Məhkəmə qərarları › İş №2(059)-1/2024

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-1/2024

28.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-1/2024 28.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Siyəzən şəhər bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Siyəzən şəhər bələdiyyəsinin Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin 20 may 2015-ci il tarixli, 2(059)-250/2015 saylı qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, həmçinin ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə həvalə edilməklə, iş üzrə ekspertiza rəyi alınanadək icraat dayandırılmışdır. Lakin, 20 may 2015-ci il tarixdən 09 fevral 2024-cü il tarixədək sözügedən qərardadın icrası təmin edilməmiş, habelə dəfələrlə verilmiş sorğular əsasında, nəhayət əldə edilməsi mümkün olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16 yanvar 2024-cü il tarixli, 3-21-3-31/2-149/2024 saylı məktubuna əsasən hazırda nömrəsi 2(059)-1/2024 olan mülki işlə bağlı qeyd olunan idarədə heç bir məlumatın olmadığı aşkar edilmişdir. Eyni zamanda, sözügedən mülki iş təkrarən Siyəzən Rayon Məhkəməsinin dəftərxanasında və arxivində axtarılmış, habelə tapılmadığı üçün bu barədə 09 fevral 2024-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Göründüyü kimi hazırda nömrəsi 2(059)-1/2024 olan mülki iş nə ekspertizanın aparılması həvalə edildiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, nə də Siyəzən Rayon Məhkəməsində aşkar edilməmiş, habelə naməlum şəraitdə itirilmişdir. Bundan başqa, iddiaçı Siyəzən şəhər bələdiyyəsinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda nömrəsi 2(059)-1/2024 olan mülki iş üzrə icraatın təzələnməklə, itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, habelə ərizəsində işin sənədlərinin iddiaçı bələdiyyədə qalmaması ilə bağlı yenidən toplanmasının mümkün olmadığını, 20 may 2015-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahatlarının deyil, fikirlərinin dinlənilməklə, ekspertizanın təyin edildiyini, yəni işə mahiyyəti üzrə baxılmağa başlanılmadığını bildirmişdir. Siyəzən Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(059)-01/2024 nömrəli qərardadı ilə, mülki işlə bağlı itirilmiş icraatın bərpa edilməsi məsələsinə baxılması zərurətinə görə hazırda nömrəsi 2(059)-1/2024 olan mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə baxış iclası 28 fevral 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Siyəzən şəhər bələdiyyəsinin nümayəndəsi Nümayəndə işin mahiyyəti üzrə baxılmasını tələb etməyərək, izahatında göstərdi ki, hazırda həmin iş üzrə mübahisə aradan qalxdığından, eləcə də Cavabdeh vəfat etdiyindən, həmçinin bu iş üzrə zəruri materialların bərpası mümkün olmadığından mülki işin məhkəmə icraatı bərpa edilmədiyi əsasına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh vərəsələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, ona görə də məhkəmə cavabdehin vərəsələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, məhkəmə icraatı işə mahiyyət üzrə baxılana kimi itdiyindən, həmçinin məhkəmə aktını tam bərpa etmək üçün toplanmış materiallar kifayət etmədiyindən işin icraatına xitam verilməlidir. «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi haqqında» Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş 1 nömrəli Əlavənin 2-ci bəndində göstərilir ki, itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Qeyd olunan Məcəlləyə edilmiş 1 nömrəli Əlavənin 7-ci bəndində göstərilir ki, məhkəmə icraatı işə mahiyyət üzrə baxılana kimi itirildikdə, bu Əlavə ilə müəyyən edilmiş qaydada bərpa edilmir. Belə halda iddiaçı yeni iddia qaldırmağa haqlıdır. Məhkəmə icraatının itirilməsi ilə əlaqədar yeni iddia ilə iş başlanması qərardadında həmin hal mütləq göstərilməlidir. Bu Məcəlləyə edilmiş 1 nömrəli Əlavənin 11-ci bəndinə görə itirilmiş icraat üzrə məhkəmə aktını tam bərpa etmək üçün toplanmış materiallar kifayət etmədikdə, məhkəmə bu icraata xitam verir və işdə iştirak edən şəxslərə ümumi qaydada iddia qaldırmaq hüququnu izah edir. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı Siyəzən şəhər bələdiyyəsinin Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddiası üzrə 2(059)-1/2024 saylı mülki işin məhkəmə icraatı bərpa edilmədiyi əsasına görə iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, iddiaçı Siyəzən şəhər bələdiyyəsinə həmin tələb üzrə ümumi qaydada yenidən iddia qaldırmaq hüququ izah olunmalıdır. Şərh olunanlara, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264cü maddələrinə və «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi haqqında» Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş Əlavənin 11-ci bəndinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı Siyəzən şəhər bələdiyyəsinin Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddiası üzrə 2(059)-1/2024 saylı mülki işin məhkəmə icraatı bərpa edilmədiyi əsasına görə iş üzrə icraata xitam verilsin. İddiaçı Siyəzən şəhər bələdiyyəsinə həmin tələb üzrə ümumi qaydada yenidən iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar