Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1345/2025 22.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü ildə qadın cinsindən olan uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2012-ci ilin mart ayında Fatih Bıçakçı adlı Türk Cümhuriyyətinin vətəndaşı ilə tanış olmuş, onunla 3 aya yaxın qeyri-rəsmi münasibətdə olmuşlar. Faktiki ər-arvad münasibətlərindən xx.xx.2013-cü il tarixdə bir nəfər qız uşağı anadan olmuşdur. Övladı ev şəraitində doğulmuşdur. Qeyri-rəsmi münasibətdən uşağının dünyaya gəlməsi valideynləri tərəfindən pis qarşılanmış, övladına sənəd alması üçün heç kəs ona dəstək olmamışdır. Bu günədək qızı məktəbə gedə bilmir. Övladının gələcəyi və təhsil alması üçün ona doğum haqqında şəhadətnamə almaq zəruridir. Doğum haqqında şəhadətnamə alması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/7-13- 66/2025 saylı məktubu ilə ona bildirmişlər ki, övladı ev şəraitində doğulduğundan və hər hansı tibb müəssisinə müraciət edərək doğum haqqında tibbi şəhadətnamə almadığından ona doğulması faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də, uşağın doğum faktının müəyyən edilməsinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, maraqlı şəxs tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi və müvafiq qərar qəbul olunması xahiş olunmuşdur. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, o, ərizəçinin anasıdır, qızı Aygünün 3 mart 2013-cü il tarixdə bir qız övladı dünyaya gəlmişdir. Uşaq Samux rayonunda ev şəraitində doğulmuşdur. Doğuma böyük qızım, baldızım və baldızımın gəlini köməklik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseynova Hicran Mahir qızı ifadə verərək bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Bacısı Aygünün türk vətəndaşı bir nəfərlə qeyri-rəsmi münasibəti olmuş, bu münasibətdən onun 3 mart 2013-cü il tarixdə bir qız övladı dünyaya gəlmişdir. Bacısının rəsmi nikahı olmadığı üçün el qınağından narahatçılıq duyaraq onun doğuş sancıları başlayanda onu xəstəxanaya aparmamışlar və uşaq ev şəraitində doğulmuşdur. Doğumda o, anası, bibisi və bibisinin gəlini iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, ərizəçi onun yoldaşının dayısı qızıdır. Ərizəçi 3 mart 2013-cü il tarixdə Samux rayonunda ev şəraitində bir qız uşağı doğulmuşdur. Doğuşda o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qardaşının qızıdır. Ərizəçi 3 mart 2013-cü il tarixdə Samux rayonunda ev şəraitində bir qız uşağı doğulmuşdur. Doğuşda o da iştirak etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin (vəkilinin) izahatlarını, həmçinin şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/7-xx-xx/2025 imtina məktubundan görünür ki, ərizəçi tərəfindən uşağın doğumu haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən, ərizəçiyə doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin ev şəraitində xx.xx.2013-cü il tarixdə qadın cinsindən bir uşağı doğulmuşdur. Həmin uşağın doğulmasını təsdiq edən hər hansı tibbi sənəd, eləcə də doğum haqqında şəhadətnaməsi yoxdur. Uşağın doğumu qeydiyyata alınmamışdır və müvafiq sənədlər olmadığı üçün Maraqlı şəxs doğumu qeydə almaqdan imtina etmişdir. Uşağın doğumu və doğum tarixi ərizəçinin izahatı və onun izahatı ilə üst-üstə düşən şahid ifadələri ilə sübuta yetirilir. Məhkəmə iclasında tədqiq edilmiş və bir-birini tamamlayan sübutlar ərizəçinin həqiqətən də xx.xx.2013-cü il tarixdə bir qız uşağı dünyaya gətirdiyini təsdiq etdiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2013-cü il tarixdə bir nəfər qadın cinsindən uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1345/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1345/2025
22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver