Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1259/2023 15.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, reallıqda Cavabdeh MMC ilə onun arasında heç bir müqavilə bağlanmamışdır. Sözügedən müqavilədən onun xəbəri olmamış, belə ki, başqa bir şirkətə iş üçün müraciət edərkən həmin müqavilənin mövcudluğundan xəbər tutmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edərək sözügedən müqaviləyə dair elektron informasiya sistemində yerləşdirilmiş əmək müqaviləsi bildirişinin ləğv edilməsini xahiş etmiş, lakin X3 Xidməti tərəfindən ona bildirilmişdir ki, bununla bağlı Cavabdeh MMC-nə müraciət etməli, müsbət nəticə əldə olunmadığı halda isə məhkəməyə müraciət olunmalıdır. O, Gəncə 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixində təyin edilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Ona görə də, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin hüquqi ünvanının həmin ərazidə olmasına baxmayaraq, hüquqi şəxsin fəaliyyəti ilə bağlı bir məlumatın olmadığı bildirilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X4 bildirdi ki, Cavabdeh səlahiyyətli şəxsi X1 tərəfindən xx.xx.2020-ci il tarixdə elektron sistemə əmək müqaviləsi bildirişi daxil edilmişdir. Onlar yalnız elektron sistemdə yerləşdirilmiş əmək müqaviləsi bildirişini sistemdə görə bilirlər, lakin sözügedən müqavilədən heç bir məlumatları yoxdur. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublilkasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab mətubunda kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məumatlara əsasən təsisçisi X1 olan Cavabdeh xx.xx.2018-ci il tarixdə ********** saylı VÖEN-lə dövlət qeydiyyatına alındığı, MMC-nin rəhbərinin X1, hüquqi ünvanının ünvan 1rın (cəmiyyətlərin,.birliklərin, ittifaqların) fəaliyyəti” olduğunun müəyyən edildiyi, xx.xx.2023-cü il tarixə MMC-nin fəaliyyətinin aktiv olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin bildirişdə işçi kimi İddiaçı göstərilmiş, müqavilənin bağlanma tarixi xx.xx.2019-cu il kimi qeyd olunmuş və həmin bildiriş xx.xx.2020-ci il tarixdə X1 tərəfindən imzalanaraq sistemə daxil edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsini mübahisələndirərək bildirir ki, Cavabdeh MMC ilə onun arasında heç bir müqavilə bağlanmamış, sözügedən əmək müqaviləsi saxtakarlıqla tərtib olunmuş və əmək müqaviləsi bildirişi elektron sistemə əsassız yerləşdirilmişdir. Ona görə də hesab edir ki, əmək müqaviləsi etibarsız hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən əmək müqaviləsinin etibarsızlığı məsələsinə hüquqi qiymət verilməsi üçün müqavilənin etibarsızlığına əsas ola biləcək halların olub-olmaması araşdırılmalı, onun hansı əsasla etibarsız olduğu müəyyən edilməlidir. Bunun üçün ilk növbədə belə bir müqavilə mövcud olmalıdır. Lakin iş materiallarından da görünür ki, belə bir müqavilə mövcud deyil. İddiaçı, həmin müqavilədən məlumatlı olmaması və müqavilənin saxta yolla bağlanması səbəbilə həmin müqaviləni məhkəməyə təqdim etməsinin mümkün olmadığını bildirmişdir. Əqdlərin etibarlılıq şərtləri və əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə aydın göstərilmişdir: Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən həmin məcəllə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 2.2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Məhkəmə hesab edir ki, hazırda mübahisə predmeti olan müqavilə mövcud olmadığından həmin müqavilənin qanunvericiliyin tələblərinə zidd olub-olmamasını, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak edib-etmədiyini və onların arasında iradə ifadəsinin mövcud olub-olmadığını müəyyən etmək mümkünsüzdür. Yalnız iddiaçının şifahi mülahizələrini əsas götürməklə reallıqda mövcudluğu sübut olunmayan müqavilənin etibarsız hesab olunması qənaətinə gəlmək yolverilən deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Aydındır ki, qanunvericiliyin tələbinə görə iddia tələbini sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə mübahisəyə iddia tələbi çərçivəsində, tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və tətbiq olunmaqlı qanunvericilik normalarına istinadən hüquqi qiymət verir. Hazırda iddiaçı nəinki iddia tələbinin əsaslılığını, iddia predmetinin mövcudluğunu belə sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1259/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1259/2023
15.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver