Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-615/2023 10.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan Samux rayonu, Seyidlər kəndində yerləşən 1,9285 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Samux rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə 1,9285 ha torpaq sahəsi onun və ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqdır. Həmin torpağa dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən onlara xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi Samux rayonu Seyidlər kəndi ərazisində yerləşir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona və ailə üzvlərinə məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada iri və xırda buynuzlu mal-qaralarını otarırlar və ona öz mülkiyyətindən istifadə etməyə, orada əkin-biçin aparmağa maneə yaradırlar. Dəfələrlə cavabdehlərdən qanunsuz hərəkətlərini dayandırmağı tələb etsə də nəticəsi olmamışdır, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən torpaq sahəsi örüş torpaqlara aiddir, həmin torpaq sahəsi cavabdehin mülkiyyətinə verilsə də örüş torpaqlara aid olduğundan və orada başqa kənd sakinləri də mal-qaralarını otardığından o da malqarasını otarır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi və də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəl edilən X4 və X5 xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdilər ki, İddiaçı onların qardaşıdır, sözügedən torpaq sahəsi birgə mülkiyyət hüququ ilə onlara, qardaşına və digər ailə üzvlərinə məxsusdur, qardaşlarının iddia tələbi ilə razıdırlar və tələbin təmin olunmasını xahiş edirlər. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəl edilən X1 xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı onun oğludur, sözügedən torpaq sahəsi birgə mülkiyyət hüququ ilə ona, oğluna və qızlarına məxsusdur, oğlunun iddia tələbi ilə razıdır və tələbin təmin olunmasını xahiş edir. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəl edilən X2 xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdilər ki, İddiaçı onun qardaşıdır, sözügedən torpaq sahəsi birgə mülkiyyət hüququ ilə ona, qardaşına və digər ailə üzvlərinə məxsusdur, qardaşının iddia tələbi ilə razıdır və tələbin təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********37 reyestr nömrəli çıxarışın suətindən görünür ki, Samux rayonu, Seyidlər kəndində yerləşən 1,9285 ha kənd təsərrüfatı təyinatlı torpaq ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Samux rayonu Seyidlər kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq olunmuş aktdan görünür ki, Seyidlər kənd sakinləri Cavabdeh1 Musto oğlu və Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsində mütəmadi olaraq mal-qara otarırlar, onlara dəfələrlə xəbərdarlıq olunsa da nəticəsi olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə iddiaçıya və onun ailə üzvlərinə məxsusdur. Cavabdehlər iddiaçıya məxsus olan həmin torpaq sahəsində mal-qara otararaq torpaqdan heç bir əsas olmadan istifadə edirlər. Cavabdehlər özləri də sözügedən torpaqdan istifadə etdiklərini etiraf edirlər, lakin həmin torpağın iddiaçıya məsus olsa da örüş torpaq olduğunu, iddiaçının mülkiyyətinə qanunsuz verildiyini bildirirlər. Hazırda iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli torpaq sahəsi mülkiyyət sənədinə əsasən iddiaçıya və onun ailə üzvlərinə məxsusdur. Hazırda cavabdehlərin həmin torpaq sahəsindən əsassız istifadə etməsi onun mülkiyyət hüququnu pozur və o, mülkiyyətinə olan müdaxiləyə son qoyulmasını tələb etməkdə haqlıdır. Cavabdehlərin isə həmin torpaq sahəsinin örüş torpaqlara aid olmasına və iddiaçıya məxsus olsa da onun mülkiyyətinə qanunsuz verilməsinə dair etirazları əsassızdır. Belə olan halda məhkəmə iddianın təmin olunmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan və Samux rayonu, Seyidlər kəndində yerləşən 1,9285 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-615/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-615/2023
10.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver