Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-453/2023 17.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı X4 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh "xxxx" ASC-nə qarşı “zəbt olunmuş torpağın alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Samux rayonu Sərkər kəndində yerləşən, onun sahibliyində və istifadəsində olan torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayonu Sərkər kəndində kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə xx.xx.1999-cu ildə səlahiyyətli orqana müraciət etmiş, dəyəri əvvəlcədən ödənilməklə 48 000 manat müqabilində 24 kv. metr torpaq sahəsi almışdır. Onun satın aldığı torpaq saəsinə dair “tikintiyə icazə verilməsi haqqında” xx.xx.1999-cu il tarixli 278 saylı sərəncam imzalanmış, həmin vaxtdan da torpaq onun sahibliyində və istifadəsində olmuşdur. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddianı müdafə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddiaya etiraz edərək bildirdi ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və 2017-ci ildə imzalanmış layihə əsasında KTM quraşdırılması üçün Azərişıq ASC-nə verilmişdir. İddiaçının həmin torpaq sahəsinə dair heç bir hüququ yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 1999-cu il sərəncamından çıxarışdan görünür ki, İddiaçı Samux rayonu Sərkar kəndində orta məkəb həyəti yaxınlığında əksxana binasının yanında kommersiya məqsədilə mağaza binası tikilməsinə icazə verilmişdir. İş materiallarında olan torpağın alqı-satqısına dair aktdan görünür ki, X3 Sərkar bələdiyyəsi ərazisində 24 kvm torpaq sahəsinin satılması barədə bələdiyyə tərəfindən qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayonu Sərkar Bələdiyəsinin "xxxx" ASC-nə ünvanladığı məktubunun surətindən görünür ki, bələdiyyə tərəfindən "xxxx" ASC-nə bildirilmişdir ki, Samux rayonu Sərkar kəndi ərazisində X2 mülkiyyətində torpaq sahəsi yoxdur. X2 qeyd etdiyi tortaq sahəsinə dair onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı üçün həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və 2017-ci ildə hazırlanmış layihə əsasında KTM quraşdırılması üçün "xxxx" ASC-nə verilmişdir. Məhkəmə iddiaçının iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Samux rayonu Sərkər kəndində yerləşən, ona məxsus olduğunu qeyd etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu iddia edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı ona məxsus olduğunu qeyd etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu və onun həmin torpaq üzərindəki hüquqlarını həyata keçirməsinə maneə yaratmasını iddia etdiyindən ilk növbədə iddiaçının həmin torpaq sahəsinə hüququnun olması, yəni bu iddianı qaldırmaq üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması üçün ilk növbədə torpaq sahəsinin ona hansı əsasla məxsus olması müəyyən edilməlidir. İddiaçı sözügedən torpaq sahəsinin ona məxsus olmasını sübut etmək üçün torpağın alqı-satqısına dair xx.xx.1999-cu il tarixli akta istinad edir. Halbuki həmin akt hüquq müəyyən edici sənəd hesab edilmir. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair sənəd işə əlavə edilməmiş və ya məhkəməyə təqdim edilməmişdir. Həmin əsasla məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi-dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Torpaq məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, X2 cavabdeh "xxxx" ASC-nə qarşı “zəbt olunmuş torpağın alınaraq ona verilməsi” tələbinə dair iddia tələbi iddiaçının subyektiv hüququ olmaması əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-453/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-453/2023
17.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver