Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-40/2023 16.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçılar X1, X4 və Cavabdeh Məzahib oğlunun iştirakı ilə, İddiaçılar X1 və X4 Cavabdeh Məzahib oğluna qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X2 və X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Məzahib oğlunun onlara məxsus Samux rayonu Lək kəndi ərazisində yerləşən 1,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 2001-ci il tarixli 10 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,95 ha torpaq sahəsi verilmişdir. Cavabdeh Məzahib oğlu onlara məxsus torpaq sahəsini zəbt edərək orada şumlama işləri aparır, heç bir əsas olmadan onlara məxsus torpaqdan istifadə edir. Cavabdehin onlara məxsus torpaq shəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında iddiaçılar X2 və X9 iddia ərizəsini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdilər, eyni zamanda mütəxəssis rəyi ilə razı olduqlarını bildirərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh Məzahib oğlu iddia tələbini qəbul edərək mütəxəssis rəyi ilə razı olduğunu, torpağın iddiaçılara məxsus olan hissəsinə yalnışlıq olaraq keçdiyini, bunu bilərək etmədiyini, ona görə də tələbin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan JN 0322 Kod 50709018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə 1,95 hektar torpaq sahəsi X1, X3, X5 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0322 kod 50709018 nömrəli Dövlət aktına əsasən X1 və ailə üzvlərinin mülkiyyətlərində olan 1,95 ha torpaq sahəsinin 0,1777 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi paylı mülkiyyət hüququ ilə iddiaçıların mülkiyyətindədir. Cavabdeh iddiaçılara paylı mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin müəyyən hissəsindən istifadə edir. Hazırda iddiaçıların tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, iddiaçılar paylı mülkiyyət hüququ ilə onlara məxsus olan torpağın cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən cavabehin çıxarılmasını tələb edirlər. Cavabdeh isə torpağın iddiaçılara məxsus olan hissəsinin onun istifadəsinə yalnışlıq olaraq keçdiyini və bunu bilərək etmədiyini bildirir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi cavabdehin iddiaçılara paylı mülkiyyət hüququ ilə məxsus olan torpaqdan istifadə etməsinin heç bir hüquqi əsası yoxdur, onun sözügedən hərəkəti özgəsinin əmlakına qanunsuz sahiblik etmə kimi qiymətləndirilir və mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozur. Həmçinin cavabdeh özü də etiraf edir ki, torpağın iddiaçılara məxsus hissəsi yanlışlıqla onun istifadəsinə daxil olub. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh, onun iddiaçılara paylı mükiyyət hüququ ilə məxsus olan torpağın istifadə etdiyi hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mehdiyev X8 rayonu Lək kəndində yerləşən və iddiaçılara paylı mülkiyyət hüuqu ilə məxsus olan 1,95 ha torpaq sahəsinin istifadə etdiyi 0,1777 ha hissəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-40/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-40/2023
16.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver