Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-378/2025 27.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi - Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay uşağa 246 manat, yəni qüvvədə olan minimum əmək haqqının 0,62 mislində alimentin, uşaq süni qida ilə qidalandığına görə aylıq yemək pulunun-340 manat, “D” vitamini - 26 manat, gözünün müalicəsi üçün - 30 manat, 74 manat pampers pulunun, 100 manat mediasiya təşkilatına ödənilmiş xidmət haqqının, cəmi 850 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Məiləb oğlu ilə xx.xx.2023-ci ildə qeyri rəsmi evlənmiş, evliliklərindən xx.xx.2024-cü il təvəllüdlü X3 adlı övladı anadan olmuşdur. Cavabdehlə aralarında dəfələrlə narazılıq olmuşdur. O, xx.xx.2024-cü il tarixdən Gəncə şəhərində azyaşlı uşağı ilə birlikdə kirayədə yaşayır. Ayrılan vaxtdan uşaq onun himayəsində yaşayır, cavabdeh hazırki günə qədər uşaqla maraqlanmamış, uşağa heç bir maddi yardım göstərməmişdir. Uşaq süni qida ilə qidalanır və aylıq yemək pulu 340 manat təşkil edir. Uşaq yarımçıq anadan olmuş və gözlərində problem olduğu üçün əməliyyata ehtiyacı vardır, hazırda hər gün masaj etdirir. Hər ay “D” vitamininə 26 manat pul ödəyir. Uşaq anadan yarımçıq olduğu üçün göz kanalları açlımamışdır, ona görə də gözünün müalicəsi üçün göz damlalarına xərclənən vəsait 30 manat və ayda 74 manat pampers və s. təşkil edir. Birgə evlilik dövründə doğulmuş övladına özü baxır və qayğısına qalır. O, uşağının saxlanılmasında maddi cəhətdən çətinlik çəkir, uşağın maddi tələbatını ödəyə bilmir. Bu səbəbdən də, o, xx.xx.2024-cü il tarixdə cavabdehə aliment tələbi, himayəsində olan uşağın saxlanılması və digər xərclərə dair Samux rayon 1 saylı mediasiya təşkilatına rəsmi müraciət etmiş, mediasiya onun iştirakı ilə mediator tərəfindən keçirilmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. O, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış almışdır. Ona görə də, alimentin onun mediasiya arayışı aldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanması zəruridir. İstehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artması ilə əlaqədar olaraq uşağının saxlanılması vaxt keçdikcə mürəkkəbləşir. Onun uşağı normal böyütmək üçün alimentə ehtiyacı vardır. Bu səbəbdən də atadan hər ay 246 manat məbləğində alimentin alınmasına zərurət yaranmışdır. Uşaq azyaşlıdır, uşağın normal yaşaması, böyüməsi üçün daimi maddi və mənəvi qayğıya ehtiyacı vardır. Cavabdeh uşağının ehtiyacları ilə maraqlanmır, bir ata olaraq valideynlik borcunu yerinə yetirmir. Uşağının saxlanılması üçün ona mütəmadi olaraq valideynləri maddi köməklik göstərir. Cavabdeh fərdi əməklə məşğul olur, qazancı (gəliri) dəyişkəndir. Ona görə də alimentin hər ay üçün sabit pul məbləğində tutulması zəruridir. Belə olan təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, övladı yarımçıq doğulduğu üçün gözündə damar sıxılması və kanal tutulması vardır. Hazırda övladının gözünü müalicə etdirir, göz üçün müxtəlif dərmanlardan istifadə edir, lakin həmin dərmanların qəbzini saxlamamışdır. Övladının gözü sağalmadığı üçün həkim övladının əməliyyat olunmasını məsləhət bilmişdir. O, övladı doğulmamışdan əvvəl işləmiş, lakin övladı doğulduqdan sonra işdən çıxmışdır, hazırda işləmir, uşağın ehtiyaclarını ödəyə bilmir, maddi imkanı zəifdir. Hamiləliyi müddətində o, cavabdehdən pul istəməmişdir, cavabdeh ona övladını tələf etməsini bildirmiş, lakin o, övladını tələf etməmişdir. Övladının 6 ayı tamam olduqdan sonra cavabdeh ona maddi kömək etmişdir. Onun cavabdehin ailəsini dağıtmaq fikri olmamışdır. O, cavabdeh ilə mediasiyada razılığa gəlmək istəmiş, lakin cavabdeh razılığa gəlməmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, başqa qadınla rəsmi nikahdadır, bir qız övladı vardır. Onun arvadı olmasına baxmayaraq, onun iddiaçı ilə münasibətlərindən oğlan uşağı doğulmuşdur. Hazırda işləmir, başqa ailəsi vardır, öz xərcləri vardır, maddi imkanı yoxdur. O, uşağın dünyaya gəlməsini istəməmişdir, uşağın atası olması ilə bağlı şübhələri vardır. Hazırda o, 150-160 manat məbləğində aliment ödəyə bilər. Məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi - Vəkil bildirdi ki, iddiaçı cavabdeh ilə münasibət quran zaman cavabdehin ailəsinin və uşağının olması barədə məlumatı olmuşdur. Cavabdeh hazırda işləmir. Cavabdehin maddi vəziyyəti yaxşı olmadığı üçün hazırda cavabdeh 150-160 manat məbləğində aliment ödəyə bilər. Məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Samux Rayon Polis şöbəsi tərəfindən verilmiş əmrdən çıxarışdan görünür ki, polis baş serjantı Cavabdeh Samux RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq xidmətdən 135-ci maddənin 1-ci bəndi ilə (öz arzusu ilə) xaric edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X4 doğulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Samux rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı hal-hazırda Samux rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində heç bir vəzifədə işləmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 (əlli) manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 345 manat həddində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini, cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin ümumi uşağa qulluq etməsinə görə onun xeyrinə hər ay uşaq süni qida ilə qidalandığına görə aylıq yemək pulunun - 340 manat, “D” vitamini - 26 manat, gözünün müalicəsi üçün - 30 manat, pampers alınması üçün - 74 manat pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, məhkəməyə iddiaçı həmin hissələrə dair sübutlar təqdim etmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamənin “alimentlə bağlı hissəsi” qəbul edildikdən sonra dərhal qüvvəyə minir və həmin hissədə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh 46,40 (qırx altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun alimentlə bağlı hissəsinin icrasını dayandırmır. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-378/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-378/2025
27.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver