Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-15/2020 07.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı X2, Cavabdeh iştirakları ilə iddiaçı X2 Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş sahənin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması, iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin zəbt etdiyi sahədə özbaşına tikililərin onun hesabına sökülməsi, həmin ərazinin təmizlənməsi və əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh tərəfindən ona vurulan 500 manat mənəvi zərərin və dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, nikahı pozulduqdan sonra soyadının dəyişməsi və yeni şəxsiyyət vəsiqəsinin alması ilə əlaqədar soyadının “Rüstəmova” soyadına dəyişməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, o, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1, ev 10 ünvanında yerləşən ailəvi yataqxananın birinci mərtəbəsində cavabdehlə divar qonşusu olmaqla, ailəsi ilə birlikdə yaşayır. Cavabdehin yaşadıqları otağın girişində və qərb tərəfində özbaşına əlavə tikililər aparması nəticəsində onların mənzildən istifadə hüquqları məhdudlaşmışdır. Belə ki, cavabdehin apardığı qanunsuz tikintilər nəticəsində yaşayış otağının yeganə pəncərəsi ləğv edildiyindən hazırda otaqda havasızlıq səbəbindən iki azyaşlı uşaqlar da daxil olmaqla ailəliklə nəfəs ala və bu səbəbdən də mənzildə rahat yaşaya bilmirlər. Bundan əlavə, cavabdehin özbaşına tikdiyi otağın dördüncü divarı, onun otağının divarından istifadə etməklə inşa edildyindən, soyuq havalarda bu otaqda yaşamaq qeyri-mümkün olur. Həmçinin, cavabdeh müxtəlif vaxtlarda yaşayış otağının giriş hissəsində müəyyən haqq müqabilində kənar şəxslərə aid müxtəlif işlər yerinə yetirir, o cümlədən xalça və çirkli yun yuyur. Bu da nəticədə, onun yaşadığı otağın daxili divarının nəmişlikdən kif bağlamasına, o cümlədən bir otaqdan ibarət yaşayış sahəsinin yaşayış üçün yararsız vəziyyətə düşməsinə səbəb olur. Eyni zamanda, otağa giriş-çıxış zəbt olunmuş sahədən keçdiyindən, cavabdeh mütəmadi olaraq, qəsdən, ona sataşmaqla nalayiq ifadələr işlədir. Bundan başqa, cavabdeh binanın ümumi kanalizasiyasını zəbt edərək onların ora qoşulmaları üçün ondan 50 manat pul tələb etmiş, o isə buna irad bildirdikdə bacılarını üstünə gətirdərək onu, susturmuş, mübahisə böyüməsin deyə qardaşı cavabdehin tələb etdiyi 50 manat pulu verərək, mübahisənin dava-dalaşa çevirilməsinin qarşısını almışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə binanın mülkiyyətçisinə dəfələrlə şikayətlər edilmiş, mülkiyyətçi isə bu barədə polisə müraciət etmiş, sonuncular isə cavabdehdən izahatlar almışdır. Lakin, polisin müvafiq tədbirləri də cavabdehin qanunsuz əməllərinin qarşısını almasında aciz qalmışdır. Hazırda binada yaşayanların yarıdan çoxu cavabdehin qanunsuz tikililərinin yaratdığı maneələrdən və onun qərəzli hərəkətlərindən əziyyət çəkir. Odur ki, cavabdehin özbaşına apardığı yaşayış təyinatlı tikililər sökülməli və onun birgəyaşayış qaydalarına zidd etdiyi qanunsuz əməllərə son qoyulmalıdır. Cavabdeh tərəfindən zəbt edilmiş ərazidə aparılmış özbaşına tikililərə görə əmlaklarından istifadə hüquqları məhdudlaşmış, habelə zəruri hallarda yaşayış sahələrində yaxşılaşdırma və təmir-bərpa işlərinin həyata keçirilməsinə maneələr yaranmışdır. Bu səbəbdən də, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi məqsədi ilə dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin rəhbərliyinə şikayətlər etsələr də, cavadeh bu qurumun da, qanuni tələblərinə məhəl qoymmamışdır. Həmçinin, hazırda cavabdehdən onun xeyrinə mənəvi zərərə görə hər hansı bir məbləğin tutulmasını istəmir. Belə ki, iddia tələbində cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, mənəvi zərərin vurulmasını təsdiq edəcək dəlilləri olmadığına görə, bu hissədə iddianı müdafiə etmir.Bununla belə, qeyd olunanları nəzərə alaraq iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ünvan 1, ev 10 ünvanında yerləşən dövlət mənzil fonduna aid yaşayış binasında yaşayır. Təxminən 18 il bundan əvvəl mübahisə predmeti olan tikilinin yarısını, qalan yarı hissəsini isə 3 il bundan əvvəl inşa etdirmişdir. Həmin ərazini qonşusundan qeyri-rəsmi qaydada almış və sonradan tikinti işləri aparmışdır. Mövcud tikilinin hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Qeyd edir ki, bina sakinlərinin demək olar, hamısı əlavə tikililər inşa etmişlər. Odur ki, iddia tələbini əsassız hesab edərək təmin edilməməsini xahiş edir. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan da, baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərinizahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin keçmiş rəisi X8 ilə X4 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, bu müqavilə ilə X6 şəhəri, Nizami küçəsi 45 ünvanında yerləşən “Ailəvi yataqxana”dan yaşayış sahəsi 19,76 kv.m olan 1 otaqlı yaşayış sahəsi ayrılmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-15/2020 saylı yerində müayinə protokolundan görünür ki, baxış zamanı iddiaçının istifadəsində olan yaşayış sahəsinə girişdən keçərkən iç-içə olan 2-ci otaqda qapı ilə üzbəüz nisbətən sağa yuxarı tərəfdə hündürlüyü 82 sm., eni 1 m olan pəncərə yeri olsa da, həmin pəncərə yerinin bağlandığı müəyyən edilmiş, cavabdehin istifadəsində olan yaşayış sahəsinin giriş hissəsindən sağ tərəfdə yerləşən otaqda iddiaçının istifadəsində olan yaşayış sahəsinin hündürlüyü 82 sm., eni 1 m olan pəncərə yerinin bağlandığı aydın görünmüşdür. Eyni zamanda, pəncərə yerinin qarşısı cavabdeh tərəfindən 4,3x6 m ölçüdə olan inşa olunan yardımçı tikili ilə bağlanmış və iddiaçının otağına düşən təbii işığın qarşısı alınmışdır. Həmçinin, iddiaçının istifadəsində olan otağa tikilinin digər hissələrindən də işıq düşmədiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 27204 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən “Siyəzənneft” NQÇ-nin balansında olan subaylar yataqxanasının sxemindən göstərilən iddiaçının istifadəsində olan tikilinin pəncərələrinin qarşısı cavabdeh tərəfindən bağlanaraq 4,3x6 metr ölçüdə yardımçı tikili inşa olunmuş və cavabdeh tərəfindən istifadəsində olan tikilinin pəncərə yerindən inşa olunmuş əlavə tikiliyə qapı açılmışdır. Həmçinin, rəydən görünür ki, “Siyəzənneft” NQÇ-nin balansında olan subaylar yataqxanasının sxemində nəzərdə tutulan pəncərənin qarşısı cavabdeh tərəfindən tikili inşa olunaraq bağlanmış və iddiaçının istifadəsində olan tikiliyə digər hissələrdən təbii işıq düşmədiyi üçün həmin tikili otağa düşən təbii işığın qarşısını kəsir ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89* un 1.3-cü bəndinin tələblərinə ziddir. Eyni zamanda, rəylə cavabdeh tərəfindən inşa olunmuş tikilinin iddiaçının otağına düşən təbii işığın qarşısını kəsdiyi üçün və yaşayış otağı təbii işıqla təmin olunmadığını nəzərə alaraq, həmin tikilinin ünvanda normal mənzil şəraitində yaşamağa təsir göstərdiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci cəmi 156,20 (bir yüz əlli altı manat 20 qəpik) manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 10 (on) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Beləliklə qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi; ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması; ictimaiyyətin məlumatlandırılması prinsipləri əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinin 1-ci hissəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Həmin Məcəllənin 12.5-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Qeyd olunan Məcəllənin 14-cü maddəsinin İ və İİ hissələrinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Bu Məcəllənin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Məhkəmə iclasında işin faktiki halları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş mötəbər sübutlar, eləcə də ekspert rəyi ilə müəyyən edildi ki, Cavabdeh ünvan 1, ev 10 ünvanında iddiaçı Xanım Rüstəmovanın istifadəsində olan tikilinin pəncərə yerinin qarşısında yataqxananın texniki pasportunda öz əksini tapmayan 4,3x6 metr ölçüdə yardımçı tikili inşa etdirməklə, oranın texniki planına zidd olaraq dəyişikliklər etmiş, nəticədə iddiaçının istifadəsində olan yaşayış sahəsinin pəncərə yeri bağlanmış, bununla da sonuncunun otağına düşən təbii işığın qarşısı alınmışdır. Bu isə cavabdeh tərəfindən inşaat norma və qaydalarına zidd olaraq inşa olunmuş mübahisəli tikilinin iddiaçıya normal mənzil şəraitində yaşamasına mənfi cəhətdən təsir göstərməsinə dəlalət edir, habelə belə bir tikilinin mövcudluğu iddiaçının qanunla qorunan hüquq və azadlıqlarını pozur. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Bu Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Yenə bu Məcəllənin 27-ci maddəsinin 1-ci və 5-ci hissələrinə əsasən Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 1.2-ci bəndinə görə bu qaydalar binaların və qurğuların dayanıqlığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü təmin edən normativ sənədlərin tələblərinin pozulması hallarının; ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin qarşısının alınması məqsədini daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, ünvan 1, ev 10 ünvanında Cavabdeh tərəfindən bu yataqxananın texniki planına zidd olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan yenidənqurma işləri aparılmış, bunun nəticəsində həmin ünvanda tərəflər arasında birgəyaşayış qaydaları pozulmuşdur. Buna görə də, iddiaçının normal və layiqli həyat şəraiti təmin edilməlidir. "Mahmudov Rusiyaya qarşı" iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X10 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən toplanmış sübutlara, eləcə də, tərəflər arasında olan qarşılıqlı münasibətlərə məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1, ev 10 ünvanında iddiaçıX2 istifadəsində olan tikilinin pəncərə yerinin qarşısında Cavabdeh tərəfindən 4,3x6 metr ölçüdə inşa edilmiş yardımçı tikili cavabdehin hesabına sökülərək, həmin ərazi təmizlənməklə, əvvəlki vəziyyətinə qaytarılmalıdır. Həmçinin, tələbin cavabdehdən mənəvi zərərin əvəzinin tutulması hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı iddiaçı X1, 50 %-i, yəni qalan 50 (əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci cəmi 156,20 (bir yüz əlli altı manat 20 qəpik) manat məbləğində pulun 50 %-i, yəni 78,10 (yetmiş səkkiz manat 10 qəpik) manatı iddiaçı X1, 50 %-i, yəni qalan 78,10 (yetmiş səkkiz manat 10 qəpik) manatı isə Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" X7 1 saylı Xətai filialındakı hesablaşma hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun 50 %-i, yəni 5 (beş) manatı Cavabdeh tutularaq iddiaçıX2 xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 1, ev 10 ünvanında iddiaçıX2 istifadəsində olan tikilinin pəncərə yerinin qarşısında Cavabdeh tərəfindən 4,3x6 metr ölçüdə inşa edilmiş yardımçı tikili cavabdehin hesabına sökülsün, həmin ərazi təmizlənməklə, əvvəlki vəziyyətinə qaytarılsın. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun 50 %-i, yəni 5 (beş) manatı Cavabdeh tutularaq iddiaçıX2 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı iddiaçı X1, 50 %-i, yəni qalan 50 (əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci cəmi 156,20 (bir yüz əlli altı manat 20 qəpik) manat məbləğində pulun 50 %-i, yəni 78,10 (yetmiş səkkiz manat 10 qəpik) manatı iddiaçı X1, 50 %-i, yəni qalan 78,10 (yetmiş səkkiz manat 10 qəpik) manatı isə Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" X7 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank)**********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-15/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-15/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver