Məhkəmə qərarları › İş №2(059)-101/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-101/2021

17.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-101/2021 17.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “torpaq üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbi barədə iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin sahibi olduğu torpaq sahəsinin cavabdehdən alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, yaşadığı Siyəzən rayonu, Qozağacı kəndində ona və ailə üzvlərinə dövlət tərəfindən 4,11 ha pay torpaq sahəsi ayrılmışdır. 20 ildən çox olar sahibi olduğu torpaq sahəsindən mülkiyyətçi olsa da, istifadə edə bilmir. Buna səbəb isə cavabdeh ilə torpaq sahələrinin sərhədlərinin məlum edilməməsidir. Bunun üçün keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Xidmətinə müraciət etmiş, nəticədə 28 iyul 2020-ci il tarixdə "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən torpağın bütün döngə nöqtələrinin koordinatları ona və cavabdehə tanıdılmışdır. Buna baxmayaraq, cavabdeh qanunlara məhəl qoymadan torpaq sahəsinə traktor salaraq əkib-becərmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq COVİD 19 xəstəliyi ilə əlaqədar vaksin olunmadığı üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iclasın İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq onkoloji xəstə olmaqla, yanaşı COVİD 19 xəstəliyi ilə əlaqədar vaksin olunmadığı üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən 30 iyun 2016cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Qozağacı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4,1178 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin adına hər birinə 1/5 hissədə olmaqla, dövlət qeydiyyatına alınmışdır. Mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Siyəzən Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(059)-101/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin 01 sentyabr 2021-ci il tarixli, A-204 saylı mütəxəssis arayışından görünür ki, iddiaçı və cavabdehin faktiki istifadə etdikləri torpaq sahələri ilə ƏMDK-nın elektron baza məlumatlarındakı xəritələr arasında kəskin fərq yarandığından Siyəzən Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qərardadında qoyulmuş sualların cavablandırılmasının Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş " torpaqların elektron kadastr uçotu informasiya sistemi”nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssislərin istifadəsinə verildikdən sonra mümkün olacağı göstərilmişdir. İşdə olan 20 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən ekspert məlumatı, mütəxəssis arayışı, mübahisə predmeti olan torpaq sahəsinin ölçü planı, eləcə də işin faktiki halları ilə müəyyən edildi ki, Siyəzən rayonunun Qozağacı kəndində yerləşən iddiaçının ailə üzvləri ilə paylı mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə münasibətdə cavabdeh tərəfindən hər hansı bir formada maneələr yoxdur. Belə ki, iddiaçı, cavabdehin mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsi nəticəsində onun mülkiyyətindən iqtisadi baxımdan səmərəli istifadəsinə maneçilik yarandığını göstərsə də, o, istinad etdiyi bu halları əsaslandıra bilməmiş, habelə cavabdehin hərəkətlərinin onun hansı hüquqlarına nə kimi təsir göstərdiyini sübut edə bilməmişdir. Belə ki, mütəxəssis arayışına əsasən iddiaçı və cavabdehin faktiki istifadə etdikləri torpaq sahələri ilə ƏMDKnın elektron baza məlumatlarındakı xəritələr arasında kəskin fərq yarandığından paylı mülkiyyətdə olan torpaq sahəsinin tutulub-tutulmamasının müəyyənləşdirilməsi mümkün olmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarına hər hansı bir formada müdaxilənin olması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Yəni, iddiaçı cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar