Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-119/2023 31.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayənədəsi X2 iştirakları ilə, İddiaçı Xalıqverdi oğlunun cavabdeh Samux rayon Ziyadlı Bələdiyyəsinə qarşı “icarə hüququ ilə istifadəsində olan torpağın alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Xalıqverdi oğlu cavabdeh Samux rayon Ziyadlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu Ziyadlı kəndində yerləşən, icarə hüququ ilə onun istifadəsində olmuş 1 ha torpaq sahəsinin cavabdeh Samux rayon Ziyadlı Bələdiyyəsindən alınaraq onun istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Samux rayon Ziyadlı kəndində yaşayır. Samux rayon Ziyadlı Bələdiyyəsi ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən Samux rayonu Ziyadlı kəndində yerləşən 1 ha torpaq sahəsi 99 il müddətinə onun istifadəsinə verilmişdir. Lakin hazırda bələdiyyə onun həmin torpaqdan istifadəsinə imkan vermir. Bu səbəbdən də, o, məcburiyyət qarşısında qalaraq məhməkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək bildirdi ki, sözügedən torpağa dair icarə müqaviləsi 2007-ci il tarixdə onun mərhum əri Xalıqverdi ilə Ziyadlı Bələdiyyəsi arasında bağlanmışdır. Əri vəfat etdikdən sonra isə həmin müqavilədə bələdiyyə tərəfindən düzəlişlər olunaraq, lakin müqavilənin bağlanma tarixi köhnə tarix, yəni mərhum əri ilə bağlandığı tarix göstərilərək icarəçi kimi oğlu Süleyman qeyd olunmuşdur. Müqavilə əsasında onlar bir neçə il həmin torpaqdan istifadə etmişlər, lakin 2022-ci ildən Ziyadlı Bələdiyyəsi həmin torpağın onlar tərəfindən istifadə olunmasına imkan verməmişdir. Ona görə də sözügedən torpaqdan icarə hüququ ilə istifadə etmələrinə bələdiyyə tərəfindən yaradılan maneənin aradan qaldırılması və torpağın istifadələrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Samux rayon Ziyadlı Bələdiyyəsinin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, sözügedən torpaq sahəsi əkinə yararlı torpaq deyil, həmin torpaq ictimai tikinti olan yerdə yerləşir. O, bələdiyyə sədri seçiləndən həmin torpağa dair icarə haqqı ödənilməyib və hazırda həmin icarə müqaviləsinə dair nə bələdiyyənin arxivində, nə də dövlət arxiv fondunda heç bir sənəd yoxdur. İddiaçının həmin torpaq sahəsinə dair heç bir hüququ yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş torpağın icarəyə verilməsi haqında 18 aprel 2007-ci il tarixli müqavilədən görünür ki, Samux rayon Ziyadlı kənd Bələdiyyəsi ilə İddiaçı Xalıqverdi oğlu arasında 18 aprel 2007-ci il tarixdə 1 ha torpaq sahəsinin 99 il müddətinə icarəçiyə icarəyə verilməsinə dair razılıq əldə olunmuş, həmin müqavilə Samux rayonu Ziyadlı Bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə iddiaçının iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçının nümayəndəsi mərhum əri Heydərov Xalıqverdi ilə Ziyadlı Bələdiyyəsi arasında torpağın icarəyə verilməsi haqqında 2007-ci ildə müqavilə bağlandığını, ərinin vəfatından sonra isə həmin müqavilədə həmin tarixdən oğlu Süleyman icarəçi kmi göstərilməklə müvafiq düzəlişlər olunduğunu, oğlunun həmin müqaviləyə əsasən torpaqdan istifadə hüququnun olduğunu və hazırda cavabdeh tərəfindən oğlu İddiaçı həmin torpaqdan istifadəsinə maneə yaradıldığını iddia edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının nümayəndəsi onun oğlu tərəfindən icarə hüququ ilə sözügedən torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehin maneə yaratmasını iddia etdiyindən ilk növbədə iddiaçının həmin torpaq sahəsinə hüququnun olması, yəni bu iddianı qaldırmaq üçün onun subyektiv hüququnun mövcudluğu sübuta yetirilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olmasını məhkəməyə təqdim etdiyi icarə müqaviləsi ilə əsaslandırır. Halbuki məhkəmə iclasında o, istinad etdiyi icarə müqaviləsinin, müqavilədə göstərilən tarixdə əslində mərhum əri Xalıqverdi Heydərovla bağlandığını, ərinin vəfatından sonra isə sözügedən müqavilədə əri ilə bağlanmış tarixdən oğlu İddiaçıla bağlanması barədə müvafiq qeyri-qanuni düzəlişlər aparıldığını bildirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə notarial qaydada bağlanmamış və bu səbəbdən dolayısıyla şəxsin icarə hüququ dövlət qeydiyyatına alınmamışdır. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı Xalıqverdi oğlunun cavabdeh Samux rayon Ziyadlı Bələdiyyəsinə qarşı Samux rayonu Ziyadlı kəndində yerləşən 1 ha torpaqdan istifadə tələbinə dair iddia tələbi iddiaçının subyektiv hüququ olmaması əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-119/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-119/2023
31.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver