Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-34/2025 18.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “cavabdehin meşə fonduna məxsus torpaq sahəsində inşa etdirdiyi tikilinin sökülərək əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzi Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq dövlət meşə fonduna məxsus torpaq sahəsində cavabdehin inşa etdirdiyi tikilinin sökülərək əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Samux rayonu Füzuli kənd sakini X2 şikayət xarakterli müraciəti əsasında onun və meşə təsərrüfatı mərkəzin əməkdaşlarının birgə iştirakı ilə Samux meşəbəyliyinin 14 saylı meşə dolayısının 20-ci kvda yerində baxış keçirilərək araşdırma aparılmışdır. Araşdırma zamanı Samux meşəbəyliyinin 14 saylı meşə dolayısının 20-ci kv-lı Samux rayonu qış otlaq sahəsi və vətəndaşlara məxsus pay torpaq sahəsi ilə həmsərhəd olan hissəsində açıq meşə ərazisi müəyyən edilmiş və burada əvvəlki illərdə vətəndaş Samux rayonu Nəbiağalı kənd sakini Cavabdeh tərəfindən inşa edilmiş çiy kərpicdən istifadə edilərək eni 4.50 m, hündürlüyü 2,20 m, uzunluğu 35,00 metr olan mal-qara saxlanması üçün tövlə və bir ədəd yaşayış üçün uzunluğu 8,10 m, eni 2,80 m olan dəmir vaqon aşkar edilmişdir. Bununlada Cavabdeh toplanmış sənədlər əsasında Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh təqsirli bilindiyinə görə barəsində ETSN-nə məxsus 60715 saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Tələbin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi, həmçinin məhkəmənin müvafiq qərardadına əsasən verilmiş ekspert rəyi ilə razı olduunu bildirdi və məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə göndərilən məhkəmə bildirişi ona çatmadığından məhkəmə tərəfindən məhkəmə bildirişi cavabdehin axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarasi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, Samux Meşəbəyliyinin 14 saylı Meşə dolayısına aid hər hansı cizgi planı və sənəd, idarənin elektron bazasında və arxiv sənədlərində mövcud olmaması səbəbindən, sualın cavablandırılması mümkün olmamışdır. Lakin, əraziyə baxış keçirilərkən, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X4 Mərkəzinin nümayəndəsi tərəfindən iddia edilən tikili və tikilinin yerləşdiyi torpaq sahəsinə əsaslanılmışdır. Həmin tikili və tikilinin yerləşdiyi torpaq sahəsi 213.0 kv.m təşkil edir. 1 saylı X4 Mərkəzinin nümayəndəsi tərəfindən iddia edilən tikili və tikilinin yerləşdiyi 213.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS va dövlət mülkiyyəti, AZCAD) məlumatlarına istinadən Füzuli kəndində yerləşən, mülkiyyət-dövlət mülkiyyəti, kateqoriyası - Meşə fondunun torpaqları, təyinatı - tikinti altında olan torpaq sahəsidir. 1 saylı X5 Mərkəzinin nümayəndəsi tərəfindən iddia edilən tikili və tikilinin yerləşdiyi 213.0 kv.m torpaq sahəsi, Samux rayonu Füzuli kəndi (R.Əliyev adına təsərrüfatın) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli kompleks yerquruluşu layihəsindən və Samux rayonu Füzuli bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair 2005-ci il tarixli yerquruluşu sxemindən kənarda yerləşdiyi aşkarlandı. Həmin 213.0 kv.m torpaq sahəsi, 2002-ci il tarixli kompleks yerquruluşu layihəsində və 2005-ci il tarixli yerquruluşu sxemində qonşu torpaqlar cədvəlində A-dan Byə kimi X8 (qış otlaq) torpaqları olaraq göstərilmişdir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki,iddiaçı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik deyil. Belə ki, iddiaçı cavabdeh tərəfindən istifadə olunan torpaq sahənin dövlət meşə fonduna məxsus olduğunu zənn edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki işin tam və obyektiv şəkildə araşdırılması məqsədilə məhkəmənin müvafiq qərardadına əsasən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd olunmuşdur ki, Samux Meşəbəyliyinin 14 saylı Meşə dolayısına aid hər hansı cizgi planı və sənəd idarənin elektron bazasında və arxiv sənədlərində mövcud olmaması səbəbindən sualın cavablandırılması mümkün olmamış, lakin əraziyə baxış keçirilərkən iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X4 Mərkəzinin nümayəndəsi tərəfindən iddia edilən tikili və tikilinin yerləşdiyi torpaq sahəsinə əsaslanılmış, həmin tikili və tikilinin yerləşdiyi torpaq sahəsinin 213.0 kv.m təşkil etdiyi və X8 (qış otlaq) torpaqlarına aid olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin irəli sürmüş olduğu hazırki iddia tələbi onun bu iddianı irəli sürməkdə subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-34/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-34/2025
18.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver