Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-365/2024 29.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X5, cavabdehin nümayəndəsi Cavabdeh iştirakları ilə, İddiaçı X2 cavabdeh Samux rayon Salahlı kənd M.Aydınov adına ümumi orta məktəbinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X4 cavabdeh Samux rayon Salahlı kənd M.Aydınov adına ümumi orta məktəbinin direktoru Cavabdeh qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayon Salahlı kənd M.Aydınov adına ümumi orta məktəbin direktorunun xx.xx.2023-cü il tarixli, 60 nömrəli əmrinin ləğv edilməsinə, onun əvvəlki işinə bərpa edilməsinə və işdən çıxarıldığı müddətdə əmək haqqının ödənilməsinə və əvvəlki işinə bərpa edilməsi mümkün olmadıqda başqa işlə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1995-ci il tarixdə Samux Rayon Mahir Aydınov adına Salahlı kənd əsas məktəbində müəllim vəzifəsində işə götürülmüşdür. Həmin məktəbdə 28 il 9 ay müəllim işlədikdən sonra Samux Rayon, Mahir Aydınov adına Salahlı kənd ümumi orta məktəb direktoru xx.xx.2023-cü il tarixdə 60 nömrəli əmrlə o, qeyri - qanuni şəkildə əmək müqaviləmi ləğv edilərək işdən çıxarılmışdır. Belə ki, onun xx.xx.2023-cü il tarixdə keçirilən sertifikatlaşdırma imtahanında iştirak etmədiyi , işdən çıxarılmasının əsası kimi götürülmüşdür. Halbuki o, imtahan keçirilən tarixdə Mərkəzi Klinkada stasionar müalicədə olmuşdur. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək qabliyyətinin olmaması vərəqəsini iş yerinə təqdim etmişdir. Lakin Samux Rayon Mahir Aydınov adına Salahlı kənd ümümi orta məktəb direktorunun qeri-qanuni hərəkətləri nəticəsində, qanunvericiliyin tələbinə zidd olaraq işdən azad edilmişdir. Qeyri qanuni işdən çıxarılması maddi vəziyyətini daha da çətinləşdirmiş və müalicə üçün dərmanlarını ala bilmir, həmçinin müalicə üçün götürdüyü kredit borcunu ödəyə bilmir. Hazırda heç bir maddi köməkliyi olmadığı üçün maddi cəhətdən əziyyət çəkir. O, üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq stasionar müalicə aldığı üçün xx.xx.2023-cü il tarixdə keçirilən sertifikatlaşdırma imtahanında iştirak edə bilməmişdir. Xəstəliyi ilə əlaqədar müvafiq sənədləri şəxsən məktəbin direktoru Cavabdeh təqdim etmişdir. Lakin bütün bunlara baxmayaraq 13.1 1.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məktəb direktoru Cavabdeh onun əmək müqaviləsinə qeyri-qanuni xitam verdiyi üçün onu əmək haqqına uyğun başqa işlə təmin edəcəyinə dair vəd vermişdir. Sonradan məktəbin direktoru ona bildirmişdir ki, göstəriş gəlib ki, ona heç bir iş verməsin. Mövcud vəziyyətlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə ərizə ilə müraciət etmiş, lakin qeyri-qanuni işdən çıxarılması ilə əlaqədar heç bir tədbir görülməmişdir. Bundan əlavə işə bərpa olunması ilə əlaqədar Samux 1 saylı mediyasiya təşkilatına rəsmi müraciət etmiş, X3 işə bərpa tələbi ilə əlaqədar cavabdehlə müvafiq danışıqlar apardı . Nəticədə cavabdehlə barışıq əldə edilmədi. Bu səbəbdən də işə bərpa tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçının nümayəndəsi (vəkili) F.Xəlilov xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək əsl olmayan Cavabdeh əsl cavabdehlə, yəni Samux rayon Salahlı kənd M.Aydınov adına ümumi orta məktəblə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Samux rayon Salahlı kənd M.Aydınov adına ümumi orta məktəbin nümayəndəsi (direktoru) Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, X4 xx.xx.1995-ci ildə Samux rayon Salahlı kənd Mahir Aydınov adına ümumi orta məktəbinə ibtidai sinif müəllimi təyin olunmuşdur. X4 4 dekabr 2016 cı il tarixdə Göygöl rayonunda keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında ixtisasdan 9 bal, metodikadan 3 bal, cəmi 12 bal toplamışdır.Təkrar diaqnostika imtahanı 2018 ci ilin iyun ayında Bakı şəhərində keçirilmiş və X4 yenə imtahanda iştirak edərək ixtisasdan 9 bal, metodikadan 0 bal toplamışdır. X4 29 avqust 2022-ci il tarixdə Gəncə şəhərində keçirilmiş olan sertifikatlaşdırma imtahanında iştirak etmiş və müvafiq keçid balını toplaya bilməmişdir. Növbəti sertifikatlaşdırma imtahanı 29 avqust 2023-cü il tarixdə yenidən təşkil olunmuşdur. X1 23 avqust 2023-cü il tarixdə əməliyyat olunduğundan imtahanda iştirak edə bilməmişdir. X4 23 avqust 2023-cü İl tarixdən 10 noyabr 2023-cü il tarixə kimi xəstə olmuşdur. 13 noyabr 2023-cü il tarixdə onun əmək müqaviləsinə 29 avqust 2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazırliyinin 04 sentyabr 2023-cü il tarixli 3-29/3-2-53F2023 nömrəli əmrinə əsasən xitam verilmişdir. . Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Samux Rayon Salahlı kənd M.Aydınov adına ümumi orta məktəbin direktoru Cavabdeh 13 noyabr 2023-cü il tarixli, 60 nömrəli əmrindən görünür ki, Samux Rayon Salahlı kənd M.Aydınov adına ümumi orta məktəbin ibtidai sinif müəllimi X4 ilə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1995-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər Samux Rayon Salahlı kənd M.Aydınov adına ümumi orta məktəbində müəllim vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Çiçək Məmmədova xx.xx.2023-cü il tarixdə cərrahi əməliyyat olunmuş, xx.xx.2023-cü il tarixdə evə yazılaraq xəstəyə yataq şəraiti istirahət və müalicə məsləhət görülmüşdür. Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqənin surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixlər aralığında işdən azad edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən X2 müraciətinə əsasən ona verilmiş cavabda qeyd olunmuşdur ki, X4 “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na (bundan sonra - Qaydalar) uyğun olaraq peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş sertifikatlaşdırmanın test mərhələsində keçid balını toplaya bilməmiş və Qaydaların 5.2-ci bəndinə əsasən 1 (bir) il müddətində iş yeriniz saxlanılmaqla ona təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Cavabdehin nümayəndəsinin izahatından və iş materiallarından aydın olur ki, X4 xx.xx.2022-ci il tarixində keçirilmiş sertifikatlaşdırmanın test mərhələsində keçid balını toplaya bilməmiş və Qaydaların 5.2-ci bəndinə əsasən 1 (bir) il müddətində iş yeri saxlanılmaqla ona təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. İş materiallarındakı tibbi sənədlərlə müəyyən edilmişdir ki, X4 növbəti imtahanın keçirildiyi tarixdə müvəqqəti olaraq əmək qabiliyyəti olmamaqla xəstə olmuşdur. Həmin səbəblə əlaqədar o, xx.xx.2023-cü il tarixdə təşkil olunmuş sertifikatlaşdırmanın test mərhələsində iştirak edə bilməmişdir. Məhkəmə qeyd edir ki, X4 ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında göstərdiyi arqument əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi özü də izahatında bildirmişdir ki, X4 həqiqətən də həmin tarixlərdə xəstə olmuş və bu səbəbdən sözügedən imtahanda iştirak edə bilməmişdir. Hansı ki, bu hal iş materialları ilə də tamamilə təsdiqini tapır. Beləliklə iddiaçının sözügedən imtahanda iştirak edə bilməməsi üzürlü səbəblə, ondan asılı olmayan halla əlaqədar olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, X4 xx.xx.2022-ci il tarixdə 60 yaşını tamamladığından əmək qanunvericiliyinin tələbinə görə o, xx.xx.2023cü il tarixdə keçirilən imtahanda sadəcə könüllülük əsasında iştirak edə bilərdi. Ona görə də, X2 xx.xx.2023-cü il tarixdə keçirilən təkrar sertifikalaşdırmada iştirak etməməsi səbəbindən onun əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Belə olan halda iddia əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 67-2-ci maddəsinin 3-1-ci bəndində göstərilir ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işə götürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. 300-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Daşkəsən Regional Təhsil İdarəsi Samux rayon Salahlı kənd M.Aydınov adına ümumi orta məktəbin direktoru Cavabdeh 13 noyabr 2023-cü il tarixli, 60 nömrəli əmri ləğv edilməli, iddiaçı X4 əvvəlki işinə, yəni Samux rayon Salahlı kənd M.Aydınov adına ümumi orta məktəbdə müəllim vəzifəsinə bərpa olunmalı və məcburi iş buraxma dövrü üçün olan əmək haqqı məbləği ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı X2 əmək müqaviləsinin ləğv edilməsi barədə Samux Rayon Salahlı kənd M.Aydınov adına ümumi orta məktəbinin direktoru Cavabdeh 13 noyabr 2023-cü il tarixli, 60 nömrəli əmri ləğv edilsin. Məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb verilməklə X4 əvvəlki işinə bərpa olunsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-365/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-365/2024
29.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver