Məhkəmə qərarları › İş №2(058)-1133/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1133/2025

23.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1133/2025 23.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi "xxxx" MMC-nin təsisçisi Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi "xxxx" MMC-nin təsisçisi Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 MMC-nin Xidmətçi kooperativinin hüquqi varisinin olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək müəyyən etdi ki, iddianın yolverilməzliyinə görə ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması dedikdə o nəzərdə tutulur ki, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 113.2-ci maddəsinə əsasən kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.2-ci maddəsinə əsasən cəmiyyət bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər. Göründüyü kimi qanunvericilik kooperativin ləğvini və yeni cəmiyyətin yaradılmasının qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı işlərlə bağlı isə qeyd olunmalıdır ki, qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu və 310-cu maddələrinə görə isə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizədən göründüyü kimi, ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini istəsə də, bununla bağlı məhkəməyə təqdim etdiyi ərizə xüsusi icraat qaydasında baxılmalı olan ərizənin forma və məzmununa uyğun tərtib edilməmiş, faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu ərizədə göstərilməmiş, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair sübutlar (müvafiq maraqlı şəxsin imtinası və s) ərizəyə əlavə edilməmişdir. Ərizəçiyə izah olunmalıdır ki, ərizədə göstərilən tələblə aidiyyəti üzrə Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin müvafiq orqanlarına müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi "xxxx" MMC-nin təsisçisi Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq orqanlarına müraciət edə bilər. Qərardadan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar