Məhkəmə qərarları › İş №2(058)-177/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-177/2024

06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-177/2024 06.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun X1, anası X4 olmaqla, xx.xx.1960-cı il tarixdə Daşkəsən rayonu, Zivlən kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və onun doğum haqqında akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsinin təmin edilməsini Maraqlı şəxs2nə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Daşkəsən rayonu, Zivlən kəndində anadan olmuşdur. X1, anası X4 olmuşdur. O, anadan olarkən ona Daşkəsən rayonu, Zinzahal kənd sovetliyində doğum akt qeydi tərtib edilərək, doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında o, şəxsiyyət vəsiqəsi almışdır. Onun 7 yaşı olanda ailəlikcə Samux rayonu, Alıuşağı kəndinə köçmüş və orada yaşamışlar. Hazırda pensiyaya çıxmaq üçün lazım olan sənədləri toplamaq istəmiş, doğum haqqında şəhadətnamədə soyadında digər sənədlərlə ziddiyyət olduğuna görə təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, oradan aldığı məktubda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onun barəsində tərtib olunmuş doğum haqqında akt qeydi aşkar olunmamışdır. Akt qeydinin bərpası qeydiyyat şöbəsində mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Maraqlı şəxs2nə müraciət etmiş, özündə olan sənədləri təqdim etmiş, oradan aldığı imtina məktubunda göstərilmişdir ki, doğum faktının bərpa edilməsi üçün lazımi sənədləri təqdim edə bilmədiyi və həmçinin təqdim etdiyi doğum haqqında şəhadətnamə ilə sənədləri arasında ziddiyyət aşkar olunduğundan xahişinin təmin olunması qeydiyyat şöbəsində mümkün deyildir. Bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Onun bütün sənədlərində soyadı və atasının soyadı “Əliyev” kimi yazılmışdır. Doğum haqqında şəhadətnaməsində isə hər ikisinin soyadı “Alıyev” kimi qeyd edilmişdir. Eyni zamanda, onun qardaşlarının və övladlarının doğum haqqında şəhadətnamələrində onun və atasının soyadı “Əliyev” kimi yazılmışdır. Doğum haqqında şəhadətnamədə olan səhvə görə onun doğum akt qeydinin bərpasından imtina edildiyi üçün hüquqlarından istifadə edə bilmir. Onun xx.xx.1960-cı il tarixdə Daşkəsən rayonu, Zivlən kəndində anadan olduğunu və bu barədə Daşkəsən rayonu İHB-nın Zinzahal İƏDÜN-də doğum haqqında akt qeydinin tərtib edildiyini, atasının X7, anasının X4 olmasını, məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Maraqlı şəxs2nə müraciət etmiş, lakin ona Maraqlı şəxs1nə müraciət etməsini bildirmişlər. O, Maraqlı şəxs1nə müraciət etmiş, lakin məlum olmuşdur ki, onun doğum haqqında şəhadətnaməsi avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 bildirdi ki, onun arvadı X5 ilə birgə nikahlarından 4 (dörd) oğlu Çərkəz, Eldar, Vüqar, Bakir və 3 (üç) qızı doğulmuşlar, qızlarından biri ölmüşdür. Əvvəllər onlar Daşkəsən rayonunda yaşamışlar, sonra isə Samux rayonuna köçmüşlər. Ərizəçi onun oğludur, ərizəmi xx.xx.1960-cı ildə doğulmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçi onun doğma qardaşıdır, xx.xx.1960-cı il tarixdə Daşkəsən rayonunda doğulmuşdur. Atası ilə anasının birgə nikahlarından 4 (dörd) oğlan – o, Çərkəz, Vüqar, Bakir və 3 (üç) qız – Minayə, İradə, Rəna doğulmuşlar. Böyük bacısı Minayə ölmüşdür. Belə ki, işdə olan Daşkəsən rayonu Zinzahal kənd soveti tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X2 birgə nikahlarından xx.xx.1960-cı il tarixdə X6 doğulmuşdur. İşdə olan Zazalı kənd soveti tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X3 birgə nikahlarından xx.xx.1976-cı il tarixdə X11 doğulmuşdur. İşdə olan Xanlar rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 birgə nikahlarından xx.xx.1966-cı il tarixdə X8 doğulmuşdur. İşdə olan AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Daşkasən rayonu, Zivlən kəndində doğulmuşdur. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Maraqlı şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğum faktının bərpa edilməsi üçün lazımi sənədləri təqdim edə bilmədiyi və həmçinin təqdim etdiyi doğum haqqında şəhadətnamə ilə sənədləri arasında ziddiyyət aşkar olunduğundan xahişinin təmin olunması qeydiyyat orqanı tərəfindən mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Samux rayon İcra Hakimiyyəti Başçısının Alıuşağı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi hal-hazırda Alıuşağı kəndində yaşayır. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1960-cı ildə doğulmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs1 arxiv kitablarında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi, X1, anası X4 olmaqla, xx.xx.1960-cı il tarixdə Daşkəsən rayonu, Zivlən kəndində doğulmuşdur. Ərizəçi doğulan zaman ona Daşkəsən rayonunda doğum haqqında şəhadətnamə verilmiş, lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, Ərizəçi Daşkəsən rayonunda verilmiş doğum haqqında şəhadətnamə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Bu hal Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş məktublarla tam sübüt olunur ki, Ərizəçi barəsində tərtib olunmuş doğum haqqında akt qeydi arxiv kitablarında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyldirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 48-ci maddəsində göstərilir ki, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideyinlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Həmin Məcəllənin 46.3-cü maddəsində göstərilir ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideyinlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də ərizə təmin edilərək, Ərizəçi xx.xx.1960-cı il tarixdə Daşkəsən rayonu, Zivlən kəndində doğulması faktı müəyyən edilməli və akt qeydi açılmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Daşkəsən rayonu, Zivlən kəndində doğulması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs2nə həvalə edilməli və Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X7”, ana qrafasında “X4” yazılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 119.1, 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1960-cı il tarixdə Daşkəsən rayonu, Zivlən kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs2nə həvalə edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X7”, ana qrafasında “X4” yazılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar