Məhkəmə qərarları › İş №2(058)-400/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-400/2023

04.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-400/2023 04.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu maddi ziyana görə 2945 manat məbləğində pulu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Samux rayonu Nəbiağalı qəsəbəsində Moskvic 412 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh manevr etmə qaydasını pozaraq əks istiqamətə çıxmış və onun idarə etdiyi Vaz 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Cavabdeh əməlində İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP 5114631saylı protokol tərtib edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh İXM-nin 332.4 maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. O, avtomobilinə dəymiş ziyanın hesablanması üçün Gəncə avtoservis müəssisəsinə mürəciət etmiş, ona dəymiş ziyanın həcmi həmin müəssisə tərəfindən 2945 manat məbləğində müəyyən edilmişdir. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin ekspert rəyi ilə razı olduğunu bildirərək iddianın rəyə uyğun təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Gəncə şəhər avtoservis müəssisəsi tərəfindən verilmiş rəyin surətindən görünür ki, Vaz 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 2945 manat dəyərində maddi zərər dəymişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 9/2913 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, tədqiq edilən 1984-cü il buraxılışlı, Vaz 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2665 manat müəyyən edilir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus Vaz 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2. maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Göründüyü kimi cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəymiş və buna görə də cavabdeh törətdiyi mülki hüquq pozuntusuna görə mülki məsuliyyət daşıyır. İddiaçı hazırda ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, zərərin əvəzinin həcmi iddia tələbində vurulmuş real zərərin həcmindən artıq məbləğdə qeyd olunmuşdur. Belə ki, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən sözügedən avtomobilə dəymiş zərərinin həcminin 2665 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş ziyana görə 2665 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, 50 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2665 (iki min altı yüz altmış beş) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar