Məhkəmə qərarları › İş №2(058)-13/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-13/2025

20.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-13/2025 20.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı Romik oğlunun iştirakı ilə, İddiaçı Romik oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zəkəriyyə oğluna qarşı “zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin sərhədləri müəyyən edilməklə naturada verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Romik oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan 0.7525 ha və 0.59.83 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsinin sərhədləri müəyyən edilməklə naturada ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Samux rayonu, Kolayır kəndində ərazisində yerləşən və onun mülkiyyətində olan 0.7525 ha və 0.59.83 ha torpaq sahəsinin bir hissəsini cavabdehlər zəbt etməklə istifadə edir. Cavabdehlərə dəfələrlə ona məxsus torpaq sahəsindən çıxmasını tələb etsə də müsbət nəticəsi olmamışdır. Cavabdehlərin həmin hərəkətləri onun mülkiyyət hüquqlarını pozur, bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Romik oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Kolayır kəndində yerləşən 0.7525 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı Romik oğluna məxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Kolayır kəndində yerləşən 0.5983 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı Romik oğluna məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/164 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa və ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Romik oğlunun mülkiyyətində olan 0.60 ha və 0.75 kənd təsərrüfatlı təyinatlı torpaq sahələrindən Cavabdeh2 Zəkəriyyə oğlu tərəfindən istifadə olunmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8762 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir: “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı Romik oğlunun mülkiyyətində olan 0.7525 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş A-687560 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara istinadən torpaq sahəsinin 0.199 ha hissəsinin, Cavabdeh1 İsmayil oğlu tərəfindən faktiki olaraq istifadə edildiyi müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən, İddiaçı Romik oğlunun mülkiyyətində olan 0.7525 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair qeydə alınmış **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışın verilməsi əsas olan JN-510 saylı Dövlət Aktının naturada yerləşmə vəziyyətinə nəzərən,həmin 0.7525 ha torpaq sahəsinin bütünlüklə Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********10 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı Romik oğlunun mülkiyyətində olan 0.5983 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş A-687558 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara istinadən torpaq sahəsinin Cavabdeh1 İsmayil oğlu tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cıJtŞf^^fi|818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotiäJiüjforrnasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən, İddiaçı Romik oğlunun mülkiyyətində olan 0.5983 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair qeydə alınmış **********10 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın verilməsi əsas olan JN-509 saylı Dövlət Aktının naturada yerləşmə vəziyyətinə nəzərən, həmin 0.5983 ha torpaq sahəsinin bütünlüklə Cavabdeh1 tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Samux rayonu Kolayır kəndində yerləşən 0.7525 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi və Samux rayonu Kolayır kəndində yerləşən 0.5983 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi İddiaçı Romik oğlunun mülkiyyətindədir. İddiaçı iddia edir ki, həmin torpaq sahələri cavabdehlər tərəfindən heç bir əsas olmadan istifadə olunur. Ona görə də cavabdehlərin ona məxsus torpaq sahələrindən çıxarılmalarını tələb edir. Məhkəmənin müvafiq qərardadlarına əsasən verilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus 0.7525 ha torpaq sahəsi bütünlüklə Cavabdeh1 tərəfindən istifadə edilir, lakin 0.5983 ha torpaq sahəsinə Cavabdeh1 tərəfindən hər hansı bir müdaxilə halı mövcud deyil. Cavabdeh2 Zəkəriyyə oğlu tərəfindən isə iddiaçıya məxsus 0.7525 ha və 0.5983 ha torpaq sahələrindən istifadə olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli torpaq sahələri mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, hazırda Cavabdeh1 iddiaçıya məxsus 0.7525 ha torpaq sahəsindən əsassız istifadə etməsi iddiaçının mülkiyyət hüququnu pozur və o, mülkiyyətində olan əmlaka digər şəxs, yəni Cavabdeh1 tərəfindən edilən müdaxiləyə son qoyulmasını tələb etməkdə haqlıdır və iddia tələbi Samux rayonu Kolayır kəndində yerləşən iddiaçıya məxsus 0.7525 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Lakin iddia tələbi Cavabdeh1 iddiaçıya məxsus Samux rayonu Kolayır kəndində yerləşən 0.5983 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsindən çıxarılması hissəsində əsaslı deyil, belə ki, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə olunması məhkəmə araşdırması zamanı sübuta yetməmiş, belə olan halda iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 Zəkəriyyə oğluna münasibətdə isə tamamilə əsassızdır, belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri ilə Cavabdeh2 Zəkəriyyə oğlunun iddiaçıya məxsus heç bir torpaq sahəsindən istifadə etmədiyi müəyyən olunmuşdur. Məhz bu əsasla da iddia tələbi Cavabdeh2 Zəkəriyyə oğluna münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbini, sözügedən torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsi tələbi hissəsində də əsassız hesab edir, belə ki, sözügedən torpaq sahələri iddiaçının mülkiyyətidir, onun tam, toxunulmaz mülkiyyət hüquqları var və o, mülkiyyətinə qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək, bu cür hərəkətlər davam etdirildikdə isə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək hüququna malikdir, iddiaçının öz mülkiyyətinin ona naturada verilməsi tələbi isə lüzumsuzdur. Beləliklə, məhkəmə heasb edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 iddiaçıya məxsus, Samux rayonu Kolayır kəndində yerləşən 0.7525 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə və Cavabdeh2 Zəkəriyyə oğluna münasibətdə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı Romik oğluna məxsus olan 0.7525 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə və Cavabdeh2 Zəkəriyyə oğluna münasibətdə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar