Məhkəmə qərarları › İş №2(058)-1254/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1254/2023

17.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1254/2023 17.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, torpaqdan çıxma və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, torpaqdan çıxma və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Samux rayonu, Ziyadlı kəndi inzibati ərazisində yerləşən 3.0599 ha torpaq sahəsində dair bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsindən cavabdehin çıxarılaraq ona təhvil verilməsi, torpaq sahəsinin boşaldılması, aylıq 900 manat icarə haqqının və 6290 manat pul vəsaitinin (gübrə pulunun) ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Ziyadlı kəndi inzibati ərazisində yerləşən ona məxsus 3.0599 ha torpaq sahəsinin ünvan 1 ünvanda yaşayan Cavabdeh icarəyə verilməsinə dair öz aralarında razılaşaraq nümayəndələri vasitəsiilə notarial qaydada xx.xx.2022-ci il tarixli icarə müqaviləsi imzalamışlar. İcarə müddəti xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir. İcarə müqaviləsində göstərildiyi kimi icarə məbləği aylıq 900 manat olaraq müəyyən edilmişdir. Müqavilədə göstərilmişdir ki, icarəçi torpaq sahəsinə digər şəxsə icarəyə verə bilməz, həmçinin müqavilədə kommunal xərclərin (elektrik, qaz, su, telefon abonə və danışıq xərcləri) icarəçi tərəfindən ödəniləcəyi göstərilmişdir. Həmçinin torpaq sahəsində əvvəllər onun tərəfindən alınan 3700 ABŞ dolları (6290 manat) dəyərində olan gübrə bazardan əlavə daşıma xərci olmamasına görə cavabdehin təklifinə əsasən öz aralarında olan razılığa əsasən mövcud bazar qiymətinə uyğun olaraq cavabdehə satılmışdır. Həmin gübrə pulunun qaytarılması üçün şifahi razılığa əsasən 3 ay ərzində cavabdeh həmin məbləği ona ödəməli idi. Faktiki olaraq isə icarə müqaviləsinin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq icarəçi tərəfindən icarə müqaviləsinin 4-cü bəndinin şərtləri pozularaq icarə haqqını ödənilməmişdir. Həmçinin cavabdeh tərəfindən icarə müqaviləsinin 6-cı bəndinin tələbləri pozularaq torpaq sahəsi digər şəxs və ya şəxslərin icarəsinə verilmişdir. Şifahi olaraq öz aralarında razılaşdıqları 6290 manat (gübrə pulu) məbləği də razılaşmadan 6 ay küçməsinə baxmayaraq ona ödənilməmişdir. Hazırkı mübahisədə cavabdeh torpaq sahəsindən faktiki olaraq istifadə edərək, yəni həmin torpaq barəsində müqavilə şərtlərini pozaraq torpağı digər şəxsin icarəsinə vermiş, icarə haqqını və gübrəyə görə ödəməli olduğu 6290 manat pulu ödəməkdən imtina edir. Yaranmış problemin məhkəmədə əvvəl həll edilməsi üçün tərəfindən 25 may 2023-cü il tarixdə cavabdehə məktubla xx.xx.2022-ci il tarixdə aralarında bağlanmış Samux rayonu Ziyadlı kəndi inzibati ərazisində yerləşən 3.0599 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixinədək icarəyə verilməsinə dair icarə müqaviləsinin şərtlərini 5 aylıq icarə pulunu, kommunal ödənişləri ödəmədiynə görə pozduğu üçün icarə müqaviləsinin ləğvi, icarə haqqı və kommunal ödənişlərin və gübrə pulunun ödənilməsi ilə bağlı yaranmış problemi məhkəmədən əvvəl pretenziya təklifinə cavab verərək etməyi barədə müraciyət etmişdir. Pretenziya təklif edilsə də təklifinə cavab verilməmişdir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa əsasən mediasiya prosesinin keçirilməsi barədə təklifi də cavabdeh tərəfindən qəbul olunmamışdır. Odur ki, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciyət etmək hüququndan istifadə edərək məhkəmədən əvvəl keçirilməsi tələb olunan prosesləri keçdiyinə görə torpaq sahəsinin Samux rayon ərazisində yerləşməsinin nəzərə alaraq məhkəməyə müraciyət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclasının vaxdı və yeri barədə rəsmi xəbərdarlıq edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-də edilmiş 09 iyul 2019-cu il tarixli dəyişikliklərlə müəyyən edilmişdir ki, həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinin tələbinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, torpaqdan çıxma və pul” tələbinə dair 2(058)-1254/2023 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan Samux Rayon Məhkəməsinə 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar