Məhkəmə qərarları › İş №2(058)-168/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-168/2023

17.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-168/2023 17.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2, Cavabdeh Xankişi oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Xankişi oğluna qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Xankişi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus 0,08 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il tarixdə X3 ilə rəsmi nikaha girərək evlənmişlər. Birgə nikahlarından 5 övladları olmuşdur. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə ona və mərhum ərinə ümumi birgə mülkiyyət olaraq 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyyət sənədinə əsasən 0,16 ha həyətyanı torpaq sahəsinin 0,08 ha hissəsi onun mülkiyyətidir. Mərhum əri ilə birlikdə 0,16 ha həyətyanı torpaq sahəsində 3 yaşayış evi tikmişlər. Hazırda yaşayış evlərinin ikisində oğulları yaşayır. Üç evdən biri onun mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşir. O, ərinin sağlığında da, vəfatından sonra da həmin evdə yaşayıb. Ona məlum olmayan səbəblərdən mərhum əri X3 2014-cü ildə boşanmaq üçün məhkəməyə ərizə vermiş, Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərtnaməsi ilə nikahları pozulmuşdur. X3 vəfat etdikdən sonra oğlu Cavabdeh Xankişi oğlu ona həmin evdə yaşamağa imkan vermir. Həmin evin işıq-qaz xəttini kəsib, həmçinin evdə pendir istehsal edir. Ona görə də cavabdehin ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı yaşadığı evə köçürülməsi və Cavabdeh Xankişi oğlu tərəfindən həmin evdə yaşayış hüququna olan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X4 tələbin dəiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verib, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Xankişi oğlu iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı onun anasıdır. O, ansının sözügedən evə köçürülməsinə etiraz etmir, əksinə o və onun övladları onun anasına qarşı heç vaxt pis münasibətdə olmayıblar. İddiaçının həmin həmin evə köçürülməsinə heç bir narazılığı yoxdur. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-192F KOD 50709028 saylı şəhadətnamənin sürətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə 0,16 ha həyətyanı sahə X1 və İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı nikahı Samux Rayon Məhkəməsinin 2(058)400/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 09 avqust 2014-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışında müəyyən edilmişdir ki, sözügedən evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının oğludur və onun həmin torpağın digər ½ hissəsinə, yəni atasından qalan mirasa vərəsəlik hüququ var. Sözügedən torpaq sahəsi naturada bölünmədiyindən mübahisəli evin kimə məxsus hissədə yerləşməsini müəyyən etmək mümkün deyil, lakin evin yerləşdiyi torpaq sahəsinə dair həm iddiaçının, həm də cavabdehin mülkiyyət hüququnun olması məlumdur. İddiaçı köçürülməsini istədiyi evdə yaşamağına cavabdeh tərəfindən maneçilik törədilməsini göstərsə də, cavabdeh məhkəmə iclasında iddiaçının, yəni anasının həmin evə köçürülməsinə və orada yaşamasına heç bir etirazının olmadığını bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olmaqla yanaşı, həmçinin, təmin olunmasına dair heç bir mübahisə olmadığından təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Samux rayonu Hacallı kəndində yerləşən və ½ hissəsi ilə onun paylı mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamıdın şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar