Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-235/2024 08.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh nümayəndəsi X3 və cavabdehin nümayəndəsi (vəkili) Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu, Alıuşağı kəndində yerləşən, Cavabdeh adına qeyd edilmiş yaşayış evinin ideal qaydada bölünüb, həmin evin ½ hissəsinə mülkiyyət hüququnun ona verilməsi, həmçinin ödədiyi 100 manat dövlət rüsumunun və 55 manat mediasiya xərcinin əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.1983-cü ildən 2023-cü ilədək nikahda olmuşdur. Onların hazırda yetkinlik yaşına çatmış Zamin, Fədail və Süsanə adlı uşaqları var. Cavabdehlə nikahları 2023-cü ildə pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə, yəni 11 mart 1993-cü ildə Samux rayonu Alıuşağı kəndində yerləşən, sahəsi 142,8 kv.m olan evi X9 alqı satqı yolu ilə almışlar. Sözügedən ev Samux rayonu notariat kontorunda bağlanmış 5/12 reyestr nömrəli, 11 mart 1993-cü il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh adına qeyd edilmişdir. Bu barədə evin müvafiq sənədi var. Cavabdeh evin sənədini, yəni qeydiyyat vəsiqəsini ona vermədiyindən və həmin sənədi əldə edə bilmədiyindən DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə müraciə etmiş, ordan isə yalnız məktubla cavab verilmiş, mülkiyyət sənədini isə ona verməmişlər. Bu səbəbdən o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat arxivindən alqı-satqı işini almışdır. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizsəində sözügedən evin bölünərək ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi (vəkili) X10 tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilərək iddiaçının tələbinin əsassız olması göstərilməklə təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili X5 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) X10 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi Mülki Məcəllənin tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, Samux rayonu Alıuşağı kəndində yerləşən sahəsi 142,8 kv.m olan ev 1998-ci ildə Aqrar İslahatlar Komissiyası tərəfindən verilən pay torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin torpaq sahəsi dövlət tərəfindən verilən torpaq sahəsidir. Sözügedən evin mülkiyyət sənədi yoxdur. İddiaçı tərəfin qeyd etdiyi alqı-satqı müqaviləsi mövcud deyildir. İddiaçı tərəf mülkiyyətə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edə bilmədi. Tələb əsassız və qeyri-qanuni olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən vəkil X1 müraciətinə əsasən verilmiş cavab məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN- 237A, KOD 50806028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə Cavabdeh, X6, X4, X2 və X7 adlarına işlənilmişdir. Samux rayonu, Alıuşağı kəndində yerləşən ümumi sahəsi 142.8 kv.m olan fərdi yaşayış evi xx.xx.1993-cü il tarixli, 18g saylı Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adınadır. Samux rayon notariat ofisinin 5/12 saylı notariat işindəki alqı-satqı müqaviləsinin surətindən görünür ki, 1993-cü ildə Samux rayonu Alıuşağı kəndində yerləşən və X16 və X12 məxsus olmuş evi Cavabdeh alqı-satqı müqaviləsinə əsasən almışdır. JN 274A, KOD 50706028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Əliuşağı kəndində yerləşən 0,07 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli qərarı ilə Cavabdeh, X6, X4, X2 və X7 mülkiyyətinə verilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Samux rayonu, Əliuşağı kəndində yerləşən ümumi sahəsi 142.8 kv.m olan fərdi yaşayış evi xx.xx.1993-cü il tarixli, 18 G saylı Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adınadır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, mübahisəli daşınmaz əmlak tərəflərin nikahda olduqları dövrdə əldə edilmiş və müvafiq qeydiyyat vəsiqəsinə əsasən cavabdehin adına qeydə alınmışdır. Qanunvericiliyin tələbinə görə birgə nikah dövründə əldə olunmuş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayıldığından iddiaçının hazırki iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq, birgə mülkiyyətin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmış, Samux rayonu, Əliuşağı kəndində yerləşən, ümumi sahəsi 142.8 kv.m olan fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsinə İddiaçı payı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-235/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-235/2024
08.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver