Məhkəmə qərarları › İş №2(058)-661/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-661/2025

10.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-661/2025 10.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə cavabdehin iddiaçıya məxsus torpaq sahəsində yerləşən evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə, cavabdehin ona məxsus Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha ( reyestr nömrəsi: **********14) torpaq sahəsində inşa edilmiş evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Samux rayonu, İnstitut qəsəbəsinin ərazisində ona məxsus 0.08 ha (reyestr nömrəsi: **********14) torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh onun qızı X1 həyat yoldaşıdır. Onlar 2006-cı ildə ailə quran zaman o, qızına və kürəkəninə icazə vermişdir ki, ona məxsus olan torpaq sahəsində ev tikərək həmin evdə yaşasınlar. Daha sonra onun da maddi köməyi ilə qızı ilə cavabdeh həmin torpaq sahəsində ev tikmişlər. Həmin ev qızı ilə cavabdehin birgə nikah dövründə tikilmiş və cavabdeh tərəfindən təxminən 9000 manat pul xərclənmişdir. Lakin sonradan qızı ilə cavabdehin şəxsi münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Samux Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(058)-611/2020 saylı qətmaməsinə əsasən qızı ilə cavabdehin arasında bağlanmış nikah pozulmuşdur. Lakin onların nikahları pozulduqdan sonra cavabdeh ona məxsus olan torpaq sahəsində inşa edilmiş evdə yaşamağa davam etmiş və qızı ilə azyaşlı uşaqlarını həmin evdə yaşamağa qoymamışdır. Ona görə də nikahları pozulduqdan sonra cavabdehin ona məxsus olan torpaq sahəsində inşa edilmiş evdən çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Samux Rayon Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsində iddiası təmin olunsa da, Azərbaycan Respublikası Ali Məhkəməsində işə baxan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq kompensasiya ilə təmin olunmadığı təqdirdə cavabdeh mübahisəli tikilidən çıxarıla bilməz. Elə bu əsasla həmin vaxt iddiası təmin edilməmişdir. Ona görə də hazırda 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə cavabdehin ona məxsus olan torpaq sahəsində inşa edilmiş evdən çıxarılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən də hesab edir ki, 9000 manat məbləğində kompensasiya verilməklə Cavabdeh ona məxsus olan Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha (reyestr nömrəsi: **********14) torpaq sahəsində inşa edilmiş evdən çıxarılmalıdır. Yuxarıda göstərilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, həmçinin bildirdi ki, məhkəmənin müvafiq qərardadına əsasən verilmiş ekspert rəyi ilə razıdır və tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, həmçinin bildirdi ki, məhkəmənin müvafiq qərardadına əsasən verilmiş ekspert rəyi ilə razıdır, belə ki, ekspert rəyindən aydın olur ki, sözügedən evin tikintisinə ümumilikdə 17000 manat xərc çəkilmişdir və ev birgə nikah dövründə inşa edildiyinə görə iddiaçının qızının və cavabdehin çəkilmiş həmin xərcdə 1/2 hissədə payları olması nəzərə alınmaqla iddiaçınınhazırda cavabdehə təklif etdiyi kompensasiyanın məbləği tamamilə uyğun və ağlabatandır. Evin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi səbəbi ilə iddiaçının cavabdehə qarşı onun mülkiyyətində olan daşınmaz əmlakdan çıxarılması tələbini irəli sürmək hüququ qanunun mülkiyyətçiyə verdiyi hüquqlardan irəli gəlir və tamamilə əsaslı bir tələbdir. Ona görə də tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razı deyil, belə ki, təklif olunan kompensasiya məbləği çox azdır, o, həmin evin tikintisinə çox xərc çəkib, ekspert rəyi ilə razı deyil, tələb tamamilə əsassızdır, bu səbəbdən də tələbin rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********14 nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsi yerləşən 0.08 torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(058)- 611/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə Samux rayon VVADQ şöbəsində 181 sayla qeydə alınmış nikah pozulmuş, tərəflərin azyaşlı övladları 11 sentyabr 2007-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 iddiaçını himayəsində saxlanılması qət edilmişdir. xx.xx.2025-ci il tarixli Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilən rəydən görünür ki, İddiaçı məxsus Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin dəyəri 17005,7 (on yeddi min beş manat yeddi qəpik) təşkil edir. Məhkəmə iddia tələbinin hüquqi əsası kimi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 239.2-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddia tələbində sözügedən, Samux rayonu İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının qızı ilə evləndikdən sonra birgə nikah dövründə iddiaçının razılığı ilə iddiaçıya məxsus həmin torpaq sahəsi üzərində ev inşa etmişlər, lakin evin mülkiyyət sənədi yoxdur. Hazırda iddiaçının qızı ilə cavabdehin nikahları pozulmuşdur. Buna baxmayaraq cavabdeh iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan, sözügedən torpaq sahəsində yerləşən həmin evdə yaşamağa davam edir. İddiaçı cavabdehə 9000 manat kompensasiya təklif etməklə cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində yerləşən evdən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində yerləşən evdən çıxarılması tələbi əsaslı olmaqla yanaşı cavabdehə təklif etdiyi kompensasiya məbləği də uyğun və ağlabatandır. Belə ki, mübahisəli evə dair mülkiyyət sənədinin olmamasına baxmayaraq həmin evin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində yerləşməsi halı işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçının cavabdehə qarşı onun mülkiyyətində olan daşınmaz əmlakdan çıxarılması tələbini irəli sürmək hüququ qanunun mülkiyyətçiyə verdiyi hüquqlardan irəli gəlir və tamamilə əsaslı bir tələbdir. Həmçinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş həmin evə dair iddiaçının gözlənilən mülkiyyət hüququnun olması da istisna deyil. Eyni zamanda işin mübahisəsiz hallarından biri də sözügedən evin iddiaçının razılığı ilə iddiaçının qızı ilə cavabdehin birgə nikah dövründə inşa edilmiş olmasıdır. Belə olan halda cavabdehin həmin evə çəkilmiş xərcin ½ hissəsinə payının olması danılmazdır. Məhz bu hal səbəbilə də iddiaçı cavabdehin həmin evdən çıxarılmasını kompensasiya təklif etməklə tələb edir. Məhkəmənin müvafiq qərardadına əsasən verilmiş ekspert rəyinə əsasən sözügedən evin inşa edilməsinə çəkilmiş xərcin 17005,7 (on yeddi min beş manat yeddi qəpik) manat olduğu müəyyən edilmişdir. Həmin məbləğin ½ hissəsi (ev iddiaçının qızı ilə cavabdehin birgə nikah dövründə tikilmiş olması səbəbilə) cavabdehin payına düşdüyündən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə təklif etdiyi kompensasiyanın məbləği də tamamilə uyğun və ağlabatan məbləğdir. Ona görə də məhkəmə iddia tələbini əsaslı hesab edir və təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə, cavabdeh iddiaçıya məxsus Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsində inşa edilmiş evdən çıxarılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar