Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-18/2025 10.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı1 və iddiaçı (həmçinin digər İddiaçı3 nümayəndəsi) İddiaçı2, Cavabdeh2 və digər Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin onlara məxsus torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin sərhədlərin müəyyən edilməklə ölçülərək naturada onlara təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin onlara məxsus torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin sərhədlərin müəyyən edilməklə ölçülərək naturada onlara təhvil verilməsi» tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdehlərin onların mülkiyyətində olan Samux rayonu Qarayeri qəsəbəsində (Şəmşəddin kəndində) yerləşən 0.51 ha pay torpaq sahəsinin zəbt etdikləri hisəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, onların mülkiyyətində olan Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.51 ha pay torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin müəyyən hissəsi cavabdehlər tərəfindən istifadə olunur. Onlar mülkiyyətlərində olan bu mübahisəli 0.51 ha torpaq sahəsinə dair hüquqların dövlət reyestrindən çıxarış almaq üçün müvafiq orqana müraciət etsələr də, çıxarış ala bilməmişlər, belə ki, aidiyyəti orqan mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfində zəbt olunub istifadə olunduğunu onlara bildirmişdir. Onlar cavabdehlərdən onların mülkiyyətində olan torpaq sahəsindən çıxmaqlarını tələb etsələr də heç bir müsbət nəticə əldə edə bilməmişlər. Cavabdehlərin həmin hərəkətləri onların mülkiyyət hüquqlarını pozur, bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlardır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı (həmçinin digər İddiaçı3 nümayəndəsi) İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, iddia əsassızdır, həmçinin ekspert rəyi ilə razılaşmır. Ona görə də tələbin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, iddia əsassızdır, həmçinin ekspert rəyi ilə razılaşmır. Ona görə də tələbin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə təreflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 0004, KOD 50700001 saylı şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə 0.51 ha torpaq sahəsi X5, İddiaçı2, İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, №10/3296 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-2471/2025 saylı mütəxəssis rəyinin məlumatlarına istinad olunur. Mütəxəssis rəyindən görünür ki, Samux rayonu, Şəmsəddin kənd ərazisində yerləşən "Torpağa Mülkiyyət Hüququna Dair" JN- 0004 (kod-********) nömrəli Dövlət Aktına əsasən İddiaçı1, İddiaçı2 və X2 ümumi mülkiyyətlərində olan 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2 (iki) hissədən (0.43 ha və 0.08 ha) ibarətdir. Mübahisəli əraziyə baxış keçirilərkən iddiaçı tərəf mülkiyyətlərində olan 0.51 ha torpaq sahəsinin yalnız 0.43 ha hissəsinin cavabdehlər tərəfindən faktiki istifadə edildiyini bildirdi. Həmin mübahisəli 0.43 ha torpaq sahəsini, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818, nömrəli Fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD), məlumatlarına istinadən araşdırma aparılmışdır. Belə ki, mübahisəli 0.43 ha (4300.0 kv.m) torpaq sahəsinin 3817.0 kv.m hissəsi Cavabdeh2 faktiki istifadəsində olduğu müəyyən olundu. Mübahisəli 0.43 ha (4300.0 kv.m) torpaq sahəsinin 484.0 kv.m hissəsi isə Cavabdeh1 həyat yoldaşı X1 naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin 484.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Əlavə olaraq qeyd edirik ki, mübahisəli 0.43 ha (4300.0 kv.m) torpaq sahəsinin 355.0 kv.m hissəsi, "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********61 reyestr nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa dair Cavabdeh2 və digərlərinin adına tərtib olunmuş xx.xx.2016-cı il tarixli, A-092079 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.30 ha (3000.0 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 355.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. Lakin, **********61 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 və digərlərinin mülkiyyətində olan 0.30 ha (3000.0 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında JN-6 nömrəsi, **********61 reyestr nömrəli, sahəsi 0.30 ha olaraq müəyyən edildi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Samux rayonu Qarayeri qəsəbəsində Şəmşəddin kəndində yerləşən 0.51 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 mülkiyyətindədir. İddiaçılar iddia edirlər ki, həmin torpaq sahəsi cavabdehlər tərəfindən heç bir əsas olmadan istifadə olunur. Ona görə də cavabdehlərin onlara məxsus torpaq sahələrindən çıxarılmalarını tələb edirlər. Məhkəmənin müvafiq qərardadına əsasən verilmiş ekspert rəyi ilə iddiaçılara məxsus 0.51 ha torpaq sahəsinin 2 (iki) hissədən (0.43 ha və 0.08 ha) ibarət olduğu və 0,43 ha hissədə olan torpaq sahəsinin 3817.0 kv.m hissəsinin Cavabdeh2 tərəfindən, 355.0 kv.m hissəsinin isə digər cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması tədqiq edilmiş sübutlarla iddia tələbində sözügedən torpaq sahəsinin iddiaçıların mülkiyyətində olduğu və cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin müəyyən hissəsinin heç bir hüquqi əsas olmadan istifadə edildiyi öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçıların onlara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunan hissəsindən cavabdehlərin çıxarılması hissəsində tələbləri əsaslı olmaqla mülkiyyət hüququnun müdafiəsi xarakterini daşıyır. Belə olan halda məhkəmə həmin hissədə iddia tələbini əsaslı hesab edir və təmin olunması qənaətinə gəlir. Məhkəmə iddia tələbini sözügedən torpaq sahəsinin sərhədləri müəyyən edilməklə ölçülərək naturada iddiaçılara təhvil verilməsi hissəsində əsassız hesab edir, belə ki, sözügedən torpaq sahəsi iddiaçıların mülkiyyətindədir, onların tam, toxunulmaz mülkiyyət hüquqları var və onlar mülkiyyətinə qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək, bu cür hərəkətlər davam etdirildikdə isə həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək hüququna malikdirlər və zatən iddiaçılar həmin tələbi hazırda məhkəmədə irəli sürmüşlər. İddiaçıların öz mülkiyyətinin onlara naturada verilməsi tələbi isə lüzumsuzdur. Ona görə də iddia tələbi sözügedən hissədə əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 iddiaçılara məxsus, Samux rayonu Şəmşəddin kəndində yerləşən 0.51 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin 0,43 ha hissəsinin istifadə etdiyi 3817.0 kv.m hissəsindən, Cavabdeh1 isə həmin torpaq sahəsinin itifadə etdiyi 355.0 kv.m hissəsindən çıxarılmalıdırlar. İş üzrə məhkəmə məsrəfi 100 manat ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də 100 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2, torpağın müliyyətə verilməsinə dair JN 0004, KOD 50700001 saylı şəhadətnaməyə əsasən mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan, Samux rayonu Şəmşəddin kəndində (Qarayeri qəsəbəsi) yerləşən 0.51 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin 0,43 ha hissəsinin istifadə etdiyi 3817.0 kv.m hissəsindən, Cavabdeh1 isə həmin torpaq sahəsinin istifadə etdiyi 355.0 kv.m hissəsindən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyi kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-18/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-18/2025
10.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver