Məhkəmə qərarları › İş №2(058)-1371/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1371/2023

21.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1371/2023 21.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qüvvədə olan müvafiq qanunvericilik aktlarının və normativ sənədlərin tələblərini, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 26, 29, 46-cı maddələrinin tələblərini, Azərbaycan Respublikası MPM-nin 4.1, 6, 14.2, 77.1-ci maddələrinin tələblərini tətbiq etməklə, xx.xx.2020-ci il tarixdən hazırki dövrə qədər mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 281 kv.m hissəsini zəbt etməklə cavabdehlər tərəfindən ona vurulmuş 5000 (beş min) manat məbləğində pulun, şərəf və ləyaqətini alçaltmaqla işgüzar nüfuzuna zərbə endirdiklərinə görə 5000 (beş min) manat məbləğində, cəmi 10000 (on min) manat məbləğində pulun alının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Vətən” müharibəsində xüsusi igidlik göstərmiş, medallarla təltif olunmuş qazi oğluna Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 05 nömrəli sərəncamı əsasında Samux rayonu, Alıuşağı kəndi ərazisindən kənd bələdiyyəsinin fond torpaqlarından 0,06 ha fərdi yaşayış evi inşa etmək məqsədilə torpaq sahəsi ayrılmış, sonra vətən müharibəsi veteranı, qazisi oğlu X1 ilə aralarındakı razılaşma ilə sənədləşmə onun adına aparılmış, bütün çıxarışlar onun adınadır. Onlara verilən torpaq sahəsinin 281 kv.m hissəsi bölünüb verildiyi gündən cavabdehlər tərəfindən zəbt edildiyi aşkar edilmişdir. Bu barədə yerli idarəetmə orqanlarına, bələdiyyə sədrinə, əraziyə baxan sahə müvəkkilinə, Samux Rayon İcra Hakimiyyətinə yazılı müraciət etmiş, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 torpaq sahəsinə bitişik ərazidə qanunsuz vergidən yayınmaqla plastik pəncərə-qapı sexi açaraq, sözügedən məhsulların istehsalı ilə uzun illərdən bəri məşğul olmuş və 2020-ci ildə özbaşınalıq, zorakılıq edərək onun qanuni mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 281 kv.m hissəsini zəbt etməklə sexin fəaliyyət dairəsini genişləndirmişlər. Cavabdehlərin etik-əxlaqi normaları cəmiyyətin davranış qaydalarını keçərək ona və ailə üzvlərinə hücumları, təhdidləri, söyüşləri haqqında Samux rayon Polis şöbəsində, Prokurorluqda yetərincə rəsmi məlumatlar vardır. Üç ildən artıqdır ki, bu vəziyyət davam edir. Məsələ ilə bağlı Samux Rayon Məhkəməsində iddia qaldırmış, Samux Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(058)-32/2022 nömrəli qətnaməsi qüvvəyə minmiş və haqlı iddia tələbi təmin olunmuşdur. Cavabdehlərin işlətdikləri plastik pəncərə qapı sexinin yerləşdiyi əraziyə dair heç bir hüquqverici sənəd olmadığı, üstəlik onun torpaq sahəsinin az qala yarısını zəbt etdikləri məhkəmə aktında təsdiqini tapmasına baxmayaraq, Samux Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdehlər mülkiyyətində olan torpaq sahəsinin 281 kv.m hissəsini zəbt edərək torpaq sahəsinin zəbt olunmuş hissəsi hesabına sexin ərazisini və fəaliyyət dairəsini genişləndirərək və torpağından gəlir götürməyi, əkin aparmağı məhdudlaşdıraraq ona son üç ildə 5000 (beş min) manat maddi ziyan vurmüşlar. İkinci bir tərəfdən səbəbsiz, əsassız, onun günahı olmadan dava-dalaşa, təhdidlərə, söyüşlərə, hücumlara, hədə qorxulara rəvac verərək onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə zərbə endirməklə konstitusion hüquqlarını pozaraq el içində, ictimaiyyət arasında, sahə müvəkkilinin, bələdiyyə sədrinin yanında onu dönə-dönə alçaltmışlar, ona görə də ayrıca 5000 (beş min) manat məbləğində pul tələb edir. Cavabdehlərin üzdəniraq hərəkətləri səbəbindən ağır, psixoloji sarsıntı keçirməklə, el içində biabır olmaqla yanaşı, xəstəliyə tutulmuş. Məhkəmələrə dövlət rüsumu ödəmiş, dəfələrlə polisə, prokurorluğa gedib-gəlməyə, nəqliyyata, taksilərə pul xərcləmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi yalandır, torpaq sahəsinin ona aidiyyatı yoxdur, o, Nurdanənin torpaq sahəsindən istifadə etmişdir. O, iddiaçıya maddi və mənəvi zərər vurmamış, iddiaçının şərəf və ləyaqətini alçaltmamışdır. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi yalandır, o, özünə məxsus torpaq sahəsindən istifadə edir. O, iddiaçının şərəf və ləyaqətini alçaltmamışdır. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkil) Vəkil bildirdi ki, iddia əsassızdır, iddiaçı məhkəməyə şərəf və ləyaqətinin alçaldılması, maddi və mənəvi zərərin vurulması barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdırıb, işin hallarına qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən Samux rayonu, Alıuşağı kəndində ümumi sahəsi 0.06 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixdə ********** reyestr nömrəli çıxarış İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)- 32/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Samux rayonu, Alıuşağı kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0.0281 ha (281 kv.m) hissəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-585/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-32/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi aşağıdakı normalar əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız möhtəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir Bununla bağlı olaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının bildirdikləri subyektiv mülahizələrlə söykənir. İddiaçı tərəfindən iddia tələbinin təsdiqi kimi məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsində ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini, cavabdehlərin ona 5000 (beş min) manat maddi ziyan vurduqlarını, cavabdehlərin hərəkətləri səbəbindən psixoloji sarsıntı keçirməsini, xəstəliyə tutulmasını, ictimaiyyət arasında alçaldığını qeyd etmiş, ona görə də cavabdehlərdən maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. Cavabdehlər isə iddiada göstərilənlərin tamamilə yalan olduğunu qeyd etmişlər. Məhkəmə tərəflərin bu arqumentləri ilə bağlı aşağdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu da hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İddia ərizəsində iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi, cavabdehlərin iddiaçıya 5000 (beş min) manat maddi ziyan vurduqları, cavabdehlərin hərəkətləri səbəbindən iddiaçının psixoloji sarsıntı keçirməsi, xəstəliyə tutulması, ictimaiyyət arasında alçaldığı qeyd edilsə də, iddiaçının mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar