Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-27/2023 09.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçıların nümayəndəsi X1 və Cavabdeh Əbdürrəhman oğlunun və onun nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı və X3 Cavabdeh Əbdürrəhman oğluna qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı və X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Əbdürrəhman oğlunun onlara məxsus Samux rayonu Seyidlər kəndi ərazisində yerləşən 0,45 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, onlar Samux rayonu Seyidlər kəndində yaşamışlar. Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 saylı qərarı ilə onların mülkiyyətinə 0,45 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsində 3 otaqlı ev tikdirib yaşamışlar. Onlar illər öncə evlərini və torpaq sahələrini qoyub işləmək üçün Rusiyaya getmişlər. Hazırda kəndə qayıtmışlar, lakin cavabdeh onların torpaq sahəsini və evini zəbt edərək onları öz evlərinə buraxmır. Keçmiş əri X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onlar dəfələrlə cavabdehdən onlara məxsus torpaq sahəsini və evi tərk etməyi tələb etsələr də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehin onlara məxsus torpaq shəsindən və evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıların tələbi əsassızdır. Belə ki, İddiaçı ilə X9 arasındakı nikah 2012-ci ildən pozulmuş, iddiaçılar sözügedən torpağı və evi illər öncə tərk edərək Rusiyaya getmişlər. X11 ikinci dəfə nikaha girərək Nina adlı qadınla evlənmiş, onların bir övladı doğulmuşdur. X9 2017-ci ildə ölmüşdür. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan JN 077A Kod 50711018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə 0,45 hektar torpaq sahəsi X6, İddiaçı, X4 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ 127218 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 ilə İddiaçı arasındakı nikah pozulmuş və nikahın pozulması 14 dekabr 2012-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 xx.xx.2017-ci il tarixdə Rostov şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh Əbdürrəhman oğlunun yaşadığı fərdi yaşayış evi JN 077A Kod 50711018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X6 və ailə üzvlərinin mülkiyyətində olan 0,45 ha həyətyanı torpaq sahəsində yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi mərhum X6 payı istisna olmaqla paylı mülkiyyət hüququ ilə iddiaçıların mülkiyyətindədir. İddia ərizəsində qeyd olunan mübahisəli ev isə həmin torpaq sahəsi üzərində yerləşir. Cavabdeh iddiaçılara paylı mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən istifadə etməklə həmin torpaq sahəsi üzərində yerləşən evdə yaşayır. Hazırda iddiaçıların tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, iddiaçılar paylı mülkiyyət hüququ ilə onlara məxsus olan torpaqdan və orada yerləşən və ona dair iddiaçıların gözlənilən mülkiyyət hüququ olan evdən cavabdehin çıxarılmasını tələb edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgə r mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi cavabdehin iddiaçılara paylı mülkiyyət hüququ ilə məxsus olan torpaqdan və orda yerləşən evdən istifadə etməsinin heç bir hüquqi əsası yoxdur, onun sözügedən hərəkəti özgəsinin əmlakına qanunsuz sahiblik etmə kimi qiymətləndirilir və mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozur. Odur ki, iddia tələbi təmin edilməli, cavabdeh iddiaçılara paylı mükiyyət hüququ ilə məxsus olan torpaqdan və həmin torpaq sahəsi üzərində yerləşən, ona dair iddiaçıların gözlənilən mülkiyyət hüququ olan evdən çıxarılmalı, mübahisəli torpaq sahəsi və ev cavabdeh tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əbdürrəhman oğlu (xx.xx.1989-cu il təvəllüdlü) Samux rayonu Seyidlər kəndində yerləşən 0,45 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-27/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-27/2023
09.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver