Məhkəmə qərarları › İş №2(058)-15/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-15/2024

25.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-15/2024 25.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə giriş-çıxış və su yolunun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə giriş-çıxış və su yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux şəhəri (Samux rayonu), Kolayır kəndi ərazisində yerləşən JN-0096 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus olan 1.77 ha pay torpaq sahəsinə gediş-gəliş yolunun və su arxının açılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 19 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Samux şəhəri (Samux rayonu) Kolayır kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.77 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi o və ailə üzvləri tərəfindən hazırda istifadə edilir. Cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsinə gedən yolu tamamilə zəbt etdiyindən onları torpaq sahəsinə buraxmır. O, torpaq sahəsini əksə də, torpaq sahəsini sulamaq istəmiş, lakin cavabdeh həmin torpaq sahəsinə gedən su yolunu, sahəyə gedən avtomobil yolunu zəbt etmişdir. Onun və ailə üzvlərinin həmin torpaq sahəsindən istifadəyə ehtiyacları vardır. Cavabdehdən dəfələrlə həmin torpaq sahəsini könüllü boşaltmasını və onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək üçün maneə törətməməsini tələb etsə də, cavabdeh məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirərək, onun qanunla nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, bildirdi ki, cavabdeh onun torpaq sahəsini zəbt edərək istifadə etdiyindən torpaq sahəsindən çıxarılmalı və su arxı açılmalır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, cavabdehə məxsus torpaq sahəsini zəbt etməmiş və su yolunu bağlamamışdır. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan JN-0096 KOD 50708018 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” dövlət aktının surətindın görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Samux rayonu, Kolayır kənd sakinləri X5, İddiaçı, X2, X3, X6 və X4 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.77 hektar torpaq sahəsi verilmişdir. İşdə olan JN-0097 KOD 50708018 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” dövlət aktının surətindın görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Samux rayonu, Kolayır kənd sakinləri Cavabdeh, X1, Xudiyeva Hicran Əhəd qızının, X8, X9 və X7 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.09 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3723/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Samux rayonu Kolayır kəndində (Samux şəhəri) yerləşən, JN 0096 (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və ərazinin kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı və ailə üzvlərinin ümumi mülkiyyətində olan 1.77 ha torpaq sahəsi 3 (üç) hissəsdən ibarətdir. Mübahisəli ərazidə yerləşən 10489.58 kv.m hissəsinin 127.7 kv.m hissəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Bundan əlavə, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, çirkab sularının axıdılması məqsədilə ərazidən keçən yeraltı xəttin üzərindəki torpaq sahəsindən (həmin torpaq sahəsi faktiki olaraq sahələr arası gediş-gəliş yolu kimi istifadə olunur) iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş hissənin 25.7 kv.m hissəsi də cavabdehin faktiki istifadəsindədir. Ərazinin kompleks yerquruluşu layihəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə mübahisəli ərazidən su yolu nəzərdə tutulmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9100 nömrəli ekspert rəyindən görünür ki, Samux rayonu Kolayır kəndində (Samux şəhəri) yerləşən, JN 0096 (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və ərazinin kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı və ailə üzvlərinin ümumi mülkiyyətində olan 1.77 ha torpaq sahəsi 3 (üç) hissəsdən ibarətdir. Mübahisəli ərazidə yerləşən 10489.58 kv.m hissəsinin 127.7 kv.m hissəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Bundan əlavə, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, çirkab sularının axıdılması məqsədilə ərazidən keçən yeraltı xəttin üzərindəki torpaq sahəsindən (həmin torpaq sahəsi faktiki olaraq sahələr arası gediş-gəliş yolu kimi istifadə olunur) iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş hissənin 25.7 kv.m hissəsinin də cavabdehin faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. İşdə olan Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin tam və obyektiv araşdırılmasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Həmin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9100 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, iddiaçının təqdim etdiyi mübahisəli torpaq sahəsi naturada faktiki olaraq 1.77 ha olmaqla 3 (üç) hissədən ibarətdir. Beləliklə də rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iddiaçıya məxsus 10489.58 kv.m torpaq sahəsinin 127.7 kv.m hissəsinin və torpaq sahəsinə giriş hissənin 25.7 kv.m hissəsinin cavabdehin faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən digər şəxsə qanuni əsaslarla ayrılmış, lakin hələ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış torpaq sahəsi bu torpağa dair hər hansı bir hüququ, hətta ilkin torpaqayrıma sənədləri olmayan şəxs (şəxslər) tərəfindən özbaşına zəbt oluna bilməz. Əks halda qanunvericilik qanuni əsaslarla adına torpaq sahəsi ayrılmış şəxsi onun həmin torpağa dair hüquqları dövlət qeydiyyatına alınana qədər digər şəxslərin hüquqazidd qəsdlərindən müdafiə olunmaq imkanından məhrum olunmuş vəziyyətdə qoyardı ki, bu da Torpaq Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə zidd olardı. Qeyd edilən halları nəzərə alan qanunvericilik həmin maddə ilə Torpaq Məcəlləsinin məqsədlərindən birini də torpaq sahəsi üzərində hüquqların müdafiəsinə şərait yaradılmasından ibarət olmasını təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı və ailə üzvlərinin ümumi mülkiyyətlərində olan 3 (üç) hissədən ibarət 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (10489.58 kv.m hissəsinin) 127.7 kv.m hissəsi və torpaq sahəsinə giriş hissənin 25.7 kv.m hissəsi (çirkab sularının axıdılması məqsədilə ərazidən keçən yeraltı xəttin üzərindəki torpaq sahəsinin) Cavabdeh faktiki istifadəsindədir. Bu hal məhkəməyə təqdim edilmiş mütəxəssis və ekspert rəyində öz əksini tapmışdır. Qeyd edilən hala dair çizgilər rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Məhkəmə iddia tələbinin su arxının açılması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının mülikiyyətində olan torpaq sahəsinə mübahisəli ərazidən su yolu - xəttinin keçirilməsi (ekspert rəyi) nəzərdə tutulmadığından iddianın həmin hissədə təmin olunması istisnadır. Beləliklə, bütün bu sübutların məcmusuna qiymət verən və qanunun yuxarıda göstərilən tələbini əldə rəhbər tutan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi mülkiyyətində olan 3 (üç) hissədən ibarət 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (10489.58 kv.m hissəsinin) 127.7 kv.m hissəsindən və torpaq sahəsinin giriş hissənin (çirkab sularının axıdılması məqsədilə ərazidən keçən yeraltı xəttin üzərindəki torpaq sahəsinin) 25.7 kv.m hissəsindən çıxarılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595- ə ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi mülkiyyətində olan 3 (üç) hissədən ibarət 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (10489.58 kv.m hissəsinin) 127.7 kv.m hissəsindən və torpaq sahəsinin giriş hissənin (çirkab sularının axıdılması məqsədilə ərazidən keçən yeraltı xəttin üzərindəki torpaq sahəsinin) 25.7 kv.m hissəsindən çıxarılsın. (mütəxəssis rəyinə əlavə edilmiş sxem) İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595- ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar