşən fərdi yaşayış evi 1/4 hissə pay ilə X3, X1, İddiaçı və X4 adına qeydə alınmış, lakin sonradan bağışlanma müqaviləsi əsasında onlar İddiaçı bağışlamışlar. Hazırda yaşayış evi İddiaçı mülkiyyətindədir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, mübahisəli yaşayış evi tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehin isə mübahisəli yaşayış evində istifadə hüququ vardır və iddiaçı qüvvədə olan mülki qanunvericiliyin tələbləri əsasında hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə tam haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi hazırkı işdə cavabdeh mübahisəli yaşayış evinə istifadə hüququnu notarial qaydada təsdiq olunmuş yazılı razılaşma əsasında deyil, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən ailə münasibətləri əsasında əldə etmiş və həmin hüquq hazırda iddiaçı tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikası MM-in istifadə hüququna kompensasiya müqabilində xitam verilməsi məsələlərinin təsbit olunduğu 228.2-ci maddəsinin hərfi mənasına görə, mülkiyyətçinin mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiyanın müqabilində xitam verilməsini tələb etmək hüququ mənzildən istifadə hüququnun əmələ gəlməsini və həyata keçirilməsini tənzimləyən notariat qaydada təsdiq olunmuş yazılı razılaşma bağlandığı, lakin istifadə hüququnun üçüncü elementi - ona xitam verilməsi barədə tərəflər arasında razılığın əldə edilmədiyi hallarda yaranır. Məhkəmə qanunvericiliyin tələbləri baxımından iddiaçının kompensasiya verilməsi yolu ilə cavabdehin mübahisəli yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsini tələb etmək hüququnu əsaslı hesab edir. Məhkəmə işin faktiki hallarına, yəni tərəflər arasında olan ailə münasibətlərinə, onların bir evdə yaşamasının qeyri-mümkün olmasına, iddiaçı ilə cavabdehin qeyri- normal münasibətlərinə qiymət verərək hesab edir ki, belə bir şəraitdə istər iddiaçının, istərsə də cavabdehin birlikdə yaşaması mümkün deyildir. Bundan başqa cavabdeh məhkəmə iclasında başqa ünvanda – yəni özünün ipoteka ilə aldığı Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən evdə yaşadığını və özünə məxsus əşyaların müəyyən hissəsini mübahisəli yaşayış evindən çıxardığını bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ədalətli kompensasiya müqabilində tərəflərin mənzil hüququnu ayrı-ayrılıqda reallaşdırılması onların hər ikisinin maraqlarına cavab verir. Kompensasiyanın məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə hallarda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Belə ki, «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin müddəlarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edibetməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsinə olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Göründyü kimi, iddiaçı tərəfindən cavabdehə 4000 (dörd min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının cavabdehə 4000 (dörd min) manat kompensasiya ödəməklə cavabdehin mübahisəli yaşayış evi olan istifadə hüquqlarına xitam verilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Marckx Belçikaya qarşı» xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, o cümlədən Mülki Məcəllənin 152-ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarından sərbəst və səmərəli istifadə etmək istəyi tam əsaslıdır, onun qeyd edilən kompensasiya müqabilində mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evinə istifadə hüququ ilə yüklülükdən azad etməsi tam qanuna əsaslanır və bu heç bir halda onun öz mülkiyyət hüquqlarından başqasının hüquq və azadlıqlarının pozulmasında istifadə kimi qiymətləndirilə bilməz. Ona görə də, məhkəmə mülkiyyətçi tərəfindən cavabdehə təklif edilmiş 4000 (dörd min) manatın qarşılığında cavabdehin istifadə hüququna xitam verilməsini işin faktiki hallarına, eləcə də məhkəmə iclasında tədqiq edilmiş sübutlara görə mümkün edən ədalətli əvəz kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı məxsus ünvan 2ində yerləşən ümumi sahəsi 129.4 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüququna 4000 (dörd min) manat kompensasiya ödənilməklə xitam verilməlidir. Bundan əlavə, cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi və ona kompensasiyanın ödənilməsi bir-biri ilə bağlı olduğundan məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməsi və ona kompensasiyanın ödənilməsi eyni anda icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul kompensasiya verilsin və onun İddiaçı məxsus ünvan 2ində yerləşən ümumi sahəsi 129.4 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin və o, həmin ünvandan çıxarılsın. Cavabdeh ünvan 2ində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və İddiaçı tərəfindən Cavabdeh 4000 (dörd min) manat məbləğində kompensasiyanın ödənilməsi eyni anda icra edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1112/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1112/2023
05.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver