Məhkəmə qərarları › İş №2(058)-123/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-123/2023

18.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-123/2023 18.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Teymur oğlu və Cavabdeh2 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə hüququ ilə istifadəsində olan Samux rayonu, Seyidlər kəndində yerləşən 4,6 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 Teymur oğlunun və Cavabdeh2 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Samux rayonu Seyidlər Bələdiyyəsindən 18 fevral 2022-ci ildən 18 fevral 2037-ci ilədək müddətə 4,6 ha torpaq sahəsini icarəyə götürmüş, icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər həmin torpaq sahəsindən heç bir əsas olmadan qanunsuz istifadə etməklə onun hüquqlarınə pozurlar. Dəfələrlə cavabdehlərdən qanunsuz hərəkətlərini dayandırmağı tələb etsə də nəticəsi olmamışdır, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir üzürlü səbəb bildirməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********79 reyestr nömrəli çıxarışın suətindən görünür ki, Samux rayonu, Seyidlər kəndində yerləşən 4,6 ha kənd təsərrüfatı təyinatlı torpaq icarə hüququ ilə İddiaçı istifadəsinə verilib. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazin İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisəli əraziyə baxış keçirilmiş, baxışda cavabdehlər iştirak etməmişlər. İddiaçı mövcud mübahisə halı səbəbindən icarəsində olan torpaqdan faktiki olaraq istifadə edə bilmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi icarə hüququ ilə iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçının iddia etdiyinə görə cavabdehlər həmin torpaq sahəsindən əsassız olaraq istifadə edirlər. Hazırda iddiaçı icarə hüuqu ilə onun sahibliyində və istifadəsində olan torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi onun əmlak hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli torpaq sahəsi icarə hüququ ilə rəsmi olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Cavabdehlərin məhkəmə mübahisəsi olan məsələyə dair, həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmalarına baxmayaraq məhkəmə iclasına gəlməmələri sözügedən torpaq sahəsinin onlar tərəfindən istifadə olunmasının inkar edilmədiyi anlamına gəlir. Məhkəmə hesab edir ki, iddiaçı rəsmi olaraq sahibliyində və istifadəsində olan əmlaka kənar müdaxilənin qarşısının alınmasını tələb etməkdə haqlıdır. Belə olan halda iddia təmin olunmalı, cavabdehlər icarə hüququ ilə iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi̇ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Teymur oğlu və Cavabdeh2 icarə hüququ ilə İddiaçı sahibliyində və icarəsində olan, Samux rayonu, Seyidlər kəndində yerləşən 4,6 ha torpaq sahəsindən çıxarılsınlar. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar