Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-143/2024 26.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı cavabdehlər Cavabdeh1 X1 Bank Kredit Təşkilatına və Cavabdeh2 qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1 X1 Bank Kredit Təşkilatına və Cavabdeh2 qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qeyri Bank Kredit Təşkilatı ilə onun arasında 07 iyun 2013-cü il tarixdə bağlanılmış zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının MPMnin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Cavabdeh2 iddia ərizəsində cavabdeh qismində göstərilsə də, sonuncuya qarşı hər hansı bir formada tələb irəli sürülməmişdir. Bu isə qeyd olunan cavabdehin formal cəhətdən sözügedən siyahıya daxil edildiyinə dəlalət etməklə, yanaşı bunun hazırkı mübahisəyə Siyəzən Rayon Məhkəməsində baxılmasına hüquqi əsas formalaşdırmaq niyyətinin olması təəssüratını yaradır. Halbuki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsi). Buna görə də mülki prosessual qanunvericiliyə əsasən Cavabdeh2 cavabdeh kimi hazırkı işdə iştirakı istisna edilir. İş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsi isə işə ağlabatan müddətdə baxılmasında yarana biləcək çətinliyin aradan qaldırılmasına və şəxsin pozulmuş hüquqlarının səmərəli, habelə daha tez bərpa edilməsinə şərait yaradır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Elektron məhkəmə informasiya sistemindən vergi ödəyicilərinin məlumatları barədə çıxarışdan görünür ki, Cavabdeh1 X1 Bank Kredit Təşkilatının hüquqi ünvanı Bakı şəhərinin Nəsimi rayonundakı ünvan 1 Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi həmin norma imperativ xarakter daşımaqla iddia ərizəsinin cavabdehin ünvanının olduğu yerin məhkəməsinə verilmə qaydasını müəyyən edir. Beləliklə, məhkəməyə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan əlavə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən İddiaçı məhkəməyə müraciət edən zaman dövlət rüsumunu ödənilmədiyi aşkar edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Qeyd olunan Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yenə bu Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla ərazi aidiyyəti üzrə məhkəməyə, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 X1 Bank Kredit Təşkilatına və Cavabdeh2 qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-143/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-143/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver