Məhkəmə qərarları › İş №2(058)-260/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-260/2025

24.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-260/2025 24.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X13 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mərhum anası X5 arasında 0.57 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2004-cü il tarixli əqdin etibarlı sayılıb, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 onun doğma anasıdır və anası xx.xx.2009cu ildə vəfat etmişdir. O, Mədinənin övladı olmaqla qanun üzrə birinci növbə vərəsəsidir və anasından qalmış miras əmlaklara dair xx.xx.2018-ci ildə Gəncə şəhər 1 saylı Notariat Kontorundan Qanun üzrə X9 Şəhadətnamə almışdır. Onun mərhum anası X5 xx.xx.2004cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN-0008 KOD 50702038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə cavabdehlərin mülkiyyətinə verilmiş ünvan 1i ərazisində yerləşən 0.57 ha pay torpaq sahəsini 300 (üç yüz) ABŞ dollarına satın almışdır. Həmin vaxt Bağbanlar Bələdiyyəsinin sədri və X12 İslahat Komissiyasının sədrinin iştirakı ilə torpaq alqı-satqısı haqqında akt tərtib edilmiş və həmin akt torpaq alan mərhum anası X5 və torpaq satan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanmış və həmin vaxt anası torpağın dəyəri olan 300 ABŞ dollarını cavabdehlərə vermiş, cavabdehlər isə torpağa dair Dövlət Aktının əslini mərhum anasına vermişlər. Həmin torpaq sahəsinə dair alqı-satqı aktı həmin vaxt həmin alqı-satqıda iştirak edən Bağbanlar Bələdiyyəsinin sədri və X12 İslahat Komissiyasının sədrinin imza və möhürləri ilə təsdiq edilmişdir. Həmin vaxtı mərhum anası ilə cavabdehlər belə razılığa gəlmişlər ki, sonra həmin alqı-satqıları cavabdelərlə birlikdə gedib notarial qaydada təsdiqlətsinlər. Çünki, həmin vaxtdan həmin torpaq sahəsi mərhum anası X3 ölənə kimi istifadəsində olmuş, anası öləndən sonra da hazırki vaxta kimi vərəsə kimi onun istifadəsindədir. 2009-cu ildə onun anası ölmüş, daha sonra cavabdehlər müxtəlif bəhanələrlə hər dəfə söz versələr də, notariusa gedib həmin alqı-satqını notarial qaydada təsdiq etdirməkdən boyun qaçırmışlar, hətta bunun ondan əlavə pullar tələb etmişlər. Odur ki, məcbur olaraq həmin torpaq sahəsinə dair mərhum anası X5 ilə cavabdehlər arasında 2004-cü ildə bağlanmış əqdin etibarlı sayılmaqla, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdehlərlə mərhum anası X5 arasında 0.57 ha torpaq sahəsinə dair bağlanmış alqı-satqı əqdi xx.xx.2004-cü il tarixdə bağlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq bildirmişlər ki, İddiaçı onlara qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair" iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət etmişdir. Onlar iddianı qəbul etmişlər, işə onların iştirakı olmadan baxılması və müqavilənin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 fevral 2004-cü il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 iştirakları ilə tərtib olunmuş torpaq alqı-satqısı haqqında aktdan görünür ki, Bağbanlar kənd sakini Cavabdeh1 ona verilmiş JN-008 KOD 50702038 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.57 hektar torpaq sahəsini 10 fevral 2004cü il tarixdə X4 300 (üç yüz) ABŞ dollarına satmışdır. İş materiallarında olan 05 oktyabr 2009-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 oktyabr 2009-cu ildə ölmüşdür. İş materiallarında olan Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna” dair JN-0008 KOD 50702038 nömrəli şəhadətnamənin surətindən görünür ki, ünvan 1 sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyətinə 0.57 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 04 dekabr 2018-ci il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş qanun üzrə X9 şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu ildə X3 vərəsəsi X6r və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərəfindən xx/xx/2023 tarixdə X4 verilmiş seriya nömrəsi JN:246A, KOD:50702038 olan şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan 26 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindın verilmiş məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən ünvan 1ində yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 20 dekabr 2002-ci il tarixli, JN-0008 KOD 50702038 saylı “Torpağa mülkiyyət hüququna dair" dövlət aktı Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli, 106 saylı qərarına əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına işlənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixə kimi qüvvədə olmuş 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İşin müəyyən edilmiş faktiki hallarından çıxış etməklə və həmin halları təsdiq edən sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, X1 ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında ünvan 1 yerləşən “Torpağa Mülkiyyət Hüququna” dair JN-0008 KOD 50702038 nömrəli dövlət aktına əsasən verilmiş 0.57 ha torpaq sahəsinə dair tərəflər arasında alqı-satqının bağlanması və bunun müqabilində mərhum alıcı tərəfindən razılaşdırılmış məbləğin ödənilməsi və həmin məbləğin cavabdehlər tərəfindən qəbul edilməsi iddiaçının izahatı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizələri və tərəflərin arasında bağlanmış alqı-satqı müqaviləsi ilə tam sübutu yetirilir. Ona görə də, tərəflər arasında bağlanmış əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından cavabdehlər tərəfindən boyun qaçırıldığına, yəni mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün onun tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə vəzifəsini icra etmədiyinə görə həmin qeydiyyatın həyata keçirilməsi üçün tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X1 ünvan 1ində yerləşən torpaq sahəsini xx.xx.2004-cü ildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə öz aralarında razılaşaraq, satın almışdır. Bundan sonra, X5 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İddiaçı X1nın qanun üzrə vərəsəsi tanınmışdır. X3 ölməsi səbəbindən alqı-satqı rəsmiləşdirilməmiş qalmışdır. Alqı-satqının rəsmiləşdirilməməsi səbəbindən, mülkə dair sənədləşmə aparılmamış qalmaqdadır. İddiaçı faktiki olaraq 2004-cü ildən fasiləsiz olaraq ünvan 1ində yerləşən 0.57 ha torpaq sahəsini istifadə edir, hazırda həmin torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək uzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə isə mülkiyyətçinin mülkiyyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması məhkəmə qərarı ilə müəyyən edilir. Mülki qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmənin yollarından biri kimi, mülki hüquq münasibətləri subyektlərinin belə əmlakla bağlı müxtəlif əqdlər, o cümlədən alqı-satqı müqavilələri bağlama imkanlarını nəzərdə tutur. Belə münasibətlərin və ondan doğan nəticələrin qanuniliyini, sabitliyi və davamlılığını təmin etməkdən ötrü qanunverici adı çəkilən əqdlə bağlı bir sıra şərtlər də irəli sürür. Bu şərtlərin məcmu halında mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirmiş mülkiyyətçi onu öz iradəsi daxilində digər şəxslərə sərbəst surətdə bağladığı alqı-satqı müqaviləsi ilə sata bilər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəəpul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir. Məhkəmə hesab edir ki, X1 ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 10 fevral 2004-cü il tarixdə ünvan 1ində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0008 KOD 50702038 nömrəli dövlət aktına əsasən verilmiş 0.57 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. X1 ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 10 fevral 2004-cü il tarixdə ünvan 1ində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0008 KOD 50702038 nömrəli dövlət aktına əsasən verilmiş 0.57 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar