Məhkəmə qərarları › İş №2(058)-549/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-549/2023

19.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-549/2023 19.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə hüququ əsasında onun istifadəsində olan torpaq sahəsində ona məxsus arpa əkininin cavabdehlər tərəfindən xırda buynuzlu mal-qaralarının otarılması nəticəsində ona vurduqları maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 3000 manat pulun alınaraaq oan verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Samux rayonu Çobanabdallı bələdiyyəsi ilə 2012-ci ildən 2023-cü ilə qədər hər bir ildən bir icarə müqaviləsi bağlayaraq bələdiyyənin mülkiyyətində olan Qaarabağlar kənd ərazisində yerləşən 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində arpa əkmişdir. Cavabdehlər onun əkdiyi arpa sahəsində öz qoyun-quzularını otarırlar. Dəfələrlə cavabdehlərdən bu hərəkətlərinə son qoymalarını xahiş etsə də, cavabdehlər onun arpa sahəsində qoyun-quzularını otarmağa davam etmişlər. Cavabdehlər onun arpa sahəsində qoyun-quzularının otarılması ilə ona 3000 manat maddi ziyan vurmuşlar. Ona görə də maddi ziyanın əvəzi olaraq cavabdehlərdən 3000 manat pulun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iddia tələbini qəbul etməyərək tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli torpaq icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Çobanabdallı Bələdiyyəsi arasında Samux rayonu Qarabağlar kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırda iddiaçı cavabdehlər tərəfindən ona maddi ziyan vurulduğunu iddia etsə də, o iddia tələbinin əsaslılığına dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı onun izahatında şifahi qaydada göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar