Məhkəmə qərarları › İş №2(058)-712/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-712/2025

23.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-712/2025 23.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1974-cü il tarixdə Ermənistan Respublikası Abovyan rayon Zar kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası Abovyan rayon Zar kəndində anadan olmuş. Atası mərhum X1 X2 ilə birgə nikahından dörd övladı anadan olmuşdur. Ermənistanda yaşayanda ona erməni dilində doğum haqqında şəhadətnamə verilmişdir. Məlum hadisələr zamanı yaşamaq üçün Samux rayon Seyidlər kəndinə köçmüşdür. xx.xx.1992-ci ildə Samux Rayon Seyidlər kənd sakini X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Hazırda həmin kənddə yaşayır. O, erməni dilində olan şəhadətnamənisi itirmişdir. Bu səbəbdən qeydiyyat şöbəsinə də müraciət etmiş, lakin onun ərizəsi qeydiyyat şöbəsi tərəfindən təmin edilməmiş, ona hüquqları izah olunmaqla, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də doğum haqqında şəhadətnamənin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, onun şəxsiyyət vəsiqəsi olmasına baxmayaraq doğum haqqında şəhadətnaməsini itirdiyi üçün doğum faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İş materiallarına əlavə edilən Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1974-cü il tarixdə Ermanistan Respublikası Ellər rayonunda doğulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun müraciətinə dair məsələnin qeydiyyat şöbəsi tərəfindən həllinin mümkün olmadığı bildirilərək ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə ərizənin rədd edilməli olması qənaətini onunla əsaslandırır ki, ərizəçinin doğum faktının məhkəmə qaydasında müəyyən olunması üçün heç bir əsas və lüzum yoxdur. Belə ki, ərizçinin izahatından və iş materiallarından aydındır ki, ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsi mövcuddur. Məlumdur ki, şəxsiyyət vəsiqəsi şəxsin hansı tarixdə və harada doğulmasını, onun kimliyini müəyyən edən sənəddir və həmin sənədin mövcudluğu doğum faktının məhkəmə qaydasına yenidən müəyyən edilməsi zərurətini istisna edir. Məhz bu əsasla məhkəmə, ərizənin təmin olunmasını yolverilməz hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar