Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-18/2024 28.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin həmin tikinti materialları ilə birlikdə iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması və vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan və Samux şəhərində yerləşən 0,1112 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin tikinti materialları ilə birlikdə ona məxsus torpaq sahəsindən çıxarılması, həmçinin cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 2000 manat, mənəvi ziyanın əvəzi olaraq 500 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus 1,7755 ha və 0.1112 ha torpaq sahəsinin səhədlərinin müəyyən edilərək bu barədə müvafiq sənədin verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qoyulması tələbinə dair inzibati mübahisə X1 Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə qismən təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin apellyasiya şikayəti əsasında 2-1(83)-415/2019 nömrəli inzibati iş xx.xx.2019-cu il tarixdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(104)685/2019 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sözügedən qərarı iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilmiş, İddiaçı məxsus Samux şəhərində yerləşən 1,7755 ha və 0.1112 ha torpaq sahəsinin sərhədlərinin faktiki olaraq yerində ona tanıdılması vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışından görünür ki, Samux şəhərində yerləşən **********58 reyestr nömrəli və ********** qeydiyyat nömrəli 0.1112 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış müraciətə baxılması barədə məktubundan görünür ki, İddiaçı məxsus **********93 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 1.7755 ha torpaq sahəsinin 1.5255 ha hissəsi faktiki olaraq öz istifadəsində, 0.25 ha hissəsi isə qeyri şəxsin istifadəsindədir. **********12 reyestr nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan 0.20 ha torpaq sahəsi bütünlüklə öz istifadəsindədir. Ərazidə mövcud olan asfalt yolun şərq tərəfindən yerləşən **********58 reyestr nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan 0.11 ha torpaq sahəsi isə, bütünlüklə faktiki olaraq qeyri şəxs və yaxud şəxslər tərəfindən istifadə edilir və həmin torpaq sahəsinin müəyyən hissəsi üzərində tikili inşa edilmişdir. Cavabdeh tərəfin torpaq sahəsi hal-hazırda onun torpaq sahəmin koordinatları ilə üst-üstə düşür. Onun torpaq sahəsinə aid olan ilkin çıxarış cavabdehə verilən torpaq sahəsindən öncə verilmişdir. Onun torpaq sahəsi ilə cavabdehin torpaq sahəsinin koordinatları müəyyən edilməlidir. Cavabdeh onun torpaq sahəsinin sərhədlərini keçərək ona məxsus torpağı zəbt etmiş və həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikili olan qeyri-yaşayış sahəsi inşa edilmişdir. Belə olan halda onun öz torpağına dair istifadə və sərəncam hüquqları məhdudlaşdırılmışdır. Torpaqdan əkin üçün istifadə edə bilmədiyindən maddi ziyana (əldən çıxmış fayda) məruz qalmışdır. Ona görə də, cavabdehin qanunsuz inşa etdiyi tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin tikinti materialları ilə birlikdə ona məxsus torpaq sahəsindən çıxarılması, həmçinin cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 2000 manat, mənəvi ziyanın əvəzi olaraq 500 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, ekspert rəyində İddiaçı mülkiyyətində olan 0.1112 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0725 ha hissəsinin üzərində inşa edildiyi göstərilən tikili ona məxsusdur, həmin tikili mebel mağazası olmaqla onun tərəfindən tikilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux şəhərində yerləşən 0.1112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8153 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsi mühəndisi Elmar Aslanov tərəfindən hazırlanmış mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh iştirak etmədiyindən İddiaçı mülkiyyətində olan 0,1112 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə edib-etməməsini müəyyən etmək mümkün olmamış, lakin İddiaçı mülkiyyətində olan 0,1112 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0725 ha hissəsinin üzərində inşa edilmiş tikilinin mövcud olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM139.3-cü mad). Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir MM(157.5). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM 158.4). Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (MM 180.4). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti Samux şəhərində yerləşən 0.1112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, Cavabdeh heç bir hüququ olmadan həmin torpaq sahəsinin müəyyən hissəsində tikili inşa edilərək iddiaçıya məxsus torpaq sahəsindən həmin hissədə istifadə etməsini, iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə hüququnun cavabdeh tərəfindən məhdudlaşdırılması nəticəsində iddiaçının sahiblik və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehin iddiaçıya məxsus torpaq sahəsində qanunsuz inşa etdiyi tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin tikinti materialları ilə birlikdə iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması hissəsində əsaslı olduğundan təmin edilməli, İddiaçı mülkiyyətində olan Samux şəhərində yerləşən 0.1112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0725 ha hissəsinin üzərində cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməli, həmin tikinti materialları, həmçinin cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı məhkəməyə, cavabdehdən tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasını təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Samux şəhərində yerləşən 0.1112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0725 ha hissəsinin üzərində cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülsün, həmin tikinti materialları, həmçinin cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-18/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-18/2024
28.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver