Məhkəmə qərarları › İş №2(058)-34/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-34/2024

09.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-34/2024 09.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “iddiaçının mülkiyyətindən olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin naturada ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan 1,27 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin sərhədləri müəyyən edilməklə naturada ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Samux rayonu, Qarabağlar kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 1.27 ha torpaq sahəsinin bir hissəsini cavabdeh zəbt etməklə istifadə edir. Cavabdehdən dəfələrlə ona məxsus torpaq sahəsindən çıxmasını tələb etsə də müsbət nəticısi olmamışdır. Cavabdehin həmin hərəkətləri onun mülkiyyət hüquqlarını pozur, bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək ekspert rəyi razı olduğunu və tələbin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Qarabağlar kəndində yerləşən 1,27 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9642 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.27 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.27 ha hissəsinin Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi iddiaçıya məxsusdur, həmin torpaq sahəsinin müəyyən hissəsi hazırda cavabdehin faktiki istifadəsindədir və cavabdeh iddiaçının sahibliyində olan torpaqdan heç bir hüquqi əsas olmadan istifadə edir. Hazırda iddiaçı ona məxsus olan həmin torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, hazırda cavabdehin həmin torpaq sahəsindən əsassız istifadə etməsi onun mülkiyyət hüququnu pozur və o, mülkiyyətində olan əmlaka digər şəxs, yəni cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmasını tələb etməkdə haqlıdırlar. Məhkəmə iddia tələbini, sözügedən torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsi tələbi hissəsində əsassız hesab edir və tələbin həmin hissədə rədd olunmalı olduğu qənaətinə gəlir. Belə olan halda iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 1.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilən 0,27 ha hissəsindən Cavabdeh çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar