Məhkəmə qərarları › İş №2(058)-58/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-58/2025

13.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-58/2025 13.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində ölçü və digər texniki işlərin aparılmasına cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan, samux rayonu Qovlarsarı kəndində yerləşən 0.33 ha torpaq sahəsində ölçü və digər texniki işlərin aparılmasına Cavabdeh yaratdığı maneənin aradan qaldırılması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ona və ailə üzvlərinə ilə 0.33 ha həyətyanı torpağın xüsusi mülkiyyətinə verilməsinə dair JN-066A, kod-50707018 nömrəli mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Torpaq sahəsi üzrə mülkiyyətçilərdən X5 xx.xx.2007-ci il tarixdə, X6 xx.xx.2009-cu il tarixdə ölmüş, digər mülkiyyətçilər isə onun övladlarıdır. Cavabdeh isə onun qardaşıdır. Mübahisəli torpaq sahəsinə cavabdehin heç bir hüququ yoxdur. Ancaq, buna baxmayaraq onu mübahisəli mülkə buraxmır. Bundan əlavə o həmin torpaq sahəsi üzərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssislərinin müvafiq ölçülər aparmaları məqsədi ilə özü və ailəsi üçün çıxarış almasına dair müvafiq ərizə vermiş, mütəxəssislər həmin mübahisəli əmlaka gəlib baxış keçirmək istəsələr də, cavabdeh həmin mütəxəssislərə ölçü işlərinin aparılmasına maneə yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan, samux rayonu Qovlarsarı kəndində yerləşən 0.33 ha torpaq sahəsində ölçü və digər texniki işlərin aparılmasına Cavabdeh yaratdığı maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək tələbin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********82 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Qovlarsarı ə/d-də yerləşən 0,33 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi İddiaçı, X4, X3, X1 və X2 ümumi birgə mülkiyyətlərindədir. İş materiallarında olan AZ-İİ № 393019 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixində ölmüşdür. İş materiallarında olan AZ-İİ № 393029 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixində ölmüşdür. İş materiallarına əlavə edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X5 ona məxsus, Samux rayonu Qovlarsarı kəndində yerləşən mülkü oğlu Cavabdeh vəsiyyət etmişdir. Əlavə olaraq digər vərəsələri vərəsəlik hüququndan azad etmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olmuşdur ki, iddia tələbində sözügedən torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə iddiaçıya və mülkiyyət sənədində adları qeyd olunan digər şəxslərə məxsusdur. Həmin mülkiyyət sənədinə əsasən ümumi birgə mülkiyyətçilərdən X5 iddiaçının və cavabdehin atasıdır və Ə.Hüseynov ümumi birgə mülkiyyətdə olan əmlakdan öz payını miras əmlak olaraq Cavabdeh vəsiyyət etmişdir. Hazırda iddiaçı ümumi birgə mülkiyyətdə olan payını naturada ayırmaq məqsədilə orada texniki ölçü işlərinin aparılmasını istəyir. Cavabdeh isə xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında tələbinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində sözügedən torpaq sahəsində ümumi birgə mülkiyyət payı olduğundan o, həmin torpağa dair digər ümumi birgə mülkiyyətçilərlə eyni hüquqlara malikdir və həmçinin öz payını naturada ayırmaq, dolayısıyla payın naturada bölünməsi məqsədilə texniki ölçü işlərinin arılmasını həyata keçirimək hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Beləkilə, yuxarıda sadalanan əsaslar nəzərə alınmaqla məhkəmə hesab edir ki, İddiaçı tələbi ümumi birgə mülkiyyətdə olan, Samux rayonu Qovlarsarı kəndində yerləşən 0.33 ha torpaq sahəsində ölçü işlərinin aparılmasına Cavabdeh yaratdığı maneənin aradan qaldırılması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, iddiaçıya ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan, Samux rayonu Qovlarsarı kəndində yerləşən 0.33 ha torpaq sahəsində ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmalıdır. Məhkəmə, iddia tələbinin sözügedən torpaq sahəsində “digər texniki işlərin aparılmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” hissəsinə münasibətdə isə qeyd edir ki, tələb həmin hissədə qeyri-müəyyən olduğundan o hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Ümumi birgə mülkiyyətdə olan, Samux rayonu Qovlarsarı kəndi ərazisində yerləşən 0.33 ha torpaq sahəsində texniki ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar