Məhkəmə qərarları › İş №2(058)-294/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-294/2024

09.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-294/2024 09.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət reyestrindən çıxarışda xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə onun köçürülməsinə və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mərhum həyat yoldaşı X2 ilə 1978-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladı olmuşdur. Birgə nikah dövründə mərhum əri ilə fərdi yaşayış evi tikmişlər, həmin yaşayış evinə xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xüsusi mülkiyyətə dair çıxarış alınmışdır. Həmin çıxarışa əsasən mülkiyyətin 5/6 hissəsi onun xüsusi mülkiyyətindədir, lakin o, öz xüsusi mülkiyyətində olan evdə yaşaya bilmir. Belə ki, oğlu Cavabdeh tərəfindən fiziki təqiblərə məruz qalaraq məcburi qaydada evdən çıxarılmışdır. O, hazırda həyətyanı torpaq sahəsində mal üçün tikilmiş tövlənin bir otağında yaşayır. Yaşadığı otağın yeri torpaq olduğu üçün səhhətində xəstəliklər əmələ gəlmişdir. Həmçinin həmin otaq tövlə olduğu üçün yaşayış üçün əlverişsiz şəraitdədir. Cavabdeh üç ildən artıq müddətdir ki, Samux şəhərində ayrı ünvanda yaşayır, lakin cavabdeh onun xüsusi mülkiyyətində evin qapısını bağlamış, yaşamağa imkan verməmiş və ona qarşı müqavimət göstərmişdir. Cavabdehdən evin açarını istədikdə verməmiş, dava-dalaş salmış və ona fiziki zor tətbiq etmişdir. Bu səbəbdən fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun tanınmasına dair tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, başqasının əsyaları onun evindədir, o, isə tövlədə yaşayır. Cavabdeh mübahisəli evdə yaşamır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, 25-30 ildir ki, iddiaçının öz evi vardır və həmin evdə yaşayır. Mübahisəli evə onun arvadı gəlin köçmüşdür, cehiz əşyaları da həmin evdədir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Nəbiağalı qəsəbəsi, Vaqif küçəsində (yeni qaydalarla: Samux şəhəri, Vaqif küçəsi) yerləşən 91.5 kv.m fərdi yaşayış evi 5/8 hissəsi, 0.16 ha torpaq sahəsinin 1/4 hissəsi İddiaçı, 91.5 kv.m fərdi yaşayış evinin 1/8 hissəsi, 0.16 ha torpaq sahəsinin 1/4 hissəsi X1, 91.5 kv.m fərdi yaşayış evinin 1/8 hissəsi, 0.16 ha torpaq sahəsinin 1/4 hissəsi Cavabdeh və 91.5 kv.m fərdi yaşayış evinin 1/8 hissəsi, 0.16 ha torpaq sahəsinin 1/4 hissəsi X3 adlarına qeyd edilmişdir. İş materiallarında olan Samux rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Samux rayonu, Samux şəhəri ünvanında yaşayır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu baxımdan iddia tələbinin əsaslı olmasını müəyyən etmək üçün iddiaçının mübahisəli evə hüquqlarının araşdırılması zəruridir. Bu aspektdən işin halları araşdırılan zaman müəyyən edilir ki, cavabdehlə iddiaçı arasında qohumluq münasibətləri mövcuddur. Eyni zamanda iddiaçı tərəfin mübahisəli mənzildən istifadə hüququ qanuni əsaslara söykənir. Azərbaycan Respublikası MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Məhkəmə iddia tələbinin istifadə hüququnun tanınması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmaqla iddiaçı mübahisəli evdə 5/8 hissədə paya malikdir. Belə olan halda iddiaçı mübahisəli evdə maneəsiz və fasiləsiz yaşamaqla istifadə hüququna malikdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Samux şəhəri, Nəbiağalı qəsəbəsi, Vaqif küçəsində yerləşən fərdi yaşayış evində 5/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh, 1/8 hissədə X1 və 1/8 hissədə X3 payları müəyyən edilmişdir. Bu barədə onlara xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Hazırda İddiaçı öz mülkiyyətində olan evə köçüb yaşaya bilmir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, İddiaçı Samux rayonu, Nəbiağalı qəsəbəsi, Vaqif küçəsində yerləşən (yeni qaydalarla: Samux şəhəri, Vaqif küçəsi) evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Samux rayonu, Nəbiağalı qəsəbəsi, Vaqif küçəsində yerləşən (yeni qaydalarla: Samux şəhəri, Vaqif küçəsi) evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar