Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-20/2024 23.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən zəbt olunmuş yolun açılması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona və ailə üzvünə məxsus torpaq sahəsinə bitişik olan, cavabdeh tərəfindən zəbt olunmuş yolun açılması və əldən çıxmış faydaya görə 3600 manat və vurulmuş mənəvi ziyanın əvəzi qismində 6400 manat pulun, həmçinin ödənilimiş 120 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1998-ci ildən ailəsinə məxsus ferma kompleksini özəlləşdirərək həmin ərazidə cavabdehlə qonşu olmuşdur. Həmin vaxtdan ona məxsus torpaq sahəsinin 0,25 ha hissəsi və sahələrin arasından keçən Gəncə-Sərkar yoluna paralel yol Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. Cavabdehin həmin hərəkətləri nəticəsində onun əmlakından istifadəsində müəyyən çətinliklər yaranmış, torpağın əkilməsində və becərilməsində texniki təhcizat sahəsində müəyyən xərclər sərf etməli olmuşdur. Torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0,25 ha hissəsindən əldə edə biləcəyi, lakin əldən çıxmış fayda ildə ən azı 500 manat təşkil etmişdir. Buna baxmayaraq cavabdeh guya yolun iddiaçı tərəfindən zəbt olunması barədə müxtəlif orqanlara çoxsaylı müraciətlər edib, həmçinin məhkəmədə ona qarşı iddia qaldırıb. Halbuki yolun onun tərəfindən zəbt olunmadığı öz təsdqini tapıb və buna dair məhkəmənin müvafiq qətnaməsi mövcuddur. Cavabdehin onun barəsində müxtəlif orqanlara etdiyi əsassız müraciətlərə, kənd və rayon ictimaiyyəti arasında yayılan sözsöhbətlərə görə o, əsəb və həyəcan keçirmiş, nəticədə o, şəkərli diabet və hipertoniya xəstəliyinə düçar olmuşdur. Beləliklə cavabdeh ona mənəvi ziyan vurmuşdur. Ona və ailə üzvlərimə məxsus olan torpaq sahəsinə bitişik, cavabdeh tərəfindən zəbt olunmuş yolun açılaraq təyinatı üzrə istifadəyə verilməsinin təmin edilməsi, torpaq sahəsinin bir hissəsinin zəbti nəticəsində əldən çıxmış faydanın əvəzi olaraq 3600 manat və vurulmuş mənəvi ziyanın əzəvi kimi 6400 manat məbləğində pulun, həmçinin ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin ekspert rəyi ilə razı olmadığını bildirərək, iş üzrə təkrarən mütəxəssis rəyinin alınmasını tələb etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ekspert rəyi ilə razı olduğunu bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Sərkar kəndində yerləşən 3.26 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspert rəyindən görünür ki, X1 mülkiyyətində olan, Samux rayon Sərkar kəndində yerləşən 3.26 ha torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə halının aşkarlanmadığı və Samux rayonu Nizami təsərrüfatının ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquluşu layihəsi və Samux rayonu Sərkar bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində göstərilən yolun, cavabdehin faktiki istifadəsində, mülkiyyətində olan torpaq sahəsinin 0.15 ha hissəsinə münasibətdə, iddiaçının həmin yoldan gediş – gəliş üçün istifadəsi məhdudlaşmış, lakin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AzCard məlumatlarına istinadən iddiaçının həmin yoldan gediş – gəliş üçün istifadəsinin məhdudlaşdırılmadığı müəyyən olunmuşdur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, sözügedən torpaq sahəsi mülkiyyət sənədinə əsasən iddiaçının arvadı X1 mülkiyyətindədir. İddiaçı sözügedən torpaq sahəsinin bir hissəsinin, həmçinin həmin torpaq sahəsinə bitişik yolun cavabdeh tərəfindən zəbt olunduğunu iddia edərək zəbt olunmuş torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində əldə edəcəyi faydadan məhrum olduğunu, eyni zamanda cavabdehin hərəkətlərinin ona mənəvi ziyan dəyməsinə səbəb olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı ona ailə üzvünə məxsus olduğunu qeyd etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu və onun həmin torpaq üzərindəki hüquqlarını həyata keçirməsinə maneə yaratmasını iddia etdiyindən ilk növbədə iddiaçının həmin torpaq sahəsinə hüququnun olması, yəni bu iddianı qaldırmaq üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması üçün ilk növbədə torpaq sahəsinin ona hansı əsasla məxsus olması müəyyən edilməlidir. İş materiallarından aydın olur ki, sözügedən torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçının arvadı X2 məxsusdur və iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət və ya digər əmlak hüququnun olması müəyyən deyil. Belə ki, iddiaçı məhkəməyə sözügedən torpaq sahəsinin birgə nikah dövründə əldə olunmuş əmlak olması və ər-arvadın ümumi birgə mülkiyyəti olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. İş materiallarından həmçinin görünür ki, sözügedən torpağın mülkiyyətçisi, yəni iddiaçının arvadı X3 iddiaçıya etibarnamə ilə onun əvəzindən iddia ərizəsi yazmaq və onu imzalamaq səlahiyyətini etibar etmişdir. Buna baxmayaraq İddiaçı iddia tələbini iddiaçı kimi etibar edənin adından deyil, öz adından qaldırmışdır. Belə olan halda isə, onun sözügedən torpaq sahəsinə mülkiyyət və ya digər əmlak hüququnun olduğu müəyyən olmadığından o, hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Buna görə də, iddia tələbi iddiaçının belə bir tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmaması əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumundan, mütəxəssis rəyinin verilməsi üçün ödənilən 95 manat puldan və ekspert rəyinə görə ödənilməli olan 100 manat puldan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmadığından iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün onun tərəfindən ödənilmiş 95 manat pul iddiaçıya aid edilməlidir. Həmçinin 100 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. 100 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəəy minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-20/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-20/2024
23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver